İslami dəyərlərə əsasən əncirin insan sağlamlığına faydaları
Əncir başqa meyvə və tərəvəzə nisbətən ən çox lifə malikdir. Təkcə 1 ədəd quru əncirdə 2 q lif (sellüloza) var. Bu da gündəlik ehtiyacın 20%-ni təşkil edir. Son 10-15 ildə aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün fəaliyyəti baxımından çox vacib olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə və bəzi xərçəng növlərinin yaranma ehtimalını aşağı salmağa kömək etdiyi bəllidir. Qida üzrə mütəxəssislər lif qəbulunun ideal yolu kimi lif baxımından zəngin olan əncir yeməyi tövsiyə edirlər.
Lifli qidalar həllolunan və həllolunmayanlara ayrılır. Həllolunmayan lif baxımından zəngin qidalar bədəndən atılan maddələrə su qazandıraraq bağırsaqlardan keçidi asanlaşdırır. Bununla da həzm prosesini sürətləndirərək onun sistemli fəaliyyətini təmin edir. Həll olunmayan lifli qidaların orqanizmi kolon xərçəngindən qoruması da müəyyən edilib. Həll olunan lifli qidaların isə qandakı xolesterin səviyyəsini 20%-dən çox aşağı saldığı təsdiq olunub. Buna görə də onlar ürək xəstəlikləri riskini azaltmaq baxımından böyük əhəmiyyət daşıyır. Əgər qanda çox miqdarda xolesterin varsa, bu qan damarlarında yığılır və damarların bərkiməsinə, daralmasına səbəb olur. Xolesterin hansı orqanın damarında yığılırsa, həmin orqana məxsus xəstəliklər meydana çıxır. Məsələn, ürəyi qidalandıran arteriyalarda xolesterin yığılarsa, sinə ağrısı, infarkt kimi problemlər yaranır. Böyrək damarlarında xolesterinin yığılması isə təzyiqin qalxması və böyrək çatışmazlığına səbəb ola bilər. Həllolunan liflərin qəbul edilməsi mədəni boşaldaraq qan şəkərinin nizamlanması baxımından da əhəmiyyətlidir, çünki qan şəkərindəki qəfil dəyişikliklər həyat üçün riskləri olan problemlərlə nəticələnə bilər. Qidalanmaları lif baxımından zəngin olan cəmiyyətlərin xərçəng və infarkt problemləri ilə daha az üzləşdiyi müəyyənləşdirilib.
Həllolunan və həllolunmayan liflərin hər ikisinin birlikdə olması isə sağlamlıq üçün ayrı bir üstünlükdür: hər iki lif növünün birgə olmasının xərçəngin qarşısını almaqda tək olan liflərə nisbətən daha təsirli olduğu müəyyən edilib. Əncirdə hər iki lif növünün – həm həllolunan, həm də həllolunmayan – birgə olması bu meyvəni çox əhəmiyyətli bir qidaya çevirir.
Corc Vaşinqton Universitetinin Tibb Mərkəzindəki Xəstəliklərdən Qorunmaq Institutunun (ABŞ) rəhbəri dr.Oliver Alabaster əncirdən belə bəhs edir: “…Burada həqiqi mənada sağlam və çox lif nisbətinə malik bir qidanı əlavə etmək imkanı var. Əncirləri və başqa çox lif balansına malik olan qidaları intensiv olaraq qəbul etmək…ömür boyu sağlamlığınız baxımından əhəmiyyət kəsb edir”.
Kaliforniya Əncir İstehsalı qurumuna (California Fig Advisory Board) görə, meyvə-tərəvəzdəki antioksidantlar insanları bir çox xəstəliklərdən qoruyurlar. Antioksidantlar bədənimizdəki kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri (sərbəst radikalları) təsirsiz hala gətirir və hüceyrənin məhvinin qarşısını alır.
Skrenton Universiteti (ABŞ) tərəfindən aparılan tədqiqatda müəyyən edilib ki, başqa meyvələrə nisbətən quru əncir antioksidant baxımından zəngin fenol tərkibinə daha çox malikdir. Fenol mikroorqanizmlərə öldürücü (antiseptik) bir maddə kimi təsir edir. Alimlərin bildirdiyinə görə, əncirdə fenolun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur.
Nyu-Cersidəki (ABŞ) Ratgers Universiteti tərəfindən aparılan tədqiqatda isə quru əncirin tərkibində olan omeqa-3, omeqa-6 yağ turşuları (EFA: Essential fatty acids: bədən üçün zəruri yağlar) ilə fitosterol (bitkilərdə mövcud olan yağvarı maddə) sayəsində xolesterini aşağı salan xüsusiyyət öyrənilib. Məlum olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bədəndə yarana bilməz, o qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliyyəti baxımından xüsusilə böyük əhəmiyyətə malikdir. Fitosterol isə heyvan mənşəli qidalardakı ürək və damar sağlamlığı baxımından təhlükəli olan xolesterinin yolunu tıxayaraq, onun qana qarışmamış bədəndən atılmasını təmin edir.
Kaliforniya Əncir İstehsalı qurumu tərəfindən “sanki təbiətin ən mükəmməl meyvəsi” adlandırılan əncir bəşərin bildiyi ən qədim meyvələrdən biri olsa da, o qida istehsalçıları tərəfindən yenidən kəşf edilir. Çünki qida dəyərinin yüksək olması və sağlamlıq üçün faydası bu meyvəyə xüsusi əhəmiyyət qazandırır.
Əncir, demək olar ki, hər xüsusi pəhrizin bir hissəsi ola bilər. Əncirin tərkibində təbii yağ, natrium və xolesterin olmadığı və çox lif nisbətinə malik olduğu üçün, o artıq çəkidən xilas olmağa çalışan adamlar üçün də əlverişli qidadır. Həmçinin, əncir məlum olan bütün meyvələrə nisbətən ən çox minerala malik meyvədir. 40 q əncirdə 244 mq kalium (gündəlik ehtiyacın 7%-i), 53 mq kalsium (gündəlik ehtiyacın 6%-i) və 1,2 mq dəmir (gündəlik ehtiyacın 6%-i) var. Əncirdə kalsium nisbəti çoxdur və bu baxımdan, meyvələr arasında portağaldan sonra ikinci yerdə gəlir. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsiumu təmin edir. Əncir uzunmüddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirilir. Fiziki və zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc verir. Əncirin ən mühüm qida dəyəri bu meyvənin 51-74%-ni təşkil edən şəkərdir. Əncir astma, öskürək və soyuqdəymə zamanı da müalicə məqsədilə qəbul edilməsi tövsiyə olunan meyvədir.
Burada haqqında qısaca danışdığımız əncirin faydaları Allahın insanlar üzərində mərhəmətinin daha bir göstəricisidir. Rəbbimiz zövqlə yeyilən bu meyvənin tərkibində insanın ehtiyac duyduğu maddələri onun sağlamlığına əlverişli olacaq bir nisbətdə, sanki paketlənmiş şəkildə istifadəyə verir. Allahın bu xüsusi nemətinin «Qurani Kərim»-də bildirilməsi də əncirin insanlar üçün əhəmiyyətinə bir işarə ola bilər (ən doğrusunu Allah bilir). Əncirin qida dəyərinin insanın sağlamlığı baxımından əhəmiyyətinin yalnız inkişaf edən tibb elmi və texnoloji imkanlarla müəyyənləşdirilməsi isə, əlbəttə, «Qurani Kərim»-ın hər şeyi bilən Allahın sözü olduğunun daha bir nümunəsidir.
Dostları ilə paylaş: |