Tədqiqatın metodları. Dissertasiya yazılarkən dil haqqında olan ən doğru təlim və tədqiqatlar əsas götürülmüş, tarixi-müqayisəli, təsviri və statistik metodlardan istifadə olunmuşdur. Dissertasiyada şərhi verilən bütün məsələlərə diaxronik və sinxronik aspektdən yanaşılmışdır. Tarixi-diaxronik və təsviri-sinxronik aspektdə axtarışlar ktematonimlərin öyrənilməsi üçün əsas metodlar kimi seçilmişdir.
Müdafiəyə çıxarılan əsas müddəlar:
– Ktematonimlər onomastik vahidlərin digər qrupları ilə müqayisədə tərkibcə geniş və çoxşaxəlidir. Ancaq buna baxmayaraq ən az tədqiq olunan dilçilik sahəsidir.
– Xrematonimlər mövcud təsnifata nəzərən daha geniş sərhəddə malikdir, adətən simvolik funksiya daşıyır. Verilən ad dinləyicilərdə obyektə qarşı müəyyən hisslər formalaşdırır. Xrematonimlər diğər ktematonimlərlə müqayisədə daha çox etimologiyaya əsaslanır.
– Qədim dastanlarımızda işlənən xrematonimlər və eləcə də “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən xrematonimlər müasir Azərbaycan ədəbi dilində və dialektlərində həm olduğu kimi, həm də fonetik dəyişikliyə uğramış şəkildə işlənməkdədir.
– Xrononimlər xalqın yaxın və uzaq keçmişini əks etdirən onomastik vahidlərdir. Onomavahidlər içərisində tarixlə sıx bağlı olan, özündə ətraflı məlumat daşıyan məhz xrononimlərdir. Xrononimlər əsasən konkret zaman çərçivəsini göstərir.
– İdionimlər mənəvi mədəniyyətlə bağlı olan onomastik vahidləri öyrənir. Bu başlığa məktəbdə tədris olunan fənn adlarını, fəlsəfi cərəyan, ideologiya, nəzəriyyə adlarını, eyni zamanda domen ünvan adlarını da əlavə etmək olar.
– Erqonimlər idarə, təşkilat – bir sözlə, ictimai obyektlərin adını öyrənir. Ktematonimlər içərisində erqonimlərdə baş verən dəyişiklik digər onomavahidlərlə müqayisədə daha çox nəzərə çarpır. Bu xüsusiyyətinə görə xrematonimlərlə əks qütbdə dayanır.
Dostları ilə paylaş: |