F. H. Zeynalov


III.2. Semiotikada Ç.Pirs mərhələsi



Yüklə 1,55 Mb.
səhifə18/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   14   15   16   17   18   19   20   21   ...   83
III.2. Semiotikada Ç.Pirs mərhələsi
İşarələrin təbiəti məsələsi Ç.S.Pirsin sevimli mövzusu olmuşdur.17 R.Yakobson Ç.Pirsi dilçilikdə yolgöstərən kimi xarakterizə edir.18

1867-ci ildə Amerika İncəsənət və Elm Akademiyasında çap etdirdiyi “On a New List of Categories” əsərində Ç.Pirs semiotika sahəsində düşüncələrinin zirvəsinə qalxır və bütün axtarışlarını yu­xa­rıda adını çəkdiyimiz “Essay” əsərində tam şəkildə ümumiləşdirib bir konsepsiya yaradır. Bütün ömrü boyu Ç.Pirs işarə haqqında düşünüb və onları kifayət qədər dərindən və hərtərəfli bir zəmin üzə­rində nəzəriyyə şəklində açıqlayıb. O, tez-tez J.Loka və Y.Lam­bertə istinad edir, ilk dövrlərdə semiotik, semeiotiksemeotik terminlərini işlətməsə də, aşağıdakı fikirləri söyləməkdə haqlı görünür. “Bildiyimə görə mən, semiotika adlandırdığım sahənin şərhi və açılışındakı əməyimdə pionerəm, daha doğrusu, arxadan boylananam (Hinterwäldler) [...] və mən bu sahəni çox geniş və avanqardist üçün çox böyük iş hesab edirəm.”19

O bəzi hallarda semiotika sahəsində yalnız dilin tədqiqilə məhdudlaşmağı qəbul etmir. Onun araşdırmaları yalnız alimin ölü­mündən 20 il sonra (1934 – F.V.) işıq üzü gördü. “Şüur və dil” adlı mühazirə mətnləri isə (1866/67) təxminən yüz ildən sonra (1958) oxuculara bəlli oldu. Onun 8 cildlik əsəri dilçiliyin və semiotikanın inkişafına öz layiqli töhfəsini verdi. Ç.Pirs interpretinterpretant terminlərindən istifadə edir. Onlar müxtəlif şeyləri bil­dirir: interpret məlumatı qəbul edəni, dinləyəni göstərir, interpretant dinləyənin məlumatı dekodlaşdırmasında başa düşmək üçün istifadə etdiyi açardır. Bəziləri güman edirlər ki, guya Ç.Pirsdə interpretantın yeganə funksiyası odur ki, hər bir işarə kontekst vasitəsilə açılır, başa düşülür. Halbuki Ç.Pirs yazırdı ki, “öncə bilavasitə interpretantı fərqləndirmək lazımdır, görək interpretant özü düz mənada özünü necə göstərəcək və bu da adətən işarənin mənası ad­lanır.”20 Başqa sözlə desək, interpretant işarənin özündə, kontekst­dən və söyləmin digər şərtlərindən asılı olmayaraq nəyin ifadə olun­masıdır. Ç.Pirs yazır ki, məna bir işarənin digər bir işarə sisteminə tərcü­məsindən başqa bir şey deyildir. O, bütün işarələrin özəl­liklərini qeyd edərək yazır ki, onlar (özəlliklər - F.V.) başqa işarələrin məhdudsuz ardıcıllığına çevrilə bilməkdir ki, bu da onların müəyyən mənada qarşılıqlı ekvivalentliyini göstərir.

Beləliklə, bu nəzəriyyəyə görə işarə şərh olunmaq imkanıdır, özü də dinləyənin (qəbul edənin) olması zəruri deyil. Deyək ki, xəstəlik simptomları da işarə kimi götürülə bilər. Müəyyən yerdə tibbi semiologiya semiotika ilə, işarə haqqında elmlə qonşu ola bilir.

İşarənin 2 tərəfliliyi, onun işarələməsi və işarələnəni bildir­məsi Ç.Pirsdə aydın şəkildə ifadə olunur: ŋĩo = ŋĩo (işarələyən) və ŋĩóo (işarələnən). Onun üçlü bölgüsündə 1) indeks faktiki davamlılıq əsasında işarələyənin işarələnənə daimi bağlılığıdır; 2) ikon faktiki oxşarlıq əsasında iki tərəf arasındakı əlaqədir; 3) simvol müəyyən edilən, razılaşdırılan, adətə uyğun işarələyənlə işarələnən arasındakı əlaqədir. Ç.Pirsdə simvol iki digər növdən fərqli olaraq predmet deyil, o, çərçivə qanunudur ki, yerin­dən asılı olaraq replika və hallar şəklində reallaşmaqla o biri ikisin­dən fərqlənir. Ç.Pirs göstərirdi ki, 3 növün biri müəyyən sistemdə dominant ola bilər, buna baxmayaraq o biri ikisilə, ya da onlardan birilə əlaqələnə bilər. Məs., simvol ikon və indekslə birləşə bilər. “Əksərən arzu olunandır ki, reprezentat bu üç funksiyadan digər ikisini və ya üçüncünü istisna etməklə işlətsin, ancaq ən mükəmməl işarələr onlardır ki, onlarda ikon, indeks və simvol əlamətləri imkan daxilində bərabər şəkildə bir-birinə qarışsın.”21

Ç.Pirsdən daha bir sitat: “Çox çətin, bəlkə heç mümkün olmaz ki, təmiz mükəmməl indeksə misal verək və ya işarə tapaq, onda heç bir indeks keyfiyyəti olmasın... Diaqramın adətən simvolik xüsusiyyətlərilə yanaşı təbiətcə indeksə yaxın əlamatləri də var, ancaq buna baxmayaraq o əslində həm də ikondur.”22 Aşağıdakı şəkildə bunu aydın görmək olur.


Şəkillər_______________________ simvol


ikon Azərbaycan



bayrağı

indeks /kitab/

/k#i#t#ả#ḅ/ adam dayanıb şəklinə baxır

Qeyd edək ki, F.de Sössür semiotika tarixində dönüş yaratmış alimlərdən hesab olunur.23 Onun işarə haqqında elmi “semiologiya” (arabir signologiya) adlandırmaqla özündən qabaqkılara əsaslan­madığı birmənalı şəkildə aydın olur. Bunu həm onun işlət­diyi termindən, həm də əsasən dildəki işarələrin qanunauy­ğun­luqlarını semiotik prinsiplərə rəğmən izahından görmək olur. F.de Sössür di­lin işarəviliyini sübut etməyə çalışır. O, özü “Niyə indiyə kimi semiologiya yox idi?” sualına (1967, s.52) tam və aydın cavab ver­mir. Onun işarə haqqında mülahizələrini XIX əsrin 90-cı illərində dağınıq söylənmiş fikirlərindən, bir də 3 il ərzində oxuduğu mühazirələrdən izləmək mümkündür.

F.de Sössür dili işarələr sistemi saymaqla çox böyük irəliləyiş əldə etmişdir və o, işarəliliyi səslə fikir arasında əlaqədə axtarır. F.de Sössürün semioloji sistemində “işarə=semioloji dəyər” bərabərliyi mühüm rol oynayır.

Ş.Balli (1902-1976) və A.Seşeye (1907-1957) F.de Sössürün dinləyicilərinin mühazirə konsepktləri əsasında (özləri bilavasitə F.de Sössürün şagirdləri olmayıblar – F.V.) hazırlayıb çap etdir­dikləri “Cours de linguistique générale” kitabında o qədər əlavələr və şərhlər ediblər ki, bununla da cenevrəli ustadın fikirlərinin təhrifinə geniş meydan yaradıblar. Ç.Pirsdən və E.Husserldən fərqli olaraq (onlar semiotikanın əsaslarını işləyib hazırlamışdılar – F.V.) F.de Sössür semiologiyadan gələcək mənasında danışır.

3 il ərzində (1908-1911) mühazırə oxuduğu tələbələrinin qeyd­lərinə əsasən R.Yakobson yazır ki, F.de Sössür dili işarə sis­teminə daxil etməklə onu işarə haqqında elmin tərkib hissəsi elan edirdi. Bunu da semiologiya (yunanca ŋīo “işarə” deməkdir) adlandırmağı təklif edirdi. Dilçilik də həmin işarələr haqqında elmin tərkib hissəsi olmalıdır. Dilçilər dilin semioloji xarekterini açmalıdır; yeni elmin vəzifəsi müxtəlif işarə sistemlərinin fərqlərini və oxşarlıqlarını tapmaqdır.

“Semiologiyanın ümumi qanunları müəyyən ediləcək.”24

F.de Sössür qeyd edir ki, dil yeganə işarələr sistemi deyil, yazı, görünən naviqasiya siqnalları, hərbi təbillər, nəzakət jestləri, mərasimlər, adətlər və s., bütün bunların, F.de Sössürə görə, se­mioloji xarakteri var.25

F.de Sössür yazır ki, dil işarə nəzəriyyəsinin xüsusi halından başqa bir şey deyildir. O, şahmat oyununun qrammatikasını onun fiqurlarının müvafiq vacibliyilə müqayisə edərək bu oyunu dillə qarşılaşdırır, çünki bu semioloji sistemlərdə oxşarlıq anlayışı dəyər anlayışı ilə çoxalır və əksinə.26

Semioloji yanaşma yalnız sinxron səviyyədə mümkündür, çün­­ki dəyər sistemin tarixi mərhələlərinin ardıcıllığından keçə bil­məz.

