Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 2,02 Mb.
səhifə11/32
tarix06.06.2018
ölçüsü2,02 Mb.
#52864
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

MoruqМалинаRubus idaeus L. Gülçiçəklilər (Rosaceae) fəsiləsinin Rubus cinsindən, 1-3 m hündürlükdə yar­paqları tökülən qol-budaqlı yarımkol bitkidir. Sıra ilə dü­zülmüş yaşıl yarpaqları, yaşılımtıl rəngli çiçəkləri və tünd qırmızı rəngli turşməzə dadlı meyvələri vardır.

Yarpaqların üst səthi yaşıl rəngdədir, üçərlələkvarı mü­rək­kəbdir. Yarpaqların alt hissəsi tüklüdür. Ikicinsiyyətli ağ ya­şılımtıl rəngli çiçəkləri salxım və ya qalxancıq çiçək qru­punda yerləşir. Qırmızı rəngli, turşməzə dadlı giləmeyvəsi mü­rəkkəb çəyirdəklidir. Meyvələri qurudulduqda bozumtul qonur, tutqun qırmızı rəngə düşür. Meşə moruğu keyfiyyətinə görə ən yaxşı hesab olunur. Meşə moruğunun meyvələri kiçik olsa da, çox şirəli ətirli və xoş dadlı olur. Moruq bitkisi may-iyun aylarında çiçək açır, meyvələri iyul-avqustda yetişir. Sentyabr-oktyabr aylarında yetişən mədəni sortları da vardır. Dünyada moruğun 120-ə qədər, Azərbaycanda yabanı halda 1 növü – adi moruq (R.Vulgarus) məlumdur. Azərbaycanın meşələrində, meşə ətəklərində, çay kənarlarında moruğun ehtiyatı çoxdur. Böyük Qafqazın meşələrində moruğun yabanı halda yetişən iri uzunsov oval formalı qara rəngli növünə də rast gəlinir. Yerli əhali həmin moruğu böyürtkən adı ilə toplayıb mürəbbə ha­zırlamaq üçün istifadə edirlər.

Moruq haqqında ilk yazılı məlumat qədim yunan yazar­larına aiddir. Yunanlar və romalılar meşələrdən topladıqları giləmeyvəni təkcə qidaya yox, həm də dərman kimi müxtəlif xəstəliklərdə istifadə edirdilər. Yabanı sortların uzun müddət əhil­ləşdirilməsi ilə hazırda moruğun çoxlu sayda mədəni sort­ları yaradılmışdır. Qərbi Avropada moruq XVI əsrdə meydana gəlib və yalnız XIX əsrdə geniş yayılıb. Rusiyada moruq bitkisinin mədəni halda becərilməsinə XVII əsrdə başlanmışdır. Lakin o vaxt çox az moruq sortları vardı, lakin XX əsrin orta­larından yeni, qiymətli moruq sortları yetişdirilmişdir. Hazırda moruq Rusiyanın bütün bölgələrində, Ukraynada, Qafqazda, Orta Asiyada geniş yayılmışdır.

Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir.

Son illər Azərbaycanda moruğun mədəni sortları becərilir və onun ehtiyatı çoxdur. Lakin təzə halda moruğu uzun müddət saxlamaq mümkün deyil.

Moruğun giləmeyvəsi xoşagələn ətrinə və özünəməxsus turşa-şirin dadına görə qiymətlidir. Tərkibində 9-11% şəkər (əsasən, qlükoza və fruktoza), 2,5%-ə qədər üzvi turşular (alma, salisil, limon, şərab), 0,26% aşı maddəsi, 0,5-2,8% pektinli maddə, 4-6% sellüloza, 2,7% pentozanlar, 0,8-1,9% azotlu maddə, 29 mq% C vitamini, B1, B2, PP, fol turşusu (B9 vita­mini), karotin və 0,4-0,8% minerallı maddələr (dəmir, kalium, mis və s.) vardır. Moruğun tərkibindəki -sitosterin ateroskle­roza qarşı təsir xassəsinə malikdir.

Moruğun meyvələri tam yetişdikdə yığılır. Təzə halda yeyilir. Ondan mürəbbə, kompot, şərbət, kisel, mar­melad, pastila, nastoyka, spirtli içki, likör, şərab, sərinləş­dirici içkilər və digər məhsullar hazırlanır. Moruğu qurudub dərman kimi istifadə edirlər.

Moruq həm də balverən bitkidir. 1 ha moruq sahəsindən arılar 100 kq bal hasil edə bilirlər. Yabanı moruq bir çox mədəni moruq sortları üçün əcdad hesab edilir.



Moruğun müalicəvi xassələri. Dərman xammalı kimi moruq giləmeyvəsi qurudulur, bankaya və ya karobkalara yığılıb sərin, quru otaqlarda saxlanılır. Moruğun tərkibində əsas müalicəvi xassəyə malik olan salisil, limon, alma, şərab turşusu və C vitamini vardır. Bunlardan başqa B qrupu vitaminləri, karotin, qlükoza, fruktoza, saxaroza, aşı maddəsi, diqlükozid sianidin flavanoidi vardır. Qeyd etmək lazımdır ki, yabanı moruğun ətri və dadı mədəni sortlara nisbətən daha yaxşıdır.

Təzə meyvələr susuzluğu yaxşı söndürür, qidanın həz­mini yaxşılaşdırır. Qədimdə Rusiyada səhərlər moruq və quş­üzümündən hazırlanan xüsusi içki (взварец) içirdilər. Moruğu çox vaxt pəhriz qidasında, xüsusən uşaqların qidasında istifadə edirlər. Lakin podaqra və nefritlə xəstə olanlar moruqdan isti­fadə etməməlidirlər, çünki moruğun tərkibində purin əsaslı maddələr çoxdur.

Xalq təbabətində moruq meyvəsini çay kimi dəmləyib soyuqdəymədə tərlədici dərman kimi işlədirlər. Moruqdan, eyni zamanda elmi təbabətdə ödqovucu, sidikqovucu dərman kimi də dəmləmə və bişirmələr şəklində istifadə olunur. Təzə də­rilmiş moruq meyvəsindən hazırlanan mürəbbə və şərbət böy­rək xəstəliyinin və soyuqdəymənin yaxşı dərmanıdır. Xəstə­liyin ilk dövründə 2-3 stəkan qaynar moruq çayı (2 xörək qaşığı quru moruq 1 stəkan qaynamayan suda dəmlənir) içmək məsləhət görülür.

Xalq təbabətində moruq qida həzmini yaxşılaşdıran vasitə kimi, sinqa, qanazlığı, mədə ağrıları əleyhinə istifadə olu­nur. Çiçəklərindən alınan tinktura və həlimdən dərinin müx­təlif iltihabi proseslərində və üzdəki sızanaqlara qarşı tətbiq olunur. Üzdəki sızanaqlara qarşı 1 hissə moruq yarpağı şirəsi ilə 4 hissə vazelin və ya kərə yağından hazırlanmış məlhəm (maz) də tətbiq olunur. 1:20 nisbətində yarpaqlardan hazır­lan­mış tinkturadan anginaya qarşı boğazı qarqara etmək məsləhət görülür. Belə tinktura ishala qarşı, bağırsaqlardakı iltihab pro­seslərinə, tənəffüs orqanlarının və dəri xəstəliklərinə (səpki, sıza­naq, dermatit və s.) qarşı içilir. Bəzən bu tinkturadan qan­kəsici vasitə kimi (mədədən və digər orqanlardan qanax­ma­lara qarşı) istifadə edirlər. Ev kosmetikasında əvvəllər moruq yarpaqlarından alınmış həlimdən saçları qara rəngə boyamaq məqsədilə işlədirdilər.



Sarı böyürtkən – Морошка – Rubus chamaemorus L. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən sürünən kökü, dikda­yanan gövdəli, beş və ya yeddidilimli dairəvi yarpaqları, yaxşı inkişaf etmiş beşləçəkli iri ağ çiçəkləri olan çoxillik ot bit­kisidir. Meyvəsi mürəkkəb, narıncı-sarı və daxilində 20-yə qədər kiçik toxumları olan mürəkkəb giləmeyvədir. May-iyunda çiçəkləyir, meyvəsi iyul-avqusta yetişir. Bu şaxtaya davamlı bitki Rusiyanın Avropa hissəsinin şimal bölgələrində, Sibirdə, Uzaq Şərqdə daha çox rast gəlinir. Torflu bataq­lıqlarda, bataqlıqlı meşələrdə və hətta tundrada bitir.

