Meşə çiyələyinin müalicəvi xassələri. Meşə çiyələyi susuzluğu yaxşı söndürür, iştahanı atırır və qidanın həzminə müsbət təsir göstərir. Təzə giləmeyvələr xüsusən ürək xəstəliklərində, aterosklerozda, hipertoniyada, mədə xorasında, öd kisəsi və sidik kisəsinin daşı xəstəliklərində, podaqrada və qanazlığında çox xeyirlidir. Duz mübadiləsinin pozulmasında da meşə çiyələyi istifadə etmək məqsədəuyğundur.
Meşə çiyələyinin şirəsi və sulu tinkturası tərgətirici və sidikqovucu təsirə malikdir. Sidikqovucu vasitə kimi yeməkdən əvvəl 2 xörək qaşığı giləmeyvənin 1 stəkan qaynayan suda hazırlanmış çayı yaxşı təsir göstərir. Müəyyən olunmuşdur ki, meşə çiyələyinin tərkibindəki fitonsidlərin sulu tinkturaya keçməsi bir çox xəstəliktörədici mikroblara öldürücü təsir göstərir. Ona görə də meşə çiyələyinin sulu tinkturası ağız boşluğunun, boğazın bəzi xəstəliklərində və ağızdan gələn xoşagəlməz qoxuya qarşı qarqara kimi istifadə olunur. Xaricə sürtmək üçün təzə meyvə əzintisi və ya şirəsindən müxtəlif dəri xəstəliklərinə və ekzemaya qarşı, eləcə də kosmetik vasitə kimi üzdəki çillərə, ləkələrə və sızanaqlara qarşı istifadə olunur. Geniş məsaməli yağlı dəri üçün kosmetologiyada meşə çiyələyindən maska etmək məsləhət görülür. Bu məqsədlə 1 qaşıq meşə çiyələyi şirəsi ilə 1 ədəd yumurta ağından hazırlanmış qarışıq üzə yaxılır.
Çiyələyin qurudulmuş yarpaqlarından moruq meyvəsi ilə birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərdə tərlədici və qızdırmasalıcı vasitə kimi istifadə olunur. Xalq təbabətində yarpaqlardan və kökündən hazırlanan həlimdən ishala, sarılığa, vərəmə, sidikdaşı xəstəliyinə qarşı, şişlərə və boğaz ağrılarında qarqara məqsədilə istifadə olunur. Kökündən hazırlanmış həlimdən qanlı ishala və babasilə qarşı istifadə etmək daha səmərəlidir. Yarpaqlarından və qurudulmuş çiçəklərindən hazırlanan çay soyuqdəyməyə qarşı içilir. Köhnəlmiş və irinli yaralar, bəzi ekzemalar təzə və ya buxara verilmiş çiyələk yarpaqları ilə müalicə olunur. Zədələnmiş yerlərin üstünə belə yarpaqlar qoyulduqda yaralar irindən təmizlənir və tezliklə sağalır.
Dostları ilə paylaş: |