F.de Sössür dildəki semioloji invariantlığın kontekstdən və fərdi dəyişikliklərdən asılı olmayaraq mövcudluğunu sübut etmək üçün dili simfoniya ilə müqayisə edərək göstərir ki, musiqi əsəri onu kimin, necə ifa etməsindən asılı olmayaraq mövcuddur. İfa heç bir əsərin özü ola bilməz, onun həqiqi xarakterini aça bilməz. Üzeyir bəyin “Üvertürası”nın hər zaman ifası həmin əsərin özü deyildir.

F.de Sössürün semioloji təlimində aşağıdakı qarşılaşmalar mühüm rol oynayır.


1) dil və danışıq: langage (dil fəaliyyəti)
langue (konkret bir dil) parole (danışıq)
2) işarənin ikitərəfliliyi: signifikans/siqnifikat və ya signans/signatum (işarələyən/işarələnən)

3) xəttilik: /a+r+a+b+a // +l+a+r // +d+a+n/

4) diskretlik: /a / r / a / b / a / l /a / r / d / a / n /

5) ixtiyarilik (arbitrerlık): işarələyənlə işarələnən arasında birbaşa əlaqə yoxdur.

6) sinxron/diaxron: dil sistemi bir zaman kəsiyində, onun tari­xən keçdiyi zaman ardıcıllığından asılı olmayaraq öyrənilməlidir.

Aşağıda bunların hər biri üzərində bir qədər ətraflı dayanacağıq.

Hələlik isə F.de Sössürdən sonra dil və dillər haqqında elmin işarə və işarələr haqqında elmə münasibətinin inkişafı istiqa­mət­lə­rinə nəzər yetirək. E. Kassirerin (1874-1945) bir fikrini burada gətir­mək pis olmazdı. O, 1945-ci ildə N.Yorkda dilçilik dərnəyində çıxış edərkən elan etmişdi ki, dilçilik semiotikanın bir hissəsidir.27

Müxtəlif işarələr arasında fərqləri və oxşarlıqları həddən artıq şişirtmək və onların hüdudlarını daraltmaq yaxşı nəticələrə gətir­məz. Bəlkə də dil işarələrini ayrıca elm kimi öyrənmək lazımdır. Bəli, tamamilə doğrudur, çünki dil işarələri mahiyyətcə digər işarə­lərdən çox ciddi fərqlənir. Təssüf ki, F.de Sössür və onun ardıcılları dil işarələrini və digər işarə sistemlərini bir-birindən ayıran cəhətləri daha dərindən tədqiq etmək, onların hər birinə xas olan əlamətləri tapmaq əvəzinə onların bütöv işarə sistemlərinin tərkib hissəsi olmasını sübut etmk üçün daha çox səy göstəriblər. Digər tərəfdən, dil işarələrini semantikanın obyekti olan digər işarələrdən ayırmaq istəyən eqosentristlər semantikanı dilçiliyə sinonim kimi götürmək istəyirlər.

Dil işarələrinin hər iki tərəfində signans və signatum əlaqələri bütün ünsiyyət səviyyələrində distinktiv əlamətlərdən tutmuş dis­kursa qədər öz dəyərini saxlayır, hərçənd ki, onlar struktur, funk­sio­nal və həcm baxımdan fərqli olsalar da, hamısı eyni elmin ob­yekt­ləridir. Onların dərk olunması beynin sol yarımkürəsində baş verir.

Semiotikaya təbii dillə bərabər formal dillərin, habelə riyaziy­yat və məntiqin müqayisəli təhlili də aiddir. Kodla kontekst əlaqə­lərinin təhlili yaxşı perspektivdən xəbər verir. Eyni zamanda dilin ikinci model düzəldən strukturlarla, o cümlədən xüsusilə mifologiya ilə konfrontativ təhlili uğurlu ola bilər. Bununla da mədəniyyətin semiotikasını əhatə etmək olardı. Heç cür razı olmaq mümkün deyil ki, dilin problemləri öyrəniləndə başqa işarə sistemlərinin əlamətləri kortəbii şəkildə dilə və əksinə tətbiq olunsun. Hər iki yanaşma təhlü­kəlidir və onlardan hər birinin spesifik xüsusiyyətlərini üzə çıxart­mağa maneçilik törədə bilər.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin