Əli Kərim üslubu, yaxud



Yüklə 207,54 Kb.
səhifə17/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   ...   14   15   16   17   18   19   20   21   22
Dedim burda baxan mən

Yoxsa, bu bir yuxudur,

gəlib keçdi gözümdən

Heç bir yerdə, heç zaman

Belə bir şey olmamış

Mən yox idim orada

Kürə yağmamış yağış...

Kürə yağış yağırdı....

Kürə yağmamış yağış ...15

 

Əli Kərimin əksər şeirlərində "var" ilə "yox" arasında sərhəd sadəcə aradan götürülüb. Yəni, əslində var, amma həm də yoxdur:


Nə üçünsə yadıma

Bir bulaq düşdü bu dəm

Mən bir bulaq görmüşəm,

Əslində görməmişəm.

Çox baxdım dibindəki

Əlvan daşa, yosuna

Dostum dedi: Nə batdın

Yenə şeir yasına.
Verilən sual və alınan cavab ayrı-ayrı şeylərdir, cavablar suallara, suallar da cavablara aid deyil, onların tən ortasından keçən, bu sual-cavabları yarı bölən MƏTLƏB var. Böyük bir nəfəs var. Nəfəsin böyüklüyü əslində estrada meydanında uca səslə hayqırmaq deyil. Nəfəsin böyüklüyü, bir sözlə onun varlığı mistik bir şeydir – milli ədəbiyyatda əsas ideyaların gömüldüyü mətnlər arasında virtual əlaqələrin varlığının görünməsidir – hansı dərəcədə, bax, bunu şairin əhatə etdiyi nəfəs genişliyi həll edir. Geniş nəfəs özü ilə sel gətirir, bir çox şeyləri vurub-yıxır, yeni sərhədlər diktə edir, fatehlik duyğusunu oyadır, düşüncənin koordinatları dəyişir – hiss edilmədən, rənglərdən başqa onların işlənmə tezliyi, üslub, düşünmə tərzi dəyişir. 

Səməd Vurğun şeirinin intonasiyasını tanımaq üçün onun “Düşüncələr” şeirinə nəzər salmaq kifayətdir. Bu poetika, üslub sisteminin bütün ahəngi bu şeirdə qənirsiz ifadə olunub. Şeirdə vüsət, genişlik, hə şeyin yerdən göyə kimi şahə qalxması, sonra son nöqtəyə qədər aramla, yenə də həmin intonasiya qəlibi içində enməsi var. Rəsul Rzada daxili güc, qüdrət, sözün poetik enerjisi başqa bir formada ifadə olunub, “Ərk qalası” şeirində olduğu kimi. Burada bir-birinə çatmayan səslərin, hecaların, az qala fonemlərin parlaq görüntüsünü almaq əsasdır, ən incə detallar, “su altında qalan” hissələr belə görünür və belə görüntüyə nail olunması əsas poetik qayədir. Bu iki sistem nə qədər fərqlənsə də onlar daxilən birdir, birləşmənin perspektivi görünməsə belə, ən azı bu iki sistemin ədəbi prosesə göstərdiyi təsirlərin vahid ideya kimi qovuşması halında. Onların hər ikisindən fərqli olaraq Əli Kərim ədəbi prosesə kənardan təsir göstərdi, ədəbi prosesin içində çoxdilliliyə, polifoniyaya geniş meydan açdı. Əli Kərim Azərbaycan şeirinə çoxdan həsrətində olduğu bir sakitlik, sakit axar gətirdi, kənardan təsir göstərməsinə baxmayaraq ədəbi gedişatı milli parametrlərə tam uyğunlaşmağa məcbur etdi, poetik mətnin içindəki bədii təfəkkürün diferensiasiyasına meydan açdı, ənənəvi anlayışların mündəricəsi elə bil ki, dəyişdi, şeir təzədən doğuldu, insanlara başqa cür çatdı, tam fərqli şeyləri izah etdi. Məncə 70, 80, 90 və xüsusən də 2000-ci illərdə Azərbaycan şeirində Əli Kərimin reformator təsiri tam gücü ilə işlədi, yalançı estrada effektləri arxa plana keçdi.  

Əli Kərim şeiri və onun araşdırılması filoloji fikrə dərindən təsir göstərdi. Bu mətnlər əsasına filoloji araşdırma geniş perspektivləri ilə seçildi, Əli Kərimin hətta gənclik dövründə qələmə aldığı “Üçüncü atlı” poeması və digər əsərləri tədqiqatı şair və onun prosesə təsiri dairəsindən çıxardı, bədii mətn üzərinə gətirdi, milli filoloji fikrin bir sıra məsələlərinin hərtərəfli həlli üçün geniş imkanlar yaratdı.  

Əli Kərim Azərbaycan şeirində həm obraz, həm də üslubdur. Müəyyən mənada. Heç kəs onun təsirinə uymaqdan, ona oxşamaqdan qorxmur, çünki bu təsir yazan adamı yeni mətləblərin üstünə gətirir. Əli Kərim kimi yazmaq texniki məsələ deyil, yoldur, ədəbi əqidədir. Onun bu mənada, məsələn, “Şəhidliyin zirvəsi” şeirini yazması təsadüfi deyildir, bu şeir həm də Azərbaycan poeziyasında əsrlər boyu gedən proseslərin qaynayıb-qovuşması, bəhsləşməsi anlamına gəlir, ənənənin içində ən kamil, əbədi-sabit parametrlərin boyaboy görünməsidir.


***

Müəyyən zaman kəsimində yaradıcılığı ilə ənənə yaradan və özündən sonra yazılan mətnlərin istinad mənbəyinə çevrilən şairlərin milli ənənə ilə əlaqə və münasibətlərinin öyrənilməsi böyük əhəmiyyət daşıyır. Əli Kərim “ənənə” adı altında vaxtilə nə qədər tənqid olunsa da, bu, əslində yeniliyin, yeni üslubun qəbul edilməsinin mürəkkəbliyi ilə bağlı idi. Onu qəbul etməyən, şeirlərini krossvorda bənzədən və özləri ənənənin içində qərq olan, itib-batan şairlərin yazdıqlarının çoxu bu gün oxunmur. Ənənə ona müqavimət göstərilməsini sevir, bu müəlliflərin müqaviməti öz mətnlərindəcə qırılır, ancaq bunun “acığını” ədəbiyyatdan bəhs edən yazılarında yazı manerası etibarı ilə onlardan çox yüksəkdə dayanan şairlərdən çıxırdılar. Belə bir psixoloji gərginlik bizim ədəbi aləmdə bu və ya digər şəkildə həmişə olmuş, onun acı nəticələri ən yaxşı mətnlərin qavranılması, təsir dairəsinin genişlənməsi və gələcək mətnlərin dünyaya gəlməsində hiss edilmişdir.



****
Əli Kərim kimi şairlər üçün zaman, vaxt sərhəddi müəyyənləşdirmək, ad günü, yubiley tədbirləri keçirmək, əl çaldırmaq, məzarının üstünə gül dəstələri qoyub alovlu çıxışlar etmək....adama birtəhər gəlir, hər şeydən qabaq ona görə ki, Əli Kərim kimi, Müşfiq kimi şairlərin «məziyyəti» onların bu fani dünyadan nakam köçmələri ilə yox, zamanı tutan, dolduran, zaman üçün etalon yaradan SÖZ deməsiylə ölçülür. Bu arada unudulmaz və unudulan şair Müşfiqin adını təsadüfi çəkmədik, Əli Kərim haqqında xatirələrin birində belə bir məqam var ki, institutda oxuyarkən gecələr bir neçə nəfərlə bir yerə yığışar, işıqları keçirər (...işıqlar hər yerdə çoxdan keçibdi...), Müşfiqin şerlərini oxuyarmışlar, lampa işığında (...lampa işığında neynəyəcəksən...). Müşfiq və Əli Kərim... bu iki ad Azərbaycan poeziyasında, Azərbaycan ədəbiyyatında çox şeylərdir, «dünyəvi ölçüləri» olmasa da, dünyanı tutan, dünyanı ötüb keçən (məhz buna görə də «unudulan-!») hadisələrdir. Əli Kərim poeziyaya yeni metafora, daha doğrusu yeni metaforik biçim, görüntü – məkan-zaman görüntüsü gətirdi. Fikir verin:

Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin