Heyva – Айва – (Cydonia oblonga Mill). Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Meyvə bitkisi kimi 4000 ildir ki, məlumdur. Yabanı halda ən çox Şərq yarımkürəsində daha çox bitir. Böyük Qafqazın şərq hissəsində, Mərkəzi Zaqafqaziyada və Talışda yetişir. Mədəni halda dünyanın bir çox ölkələrində becərilir.
Azərbaycanda heyvanın yabanı formaları çoxdur. Lakin bunlar az öyrənilmişdir. Heyvanın az öyrənilməsi onun meyvəsinin az qiymətləndirilməsidir. Lakin heyvanın təsərrüfat əhəmiyyəti böyükdür.
Heyva may ayında çiçəkləyir. Çiçəkləri iri ağ və çəhrayı olur. Ətirlidir. Meyvəsi sentyabr-oktyabrda yetişir. Heyvanın yabanı formaları xırda olmaqla, uzun müddət saxlandıqda ətri yaxşılaşır. Meyvələri yumru, uzunsov və armud şəklində, rəngi yaşıl, açıq və ya tutqun sarı olur. Meyvənin üstü boz, tünd sarı və ya tünd qəhvəyi rəngli pənbə ilə örtülüdür. Ətliyi ağ və ya sarımtıl, əvvəlcə bərk, lakin qalıb yetişdikcə yumşalır. Ətliyində daşlaşmış bərk toxumalar vardır. Dadı şirin, turşa-şirin və gər (büzüşdürücü) olur.
Toxum yuvası beşdir. Içərisində boz və ya qara-darçını rəngli toxumlar yerləşir. Toxumlar lığablıdır (yağlı-horralıdır).
Heyvanın tərkibində 5-12,2% şəkər, o cümlədən 2,14% qlükoza, 6,27% fruktoza və 0,64% saxaroza, 0,85-1,22% üzvi turşu (alma, limon), 0,35-1,25% aşılayıcı maddə, 0,27-0,45% pektinli maddə, 0,51-0,85% minerallı maddə, o cümlədən 30 mq/kq dəmir, 1,4 mq/kq mis, 20 mq% C vitamin və karotin vardır. Heyvanın, əsasən qabıq hissəsində toplanmış enant-etil və pelarqon-etil efiri onun ətrini əmələ gətirir.
Heyvadan bişirilmiş halda (bəzən külləmə formasında) istifadə edirlər. Heyvanın meyvəsi marmelad, jele, povidlo, sukat, mürəbbə, kompot, cem hazırlamaq üçün qiymətli xammaldır. Heyvanın ətri daha kəskin olduğundan, alma və armuddan hazırlanan məhsullara xoş dad və ətir vermək üçün ondan bir qədər qatılır.
Azərbaycanda heyvadan bir çox xörəklərin hazırlanmasında istifadə edilir (ət və quş xörəklərinə qarnir kimi, qiymələnmiş heyvanın hazırlanmasında, kələm dolmasının yanında və s.).
Heyva sobada və suda bişirilmiş halda qidaya sərf olunur. Çünki çiy halda heyva çox gec (bəzi məlumatlara görə 14 saata) həzm olunur. Heyvadan ət və quş xörəklərinə qarnir kimi istifadə olunur, bir çox mili xörəklər hazırlanır və tamlı qida məhsulu kimi kulinariyada iştahaartırıcı və həzmedici vasitə hesab edilir. Heyva püresinə ədviyyat qatmaqla sərbəst xörək və müxtəlif xörəklərə qatma kimi istifadə olunur. Heyvadan ətirli və qidalı mürəbbə, cem, kompot, jele, marmelad, sukat və digər qənnadı məmulatı hazırlanır.
Dostları ilə paylaş: |