Şirin giləmeyvəsinin tərkibində 3% şəkər, 1%-ə qədər limon turşusu, 4%-ə qədər sellüloza, aşı maddəsi, 30 mq% C vitamini və digər bioloji fəal maddələr vardır. Qidaya təzə, bişirilmiş və isladılmış (моченые) halda istifadə olunur. Ondan mürəbbə, cem, jele, muss, şirə, hətta şərab hazırlanır. Təzə gilə­meyvəsini şəkərlə konservləşdirib (çiy mürəbbə) uzun müddət sərin yerdə saxlamaq olar. Daşımaq üçün tam yetişməmiş meyvələr yararlıdır.



Sarı böyürtkənin müalicəvi xassələri. Şimal bölgə­lərinin əhalisi üçün sarı böyürtkən C vitamininin qiymətli mən­bəyi hesab olunur və sinqaya qarşı vasitə kimi tətbiq olunur. Giləmeyvələri ishala qarşı və qida həzmi pozulduqda qəbul edilir. Bundan əlavə bitkinin digər orqanları, xüsusən çi­çək kasacığı xalq təbabətində sidikqovucu vasitə kimi istifadə olunur.

Sarı böyürtkənin yarpaqlarından hazırlanan çay sinqa, vərəm və qanlı bəlğəmə qarşı bir müalicə vasitə kimi içilir. Eyni zamanda, belə çay müasir dövrdə ishala və daxili qanax­malara qarşı qankəsici vasitə kimi tətbiq olunur. Bu məqsədlə 1 xörək qaşığı xırdalanmış yarpaqlardan 1 stəkan qaynar suda hazırlanmış tinkturadan hər gün 3-4 dəfə qəbul etməklə təsirli nəticə alınana qədər davam etdirmək lazımdır.



Üvəz, qara meyvəli quşarmuduЧерноплодная рябина – Aronia melapocarpa (Minhx) Elliott. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən çox da böyük olmayan ağac (0,5-2 m hündürlüyündə) və ya koldur. Yarpaqları tünd yaşıl, çiçəkləri ağ iri qalxancıqda toplanır. Meyvəsi qara rəngli salxımda toplanan giləmeyvədir. Vətəni Şimali Amerikadır. XIX əsrin sonunda bu bitki Avropaya gətirilmişdir. Rusiyada qara mey­vəli quşarmudunun becərilməsinə I.V.Miçurin çox fikir verirdi.

Qara meyvəli quşarmudu həm də dekorativ bitki kimi küçələrdə, bağlarda və parklarda əkilir, qida və dərman bitkisi əhəmiyyətinə malik olan meyvələri tədarük edilir.

Meyvəsi xoşagələn turşa-şirin, bir qədər büzüşdürücü dadlıdır. Tərkibində 9,5%-ə qədər şəkər, üzvi turşular, karotin, 0,5% P vitamini, həmçinin, C, B1, PP və provitamin A (karotin) vardır. Üzvi turşunun miqdarı narıngi, çiyələk, moruq və qırmızı qarağatdakından çoxdur. Qara meyvəli quşarmudu P vitamini konsentratıdır. Dərilmiş meyvələr uzun müddət xarab olmur, çünki tərkibində mikrobların çoxalmasına qarşı maddə vardır. Giləmeyvələrdəki vitaminlər yazbaşına kimi yaxşı qalır. Meyvəsi təzə halda yeyilir, ondan kompot, kisel, mürəbbə, cem, marmelad, şərab, nastoyka və likör hazırlanır. Qənnadı sənayesində də istifadə olunur.

Qara meyvəli quşarmudunun müalicəvi xassələri. Qara meyvəli quşarmudu və onun şirəsi iştahanı artırır, mədə şirə­sinin turşuluğunu və həzmedici gücünü artırır. O, mədə şirəsinin turşuluğunun azlığı ilə müşayiət olunan qastritli xəs­tələr üçün faydalıdır.

Son illər müəyyən olunmuşdur ki, təzə giləmeyvə və onun şirəsi hipertoniya xəstəliyində qan təzyiqini aşağı salır. Kliniki təcrübə nəticəsində qan təzyiqi yüksək olanlara gündə 3 dəfə 100 q giləmeyvə və ya 50 q şirə qəbul etmək məsləhət görülür. Görünür qara meyvəli quşarmudunun belə müalicəvi təsiri onun tərkibindəki P və C vitaminlərinin – citrinini daha yaxşı həzm olunmasını təmin etməsidir. Vitamin sənayesi qara meyvəli quşarmudu həbləri (50 mq) istehsal edir. Bu həblər askorbin turşusu ilə birlikdə hipertoniya xəstəliyinin müalicə­sində, həmçinin, müxtəlif qanaxmalarda və diatezdə tətbiq olunur. Lakin qanın yüksək laxtalanması zamanı bu, əks təsir göstərir.

Yaşlılara 3-4 həftə ərzində gündə 3-4 həb (hər dəfə yeməkdən əvvəl 1 ədəd), uşaqlara isə 2-3 həb qəbul etmək məsləhət görülür. Belə dozada və həmin xəstəliklərdə vitamin P və C vitamini kompleksləri ilə qara meyvəli quşarmudu drajelərini qəbul etmək lazımdır.

Elmi-Tədqiqat Vitamin Institutunda qara meyvəli quşar­mudundan qida üçün və bioloji fəal boya maddəsi alınmışdır ki, onun da tərkibində 6,5% P vitamini vardır. Bu zərərsiz boya maddəsindən qənnadı və vitamin sənayesində, eləcə də meyvəli suların istehsalında istifadə olunan sintetik boya maddələrinin əvəzedicisi kimi istifadə olunur.



Üzüm – Виноград – Vitis vinifera. Üzüm (Vitaceae) fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70 növündən ikisi Azərbaycanda bitir. Bunlardan meşə və Amur üzümü daha geniş yayılmışdır. Üzüm kolabənzər sarmaşan bitki (liana) olub, gövdəsinin uzunluğu 20-40 m-ə çatır. Qonur-sarı rəngli qabıqla örtülmüş budaqları üzərində növbə ilə düzülmüş girdə yarpaqları və nəzəri cəlb etməyən xırda, sarı-yaşıl çiçəkləri vardır. Meyvəsi müxtəlif formalı gilədən ibarət olub, yetişəndə müxtəlif rəngə (yaşılımtıl-sarı, bənövşəyi, qara və s.) boyanır. Meyvəsi şirəli, ətirlidir, şirin, turşməzə dada malikdir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvəsi isə avqust-sentyabr aylarında yetişir.

Üzüm, son dərəcə qiymətli bitki olub, çox geniş miq­yasda becərilir. Eramızdan hələ çox qabaq üzüm tənəyi qədim mi­sirlilər tərəfindən becərilmiş və onun giləsindən bir çox ne­mətlər, o cümlədən şərab hazırlanmışdır. Üzümdən hazır­lanan kişmiş, şərbət, xoş ətirli doşab və digər qida məhsulları çox faydalı nemətdir.

Azərbaycanın, demək olar ki, əksər rayonlarında, xalqı­mızın çox sevimli neməti kimi üzüm tənəyi becərilir. Respublikamızda son illərdə üzümün sürətlə inkişaf etdiril­məsilə əlaqədar olaraq onun tərkibi və müalicə xassələri də öyrənilmişdir. Müəyyən edilmişdir ki, üzüm giləsinin şirəsində bir sıra müalicə əhəmiyyəti olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), üzvi turşuları (limon, alma, şərab, salisil və s.), dəmir duzlarını, kalium-perman­qa­natı, C, B1 vitaminlərini, karotini, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağı da çox faydalıdır. Onun tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddələri, üzvi turşular və s. vardır.

Meşə üzümü iyun-iyulda çiçəkləyir. Meyvələri sentyabr­da yetişir. Meşə üzümünün gilələri xırda, tünd bənövşəyi, qara, yaşıl rəngdə olur. Salxımları balaca olmaqla, çəkisi 40-60 q-a qədərdir. Dadı turş və ya turşa-şirindir. Aşılayıcı maddəsi çox olduğundan gərdir. Tərkibində 10-13% şəkər, 1,2-2%-ə qədər üzvi turşu vardır. Şirəsinin çıxarı 54%-dir. Tumunda 8-20% yeməyə yararlı yağ olur. Qovurduqda qəhvə əvəzedicisi kimi istifadə edilir. Meşə üzümü təzə halda yeyilir, ondan şirə, şərab, nastoyka, sirkə, kisel, kompot, mürəbbə hazırlanır. Meşə üzümünü qurudulur, bəzən qışa saxlamaq üçün şorabaya da qoyulur.



