Reyhanın müalicəvi xassələri. Bitkinin yerüstü hissəsində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan efir yağını, vitaminləri, flavonoidləri, aşı və qatranlı maddələri və s. göstərmək olar. Reyhanda olan boyayıcı maddələr – flavonlar, xlorofil, karotin və eləcə də efir yağı tibbi cəhətdən çox faydalıdır. Həmin maddələrin qanazlığında, xroniki mədə-bağırsaq xəstəliklərində, avitaminozda çox gözəl müalicəvi təsiri var. Reyhan qida ilə qəbul olunduqda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır. Həzmi asanlaşdırır və qanın tərkibinin normallığını mühafizə etməklə bərabər, böyrək və sidik yollarının iltihabını da aradan qaldırır. Süfrələrimizdə reyhandan daha geniş istifadə etməyin böyük müalicəvi əhəmiyyəti vardır.
Həlimi 1-2 çay qaşığı xırdalanmış reyhan göyərtisindən 1 stəkan suda hazırlayıb gün ərzində bərabər paylarla qəbul edirlər. Bəzən reyhan həlimini başağrılarında da içirlər. Reyhanın sulu ekstraktından xroniki qastritdə, yoğun bağırsağın iltihabında, qida zəhərlənmələrində və s.-də istifadə edirlər. Azərbaycan şərbətləri içərisində «Reyhan şərbəti» xüsusi yer tutur və plov yanında süfrəyə verilir.
Dostları ilə paylaş: |