Zəfəranın müalicəvi xassələri. Zəfəran hələ qədim dövrdə rəngləyici maddə kimi məşhur olmuşdur. Uzun illər boyu xalq təbabətində bəzi xəstəliklərə qarşı zəfəran bir dərman kimi işlədilmişdir. Ondan qıcolma, gözağrısı, göyöskürək, üşütmə və qızdırma (Nizaminin əsərlərində qeyd edildiyi kimi) zamanı istifadə edilmişdir.
İndi də təbabətdə zəfəran tinktura şəklində tiryək damcısının tərkibində, həb şəklində mədə xəstəliklərində, sakitləşdirici və ağrıkəsici dərman kimi tətbiq edilir. Xaricə sürtmək üçün zəfəranın məlhəm və plastrından istifadə olunur. Xalq təbabətində zəfəran sinir sistemini tənzimedici maddə kimi işlədilir. Hazırda xalq arasında zəfərandan göz xəstəliklərində, ürək-damar və əsəb xəstəliklərində daha çox istifadə olunur.
Hazırda zəfəranın təbabətdə işlədilməsi məhdudlaşdırılmışdır. S.E.Zemlinskinin (1958) məlumatına görə zəfəran bəzi hallarda çox az işlədilən dərmanların (Qufeland uşaq tozu, qarışıq sabur tinkturası və zəfəran tiryək tinkturası) tərkibinə daxil edilirdi.
Zəfərandan ətriyyat sənayesində (ətirli sabunların və tərkibinə efir yağı daxil olan başqa məhsulların istehsalında) istifadə edilir. Zəfəranın tərkibində 0,4-1,3% efir yağı olur ki, bu da onun ətriyyat sənayesi üçün yaxşı xammal olduğunu göstərir.
Əvvəllər zəfəran tonuslandırıcı vasitə hesab olunurdu. Ondan qadın xəstəliklərinə qarşı, sarılıqda, şişlərdə, isteriyada, ipoxondriyada, babasildə və digər xəstəliklərdə istifadə olunurdu. Hazırda zəfəran homeopatiyada, təlaşlı öskürəkdə və uşaqların spazmatik hallarında tətbiq olunur. Müasir təbabətdə zəfərandan ağrıkəsici, qıcolmaya qarşı, ürəkağrısına qarşı və sidikqovucu vasitə kimi, eləcə də mədə-bağırsağın bəzi xəstəliklərində istifadə olunur.
Elmi təbabətdə zəfəran tinkturası şəklində və tiryək damcısının tərkibində mədə-bağırsaq xəstəliklərində sakitləşdirici və ağrıkəsici dərman kimi işlədilir. Xalq təbabətində zəfərandan sinir sistemini tonuslandıran maddə kimi də istifadə olunur.
Dostları ilə paylaş: |