Üzümün müalicəvi əhəmiyyəti. Üzüm giləsi və onun şirəsi ürək- damar sistemi xəstəliklərində, tənəffüs yolları, mədə-bağırsaq, qaraciyər, böyrək xəstəliklərində çox xeyirlidir. Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında, ümumi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan abqora isə diabet xəstəliyində susuzluğun qarşısını alır, qurudulmuş üzüm gilələri isə qanazlığında yaxşı təsir göstərir.

Azərbaycanın bir çox rayonlarında üzümün təzə dərilmiş yar­paqlarından vitaminli içki hazırlayıb avitaminoz xəstəlik­lərinə tutulanlara içirirlər. Bunu belə hazırlayırlar: 400 q təzə dərilmiş üzüm yarpağını doğrayıb, üzərinə 3 litr qaynanmış ilıq su əlavə edib 3 gün sərin yerdə saxlayırlar. Sonra yarpaqları tənzifdən süzməklə və sıxmaq yolu ilə suyunu ayırıb götürürlər. Alınan vitaminli suyun tamını yaxşılaşdırmaq məqsədilə ona bir neçə damcı şirin qızılgül suyu və ya gülqənd əlavə edirlər. Belə hazırlanmış vitaminli içkidən qanazlığında, raxit, sinqa və digər avitaminoz xəstəliklərində çox faydalı dərman kimi istifadə edirlər. Bundan başqa, üzüm yarpağından hazırlanan dolma çox dadlı olur və xüsusən yazbaşı faydalıdır.

Üzümdən və onun emalı məhsullarından xalq təbabətində qədimdən istifadə edilir. Üzümlə müalicənin elmi əsasları XIX əsrin ikinci yarısında başlanmışdır. O vaxt üzümün kimyəvi tər­kibi öyrənilmiş və onun müalicəvi xüsusiyyəti tətbiq edilmişdir. Üzümlə müalicə – ampeloterapiya (yunanca ampelos – üzüm, terapiya – müalicə) müxtəlif xəstəliklərin üzüm şirəsi və onun emalı məhsulları ilə müalicəsinə əsaslanır. Üzümün tərkibində karbohidratların, zülalların, üzvi turşuların, vitaminlərin ahəng­dar olmasına görə üzüm bir çox meyvə-tərəvəzdən üstündür. Üzüm təzə halda, qurudulmuş, üzüm şirəsi və must şəklində istifadə olunur, eləsə də ondan kompot, doşab, abqora və digər spirt­siz içkilər hazırlanır. Bu məhsulların həm pəhriz və müa­licəvi əhəmiyyəti var, həm də qidalı yeyinti məhsulu ol­maqla uşaqların, qocaların və zəif düşmüşlərin qidalanmasında is­tifadə olunur.

Təzə üzüm şirəsinin tərkibində 0,5-0,8% sərbəst üzvi turşular, pektin və zülal maddələri, A, C, P, B1, B2 və digər vitaminlər, lesitinlər, az miqdarda efir yağı, mineral maddələr, boya maddələri və bioloji fəal maddələr vardır. Üzümün tərki­bində olan qlükoza damarları genişləndirərək, ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır, onun qidalanmasını artırmaq hesabına qan təzyiqini qaldırır. Nəticədə qan dövranı normallaşır, qanda hemoqlobinin faizi artır, hüceyrələrin oksigenlə təmin olunması güclənir, əzələlərin fəaliyyəti yaxşılaşır. Üzümdəki üzvi tur­şular mədənin fəaliyyətini yaxşılaşdırır, mədədə xlorid turşu­sunun ifrazını azaldır, buna müvafiq olaraq öd axarı əzələ­lə­rinin tonusunun yaxşılaşması nəticəsində ödün ifrazı artır. Üzüm fiziki yorğunluq, qanazlığı, qan itkisi və ümumi zəiflik za­manı ürəyin fəaliyyətini bərpa etmək üçün əvəzsiz qida məh­suludur.

Üzümün qidalıq dəyəri minerallı maddələrin və vita­minlərin olması ilə artır. Dəmirin (almadan 2-2,5 dəfə çox­dur), manqan, mis və kobaltın fol turşusu ilə birlikdə üzümün tər­ki­bində olması qanazlığının müalicəsində ondan geniş istifadə et­məyə imkan yaradır. 200-250 q üzüm giləsi yaşlı insanın gündəlik dəmirə olan tələbatının yarısını ödəyir.

Üzümdən həm təzə halda, həm də şərab, şirə, üzüm qu­rusu və başqa yeyinti məhsulları istehsalında geniş miqyasda istifadə olunur. Üzüm istehsalının ilbəil artırılması imkan verir ki, ondan hazırlanan məhsulların miqdarı, çeşidi artırılsın, keyfiyyəti isə yaxşılaşdırılsın. Üzümün xalq təsərrüfatı əhə­miy­yəti bir də ondan ibarətdir ki, şərabçılıqda əldə edilən tullan­tılardan bir çox xammallar almaq mümkündür. Son illər üzüm cecəsindən spirt, şərab turşusu, toxumundan yem unu və yağ, qabıq hissəsindən boya (enin maddəsi) və pektin maddəsi, daraq və cecədən gübrə və s. bu kimi məhsullar əldə edilir. Bü­tün bunlar imkan verir ki, üzüm emal edən müəssisələr əsas məhsulla yanaşı (şərab, şirə və s.), bir çox əlavə xammallar da istehsal etsinlər. Bu isə istehsalın effektivliyinin artırılmasında əsas göstəricilərdən biridir.

Xalq təbabətində meşə üzümündən ağciyər sətəlcəmində, öd kisəsində daş olduqda və mədənin selikli qişasının xroniki iltihabında istifadə edilir.

YemişanБоярышникCrataegus sanguinea Pall. Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Şimali Amerikada 200-dən çox, Qafqazda 14, Azərbaycanın dağ-meşə rayon­la­rında 9 müxtəlif ağac və kol növləri yayılmışdır. Azər­bay­canda cır yemişan­ların forma müxtəliflikləri çoxdur. Iri mey­vəli yemişanlar isə dağlıq rayonlarda bağ meyvəsi kimi becə­rilir. Oğuz, Qəbələ, Lənkəran, Astara, Şəki, Zaqatala, Quba, Qusar, Qonaq­kənd, Şuşa, Ismayıllı rayonlarının meşəliklərində ye­mişan bitkisinə daha çox təsadüf olunur. Respublikamızda bitən yemişan bitkilərini ilk dəfə elmi əsasda tibb elmləri doktoru, prof. D.Y.Hüseynov öyrənmişdir.

Ağac və ya iri kol bitkisi olan yemişanın növbə ilə düzül­müş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarları diş-diş, ağ rəngli nəzəri cəlb edən ətirli çiçəkləri vardır. Uzun­sov, kürəşəkilli giləmeyvəyə oxşayan, ətli və şirəli mey­vəsi olur. Yetişəndə qırmızı rəngə boyanan meyvələrinin içərisində açıq sarı rəngli toxumları olur. Meyvəsinin azca büzüşdürücü dadı vardır. Yemişan may-iyun aylarında çiçək açır, meyvələri avqust-sentyabrda yetişir. Meyvələri qırmızı və qaradır. Mey­vələri yumru və bir qədər yastı olur. Ətliyi yumşaq və bir qədər kövrəkdir. 3-4 ədəd çəyirdəyi (bəzən 2 və ya 5 ədəd) vardır. 10-15 yaşından başlayaraq meyvə verir və 200-300 il ömür sürür.

Yemişanın meyvələri xoşa gələn dadlı, şirəli, şirin və meyxoşdur. Yemişanın tərkibində 3,78-7,97% şəkər (əsasən qlükoza və fruktoza; saxaroza isə azdır), 0,46-0,81% üzvi turşu (alma, limon, şərab və s.), 0,46% aşılayıcı və rəngləyici maddə, 1,5% pektinli maddə, 2,3% sellüloza, 0,92% azotlu maddə, 1,26% pentozanlar vardır. Yemişanda, həmçinin, fitosterinlər, flavonoidlər, saponinlər, qlükozidlər, karotin, xolin, vitamin C və b. maddələr vardır. Yemişanın toxu­munda 30-37% yağ, çiçək­lərində isə 1,5% efir yağı olur.

Yemişan təzə halda yeyilir, ondan kompot və kisel, lavaşana hazırlanır, sirkə qoyulur və araq çəkilir. Meyvələrini qurudub üyütdükdən sonra, unla qarışdırıb çörək bişirirlər. Qovrulmuş meyvələrdən qəhvə əvəzedicisi, yarpaqlarından isə çay içkisi hazırlamaq olar.

Yemişan qiymətli balverən bitki olub, hər çiçəyi 0,5 mq nektar verir. Nektarın tərkibində 64,4% şəkər olur.

Yemişanın oduncağı bərk və möhkəm olduğundan, xarrat məmu­latının hazırlanmasında işlədilir. Yemişanın yarpaq­ların­dan və oduncağının qabığından alınan boya maddəsi parçaları qırmızı və qəhvəyi çalarlı rəngə boyayır.



Yemişanın müalicəvi xassələri. Dərman məqsədilə yemişanın həm çiçəklərindən, həm də meyvələrindən istifadə olunur. Çiçək və meyvələrini tam yetişəndə toplayır, xüsusi quruducularda qurudur, sonra istifadəyə verirlər. Ümumiyyətlə, yemişan meyvələrini ağ kağız üzərində nazik-nazik sərib, tez-tez çevirməklə qurutmaq daha əlverişlidir. Bu cür qurudulmuş meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini də dəyişmir. Qurudulmuş meyvələri xüsusi torbalara doldurub havası daim dəyişilən binalarda saxlamaq lazımdır.

Yemişanın meyvəsindən və çiçəklərindən çox qədim vaxtdan bəri xalq təbabətində bir sıra məqsədlər üçün istifadə olunur. Çiçəklərindən və meyvələrindən ürək ağrılarında və ya xroniki ürək xəstəliyində çay kimi dəmləyib içirlər. Bundan əlavə, təzə dərilmiş meyvələrindən uşaq əmizdirən analara döş südünü artırmaq və onun keyfiyyətini yaxşılaşdırmaq üçün də verirlər.

Yemişan meyvələrində bir sıra faydalı maddələr müəy­yən edilmişdir. Bunlardan ən başlıcası flavon törəməli qliko­zidlərdir. Bu bioloji fəal maddələr rənglərinə və tərkib­lə­rinə görə üç qrupa bölünür: birinci qrupa, qırmızı rəngli flavon qliko­zidləri daxildir ki, bunlar çox qüvvətli bioloji təsirə malik­dir. Ikinci qrupa çəhrayı rəngli flavon qlikozidləri daxildir ki, bunların təsiri birinciyə nisbətən zəifdir. Üçüncü qrupa isə, sarı rəngli flavonoidlər daxildir. Bunların təsiri daha zəifdir. Bunlardan başqa yemişan meyvəsində saponinlər, üzvi turşular, şəkər və qatran maddələri də müəyyən edilmişdir. Çiçək və meyvələrində müxtəlif vitaminlər vardır. Müasir təbabətdə çiçək və meyvələrindən bir sıra mühüm dərman preparatları ha­zırlanır ki (dəmləmə, tinktura, ekstrakt və s.), onlardan təba­bətdə ürək xəstəliklərinin müalicəsində, xüsusən hipertoniyada geniş istifadə olunur.

Yemişan meyvəsindən ürək ağrılarında və ya xroniki ürək xəstəliyində çay kimi dəmləyib içirlər. Müasir təbabətdə yemişanın tinkturasından və ekstraktından hipertoniyada geniş istifadə olunur. Yuxusuzluğa, ürək əsəblərinə qarşı tətbiq edilir. Son zamanlar müəyyən edilmişdir ki, yemişan ekstraktı qanda xolesterini azaldır. Ona görə də yemişandan aterosklerozun müalicəsi və profilaktikasında da istifadə olunur.



Zirinc – БарбарисBerberis vulgaris L. Zirinc (Berberidaseae) fəsiləsinin zirinc cinsinə mənsubdur. 450 növündən – adi zirinc, Şərq zirinci, Amur zirinci və uzunsov zirinc daha çox yayılmışdır.

Adi zirinc yabanı halda Krımda və Qafqazda dəniz səviyyəsindən 200 metr yüksəklikdə bitir. Azərbaycanın dağ-meşə rayonlarında, Xızıda və Altıağacda daha çox yayılmışdır. Azərbaycanda zirincin 3 növünə rast gəlinir. Adi zirinc daha çox təsadüf edilir. Adi zirinc Azərbaycanın dağ-meşə rayon­larında, xüsusən Quba, Qusar, İsmayıllı rayonlarında, Xızıda, Altıağacda daha çox yayılmışdır. Adi zirinclə yanaşı çox istifadə olunan bir də Amur zirincidir. O Uzaq Şərqdə bitir, dağ çayları kənarında olan meşəliklərdə ehtiyatı çoxdur. Müasir təbabətdə hər iki zirincin yarpaqlarından dərman məqsədilə istifadə olunur. Yarpaqlarını bitki çiçək açan dövrdə toplayır, quru havalı binada qurudub əczaçılıq zavoduna göndərirlər. Zirincin meyvəsi də faydalıdır. Onun tərkibi C vitamini ilə çox zəngindir. Odur ki, meyvələrini yetişən dövrdə (avqust-sentyabr aylarında) toplayıb, günəşli havada qurudur, sonra çay kimi dəmləyib avitaminoz xəstəliyinə tutulan şəxslərə gündə 3 dəfə yeməkdən əvvəl verirlər.

Zirinc hündürlüyü 2-3,5 m-ə çatan ağac və ya kol bitkisidir. Üç yerə ayrılmış budaqları tikanlıdır. Budaqlarının qoltuğunda dəstə-dəstə yerləşən yumurtaşəkilli yarpaqları sıra ilə düzülmüşdür. Salxım şəklində düzülmüş açıq sarı rəngli çiçəkləri vardır. Ovalvarı, üçtoxumlu, yetişəndə qırmızı rəngə boyanan giləmeyvəsi olur. Meyvəsinin dadı çox turşdur. Toxum­ları uzunsov formada, qırmızı-qonur rəngdədir. Bitkinin gövdəsindəki qabığı xaricdən açıq sarı, daxildən qonur sarı rəngdə olur. Zirinc iyun ayında çiçək açır, meyvəsi avqust-sentyabrda yetişir. Salxım şəklində düzülmüş açıq sarı rəngli ətirli çiçəkləri vardır. Yarpaqları açıq yaşıl rəngli və turş dadlı olur. 2-3 qırmızı-qonur toxumlu gilədir. Çəkisi 0,14-0,32 q-dır. Toxumu meyvəsinin 24-30%-ni təşkil edir, silindr və ya oval şək­lindədir. Uzunluğu 12 mm-dir. Əsasən qırmızı, bəzən isə qara, sarı və çəhrayı rəngdə olur. Meyvəsi turşdur və uc hissəsində qönçə tumurcuğu yapışıq qalır. Meyvəsini əl ilə yığırlar. Şaxta vurduqda dadı yaxşılaşır.

Zirinc meyvəsinin tərkibində 5% şəkər, 5-6% üzvi turşu (əsasən, alma turşusu), 0,6-0,8% aşılayıcı və rəngləyici maddə, 0,4-0,6% pektinli maddə, 4,9% sellüloza, 0,95% kül və 150-170 mq% C vitamini vardır. Iyun ayında toplanmış yar­paq­la­rında 120 mq% C vitamini və meyvə verdikdə yığılmış yar­paqlarında 40 mq% E vitamini vardır. Qeyd etmək lazımdır ki, zirincin meyvəsində C vitaminindən başqa, bir sıra digər mü­hüm maddələr də vardır. Bunlardan limon və alma turşularını, piroqallol qrupu aşı maddələri, flavonoidləri, pektin və şəkərli maddələri qeyd etmək olar.

Zirincdən təzə halda çox az istifadə edilir. Bundan sirkə, şərab, jele, mürəbbə, şirə, spirtsiz içki, tamlı qatqı, konfet və karamel üçün içlik hazırlayır və qurudurlar. Bir qədər kal yığıl­mış meyvələrini qurudur və sumaq əvəzinə tamlı qatqı kimi istifadə edirlər. Zirinci şorabaya da qoyurlar. Meyvə­sin­dən alın­mış cövhərdən likör və qazlı içkilər hazırlanır.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin