Vanil – Ваниль – Vanilla planifolia. Səhləb (Orchidaceae) fəsiləsindən çoxillik sarmaşan epifit liana bitkisinin yetişməmiş, qınşəkilli meyvəsindən ibarətdir. Vanil bitkisinin əsas vətəni Meksika sayılır, lakin bu bitki Seylonda, Yavada, eləcə də Braziliyada becərilir. Ətirli vanilin 100-ə qədər növü vardır.
Becərilən vanilin gövdəsinin uzunluğu 5-10 m-ə, yabanı halda isə 25 m-ə çatır. Əlavə kökləri vasitəsilə ağaclara sarmaşır. Gövdəsi silindrvarı, ətlidir. Yarpaqları parıldayan, iri və itidir. Çiçəkləri 15-20 ədəd, ağımtıl-sarı rəngli olub, hamaşçiçəkdə toplanmışdır. Meyvələri qınaoxşar qutucuq olub, uzunluğu 15-25 sm, eni isə 3-8 sm-dir. Ətirli vanil bitkisi istilik və kifayət qədər də nəmlik sevən bitkidir. Meksikanın şimal və dağlıq bölgələrində ən aşağı temperaturda (+30C+50C), illik yağmur 1500-2000 mm olan şəraitdə normal inkişaf edib meyvə verir. -50C şaxtalı küləklərə davamsızdır.
Vanil toxumla çətinliklə əkilib-becərilir. Ən çox vegetativ üsulla artırılır. Bu üsulla əkilib-becərildikdə vanilin 2-3 ildən sonra meyvə verir. Vanil kal yığılır, fermentasiya edilir, nəticədə tünd qəhvəyi rəng alır və ətirli olur. Onun qurudulmuş və fermentləşdirilmiş meyvələrinin tərkibində 0,75-2,9% vanilin maddəsi, 0,5-0,8% efir yağı, 4-oksi-metooksibenzolaldehid, selikli və aşı maddələri vardır. Yeyinti və ətriyyat sənayesində bunlardan ədviyyat kimi istifadə olunur.
Qeyd etmək lazımdır ki, vanil çox az becərilir və dünya bazarında baha qiymətə satılır. Biz xarici ölkələrdən vanil almırıq. Yeyinti sənayesində istifadə olunan vanilin maddəsinin 20 q-ı 1 kq təbii vanili əvəz edə bilər.
Vanilini evgenoldan, qvayakoldan və başqa üzvi birləşmələrdən sintetik üsulla alırlar. Ən yaxşı vanilin izoevgenolun oksidləşdirilməsi nəticəsində alınır. Sintez üsulu ilə alınan bu vanilin (4-oksi-3-metoksibenzaldehid) ağ kristallik tozdan ibarət olub, 81-820C temperaturda isə əriyır. Bunun içərisində azca kənar qatışıq olduğu zaman saralır və ya qəhvəyi rəng alır. Vanilin güclü vanil iyinə və yandırıcı dada malikdir. Soyuq suda çətin (1:100), isti suda isə asan (1:20), spirtdə, efirdə və ya soda məhlulunda yaxşı həll olur. Satışa daxil olan vanilində xalis vanilinin miqdarı 98%-dən az olmamalıdır. Vanilin ağ və ya azca sarımtıl rəngli, xalis vanil iyi verməlidir. Vanilin şəkər kirşanı (pudrası) ilə qarışdırılmış halda da 1 q kütlədə xırda kağız paketlərdə və sellofanda «vanilli şəkər» adında satışa buraxılır. Vanilin təmiz, quru və 80%-ə qədər nisbi rütubəti olan binada saxlanılmalıdır.
Vanildən alınan dərman preparatlarından tibdə bir çox xəstəliklərin müalicəsində (qızdırmada, səpkidə, həzm pozuntularında, qanazlığında, əsəbilik, yuxusuzluq və revmatizmdə) istifadə edilir.
Dostları ilə paylaş: |