Göyəm – Терн – Pruus spinosa L. Gülçiçəklilər (Rosaceae) fəsiləsinin gavalı cinsinə aiddir. Şimali Qafqazda, Zaqafqaziyada, Krımda bitir. Ukrayna, Belorus və Latviyada da rast gəlinir.
Göyəm, yarpaqları əmələ gəlməmiş, erkən yazda – aprel-mayda çiçəkləyir. Meyvələri iyul-avqustda yetişir. Qışa qədər budaqlardan tökülmür. Meyvə saplaqları qısa və tüksüzdür. Meyvələri yumru, tünd, qara-bənövşəyi rəngdə olur. Üzəri qalın, ağ mum tozu ilə örtülüdür. Ətliyi yaşıl rəngdə, turşaşirin və gərdir (büzüşdürücüdür). Azərbaycanda meyvələri çox iri, şirin və dadlı bağ göyəm sortları vardır ki, bunlara el arasında Xangöyəm deyilir.
Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, «ternovka» adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.
Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir.
Göyəmdən qədimdən qida məqsədləri üçün istifadə olunur. Ondan kompot, mürəbbə, povidlo, pastila, sukat, sirkə, şərab və nalivka hazırlanır. Göyəm soğan və sarımsaqla sirkəyə qoyulur və tamlı qida kimi istifadə olunur.
Dostları ilə paylaş: |