Qara xaşxaş – Черный мак – Papaver somniferum L. Xaşxaş (Papaveraceae) fəsiləsindən ikiləpəli birillik, ikiillik və ya çoxillik ot bitkisidir. Bu fəsilənin 100-dən çox növü, o cümlədən Azərbaycanda 20 növü məlumdur. Meyvəsi qutucuqdur. Vətəni Aralıq dənizi ölkələridir.
Xaşxaşın 2 növü daha çox yayılmışdır. Təbabətdə yuxugətirici kimi opiy xaşxaşı, qənnadı sənayesində və çörəkçilikdə isə yağlı xaşxaş istifadə olunur. Opiy xaşxaşı ağ-sarımtıl rəngdə, yağlı xaşxaş isə boz-qara rəngdə olur. Tərkibində 46-56% yağ, 20%-ə qədər zülali maddə vardır. Xaşxaş yağından konserv istehsalında, ətriyyat və qənnadı sənayesində istifadə olunur. Opiy xaşxaşının tərkibində 20-dən çox alkaloidlər, zülali maddə, karbohidratlar, qatranlar, mum, yağ və piqmentlər vardır. Quru maddəyə görə opiy xaşxaşının tərkibində 12-16% morfin, 10-18% narkotin, 0,5-1,5% papaverin, 1-3% kodein vardır. Opiy xaşxaşından əczaçılıqda müxtəlif dərmanlar hazırlanır. Boz-qara rəngli yağlı xaşxaş isə çörəkçilikdə və qənnadı sənayesində istifadə olunur.
Ev şəraitində xaşxaşdan müalicəvi məqsədlə istifadə etmək məsləhət görülmür. Opiy xaşxaşından lazımi preparatlar əczaçılıq sənayesində hazırlanır və tibbidə geniş tətbiq edilir.
Dostları ilə paylaş: |