Yarpız – Мята длиннолистная – Mentea Longifolla. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən sürünən kökümsova malik çoxillik ot bitkisidir. Yarpızın 25 növündən Azərbaycanda 5 növü rast gəlinir:
Su yarpızı – Mentha aquatiae;
Uzunyarpaq yarpız – Mentha lonqifolia;
İstiot yarpızı və ya əkilən nanə – Mentha piperita;
Dəyirmiyarpaq yarpız – Mentha rotundifolia;
Pulqar yarpızı – Mentha pulagium.
Yarpızın yabanı növlərinə «yarpız nanəsi» də deyilir. Meşə çəmənliklərində, su kənarında daha çox bitir.
Gövdəsi dördkünclü, hündürlüyü 30-100 sm olub, üzəri yumşaq ağ tükcüklərlə örtülüdür. Yarpaqları uzunsov, əksərən gövdə üzərində oturaq olub, aşağı yarpaqları qısasaplaqlıdır. Hamaşçiçəkləri gövdə və budaqların qurtaracağında silindrvarı, sıx, sünbül formasında yerləşir. Uzunyarpaq yarpız Azərbaycanın hər yerində yabanı halda bitir və bol ehtiyata malikdir. Uzunyarpaq yarpız özünəməxsus xoş iyə, ətirli efir yağına malik bitkidir. Çiçək və yarpaqlarının tərkibində 1,43-3,33%-ə qədər efir yağı vardır. Bunun efir yağı şəffaf, açıq sarı rəngli, xoş ətirlidir. Yetişdiyi torpaq-iqlim şəraitindən asılı olaraq tərkibində 0,3-1,5% efir yağı vardır. Efir yağının tərkibində karvon, linalool, mentol, karvon, konuper, puleqon, karvakrol, limonen və başqa terpen birləşmələri vardır. Yarpaqlarında 81-147 mq% C vitamini tapılmışdır.
Yarpızı təzə halda pendirlə qəlyanaltı kimi yeyirlər. Milli xörəklərdən göyərti qutabı, dovğa və başqa xörəklərin hazırlanmasında istifadə edilir. Yeyinti və ətriyyat sənayesində istifadə oluna bilər.
Yarpızın efir yağından hazırlanmış bir çox preparatlardan ağrıkəsici, qıcolma, qızdırma xəstəliklərində istifadə edilməklə yanaşı, sərinləşdirici və təravətgətirici vasitə kimi də işlədilir.
Dostları ilə paylaş: |