Yanaşma əlaqəsi. Bu əlaqənin morfoloji əlaməti yoxdur. Bu əlaqə söz sırası və intonasiya əsasında qurulur. Asılı tərəf əvvəl, əsas tərəf sonra işlənir. Asılı tərəf əsas tərəfə yanaşır və tabe olur. Məs:
Mavi göylər, uca dağlar,
Mərmər abidələr, tökmə heykəllər.
Bəzəkdir hər böyük, kiçik şəhərə
Asılı tərəfin əsas tərəfə məna və intonasiya ilə bağlanmasına yanaşma deyilir.
Söz birləşmələrinin və cümlənin formalaşmasında bu əlaqənin böyük rolu var.
Yanaşma öz xarakterinə görə iki növü ayrılır:
1.Tam yanaşma
2.Tam olmayan yanaşma.
Tam yanaşmada əsas və asılı tərəflər arasına daxil olan sözlər əsas tərəflə yanlız yanaşma əlaqəsində olur. Yanaşmanın bu növündə əsas və asılı tərəflərin arasında uzlaşma, idarə əlaqəli sözlər daxil ola bilmir. Maraqlı kitab. Həmin maraqlı kitab. Çox maraqlı kitab.
Tam olmayan yanaşmada yanaşan sözlə yanaşılan söz arasına müxtəlif sözlər daxil ola bilir. Araya daxil olan bu sözlər yanaşma əlaqəli birləşmənin ikinci tərəfi ilə yanaşma əlaqəsində deyil, başqa əlaqədə olur. Məs: Səhər Adil kitabları bizə gətirdi.
Səhər-gətirdi, yanaşma
Adil-gətirdi, uzlaşma
Kitabları-gətirdi, idarə
Yanaşma əlaqəsində əsas tərəf isim və fellərdən ibarət olur. Başqa nitq hissələri-sifət, say əsas tərəf kimi işləndikdə isimləşir. Məs: həmin gözəllər.
Asılı tərəf ismi, sifət, say, əvəzlik, feli sifət, feli bağlama və zərflərdən ibarət olur. İsmin ismə yanaşması isimlərin atributivləşməsinə səbəb olur. İsmin əşya məzmununa əlamət, keyfiyyət məzmunu qarışır: qızıl qaşıq, dost ölkə, taxta döşəmə.
Sifətlərin isimlərə yanaşması dil üçün daha xarakterikdir. Çünki sifətlər mənşə etibarilə isimlərin ifadə etdiyi əşyanı əlamət, keyfiyyət cəhətdən səciyyələndirmək üçün yaranmışdır: sərin hava, laləli çəmən, qara torpaq.
Saylar da yaranış etibarilə isimlərlə bağlıdır. Əşyanın miqdarını, sırasını bildirmək üçün isimlərlə yanaşma əlaqəsində olur. İki uşaq, bir neçə tələbə, xeyli kitab.
Əvəzliyin bütün məna növləri deyil, işarə əvəzlikləri, təyini əvəzliklər və bəzi sual əvəzlikləri isimlərlə yanaşma əlaqəsində olur.məs: o adam, bu kitab, hansı dəniz.
Tərz, zaman, dərəcə, kəmiyyət zərfləri fellə yanaşma əlaqəsində olur. Məs: tez-tez danışmaq, sonra soruşmaq, xeyli sevinmək və s.
Yanaşma əlaqəsi qoşmaların iştirakı ilə də yaranır. Məs: Sabir kimi şair, daş kimi yatmaq, çiçək kimi zərif və s.
İdarə əlaqəsi. İdarə əlaqəsi də tabelilik əlaqəsi kimi, özünü əsas və asılı tərəflər arasında göstərir. Morfoloji əlaməti ismin hal şəkilçiləridir. Əsas tərəfin tələbi ilə asılı tərəf ismin bu və başqa halında işlənməli olur. Hal şəkilçili tərəf asılı tərəfdir.
Dostları ilə paylaş: |