Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə64/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   60   61   62   63   64   65   66   67   ...   175
1 Multikulturalizmə giriş 2019

4.1.1.3. Dini mətnlər
Qeyd etdiyimiz kimi, zərdüştiliyin dini mətnlər toplusu “Avesta” adlanır. 
Bu sözün mənası ilə bağlı mütəxəssislər arasında ortaq fikir olmasa da, pəhləvi 
ədəbiyyatında bu kəlmə “əsas”, “qanunlar külliyyatı”, “təsbit edilmiş”, “mədh”, 
“din”, “iman”, “vəhy” kimi anlamlarda işlədilir. 
“Avesta” bir neçə dəfə məhv edildiyindən, dövrümüzədək tam şəkildə 
çatmamış və bir çox hissəsi nəsildən-nəslə əzbərlənərək ötürülmüşdür. 
Rəvayətlərə görə, Zərdüştün Ahura Mazdadan aldığı vəhylər bu peyğəmbərə 
himayədarlıq edən hökmdar Kavi Viştaspa tərəfindən bir yerə yığılmış və 12 
min öküz (inək) dərisi üzərində qızıl hərflərlə yazılmışdır. Lakin Əhəmənilər 
imperiyasını süquta uğradan Makedoniyalı İsgəndər (e.ə.356 – e.ə.323) “Avesta”
mətnlərinin əksər hissəsini məhv etmiş, bir qisminin isə yunan dilinə tərcümə 
olunmasını əmr etmişdir. 
Ehtimal olunur ki, Parfiya hökmdarı I Vologez bizim eranın I əsrində 
nəsildən-nəslə şifahi şəkildə ötürülən, yaxud ayrı-ayrı yazılı parçalar halında 
saxlanılan “Avesta” mətnlərini bir yerə toplamağa və sistemləşdirməyə səy 
göstərmişdir. Həmçinin “Avesta” mətnlərinin toplanması, sistemləşdirilməsi və 
redaktə edilməsi işi bizim eranın III-VI əsrlərində Sasanilər imperiyası dövründə 
də davam etdirilmişdir.
“Avesta”nın müasir dövrə gəlib çatmış hissələri aşağıdakılardır: 
1. “Yasna”
(Avesta dilində “ehtiram”, “pərəstiş” mənasına gəlir- Red.) – 
“Avesta”nın əsas kitabıdır. 72 fəsildən ibarət olan bu kitabın 17 fəslini “Avesta”nın 


145
MİLLİ DİNLƏR 
ən qədim hissəsi olan “Qat”lar (Avesta dilində “dini nəğmə”, “təntənəli nəğmə” 
anlamına gəlir) təşkil edir. “Yasna”ya Zərdüştün xeyir tanrısına müraciəti və 
duaları daxildir ki, bunlar zərdüştilərin dini ayin və mərasimləri zamanı oxunur; 
2. 
“Vendidad”
və ya “Videvdat” (Avesta dilində “devlər əleyhinə 
qanun” mənasına gəlir- Red.). “Avesta”nın bu hissəsi 22 fəsildən ibarətdir. 
“Vendidad”ın birinci və ikinci fəsillərində kainatın yaradılması və əfsanəvi 
Cəmşid (Cümşüd) hökmdar haqqında hekayələr yer alıb. 19-cu fəsildə şər tanrısı 
Anqra-Manyunun Zərdüştü yolundan azdırmağa çalışması, lakin peyğəmbərin 
ona aldanmayaraq Ahura Mazdaya tabe olmasından danışılır. “Vendidad”ın 
digər fəsillərində əsasən dini hökmlər əks olunub. Bu fəsillərdə paklanma 
və yas saxlama qaydaları, qadağan olunmuş əməllər, xeyriyyəçiliyin fəziləti, 
axirətdəki mükafat, Zərdüştilikdə müqəddəs sayılan təbiət ünsürləri barədə bəhs 
olunur, eləcə də bəzi heyvanlara (öküz, it, susamuru, xoruz) xüsusi qayğının 
göstərilməsi, əkinçiliyin faydaları və digər mövzulara toxunulur;
3. 
“Vispered”
(Avesta dilində “bütün fəsillər” deməkdir- Red.). “Yasna” 
kitabına əlavədir. 24 fəsildən ibarət olan “Avesta”nın bu hissəsinə “ratu”lara 
edilən dua və müraciətlər daxildir. Burada “ratu” (Avesta dilində “nümunə”, 
“örnək” mənasına gəlir) dedikdə, ilk növbədə, hər hansı qrup və ya növün 
başçısı, himayəçisi nəzərdə tutulur. Məsələn, Zərdüşt insanların, buğda dənli 
bitkilərin “ratu”su sayılır; 
4. 
“Yaşt”
 
(Avesta dilində “ehtiram göstərmək”, “pərəstiş etmək” deməkdir 
– Red.) –Ahura Mazda və xeyir qüvvələrinə həsr olunmuş 22 himndən ibarətdir; 
5. 
“Xorda Avesta”
(fars dilində hərfi mənada “Kiçik Avesta” deməkdir – 
Red.) – gündəlik dualar məcmuəsidir. Bu duaların bir çoxu “Avesta”nın digər 
hissələrindən götürülmüşdür. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin