Çaytikanı – Облепиха - Hippophae rhamnoides L. Iydə (Elaeagnaceae) fəsiləsinin çaytikanı cinsinə mənsubdur. Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın Avropa hissəsində çay vadilərində, çəmənliklərdə, meşə yaxınlıqlarında, hündür dağlarda təsadüf edilir.
Azərbaycanın Samur çayı vadisində, Quba-Xaçmaz, Şəki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən 2000 m hündürlüyə qədər yerlərdə kolluqlar və ağac şəklində bitir. Bu bitki Azərbaycanın, demək olar ki, əksər dağ-meşə rayonlarında yayılmışdır.
Çaytikanı meyvəsinin xoş ətrinə görə, çox vaxt «Sibir ananası» adlanır. O, doğrudan da, ananas ətri verir. Lakin çaytikanı meyvəsi tibbi əhəmiyyətinə görə əsl ananasdan xeyli üstündür.
Çaytikanı qollu-budaqlı, hündürlüyü 4-6 m-ə çatan ağacdır. Gövdə və qol-budağının üzəri yaşıl-qonur və ya boz-qonur rəngli qabıqla örtülmüşdür. Çaytikanı bitkisinin iynəvarı budaqları və növbə ilə yerləşən sadə, xətkeşlanset formalı, uzunluğu 8 sm-ə çatan, üst hissəsi boztəhər yaşıl, alt hissəsi gümüşü-qonur rəngli yarpaqları vardır. Nəzəri cəlb etməyən xırda, sarı rəngli çiçəkləri qol-budaqları üzərində yerləşmişdir. Meyvələri yetişəndə sarı və ya çəhrayı-sarı rəngdə olur. Çaytikanı, adətən aprel-may aylarında çiçək açır, meyvələri isə sentyabr-oktyabr aylarında yetişir. Başqa ağac bitkilərindən fərqli olaraq onun meyvələri ağacdan tökülmür, fevral-mart aylarına kimi kolun üstündə qalır. Meyvəsi şirəli sarımtıl-narıncı və qırmızı rəngdədir. Meyvələri, əsasən girdə, oval və uzunsov formada olub, 0,5-1 sm uzunluğunda və 0,3-0,5 sm enindədir. Dadı şirin, turş, acıtəhər-turş, turşməzə və ananas ətirli olur. Toxumu tünd qəhvəyi və parlaqdır.
Çaytikanı meyvəsi olduqca qidalıdır. Meyvəsinin tərkibində 3,5% şəkər, 3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə, 9% yağ vardır. Toxumunda yağın miqdarı 12,5%-ə çatır. Çaytikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının tərkibində 16,9-272,5 mq% C, 75-100 mq% P, 0,016-0,055 mq% B1, 0,037-0,066 mq% B2, 0,79 mq% B6,
8 mq% E, 1,1-10,9 mq% karotin (provitamin A), 0,79 mq% fol turşusu (vitamin Bc) və 1,2 mq% K vitamin vardır. Toxumunda 0,28 mq% B1, 0,38 mq% B2, 14,3 mq% E vitamin vardır. Toxumundan alınan yağın tərkibində 250 mq% karotinoidlər, 165 mq% E vitamini və yarımdoymamış yağ turşuları (F vitamini aktivliyində) vardır.
Çaytikanının meyvəsindən müalicə əhəmiyyəti olan müxtəlif şirə, dadlı və ətirli kompot, kisel, mürəbbə, cem, jele, püre, povidlo, marmelad, vitaminli çay, spirtli içki, nastoyka və likör hazırlanır. Dondurulmuş halda yaxşı saxlanıla bilər.
Dostları ilə paylaş: |