Mixail Çakır (27.04.1861, Çadır qəsəbəsi- 08.10.1938, Kişinyov şəhəri). 1812-ci ildə qaqauzlar Bucaq bölgəsinə köçürüləndə Mixail Çakırın ata-babası da Çadır (indi Çadır–Lunqa adlanır. Lunqa sözü də moldavca çadır deməkdir) yerləşdirilir. Ilk təhsilini doğulduğu Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhərindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda öyrətmən işləməyə göndərirlər. Qısa bir zamanda din xadimi və öyrətmən kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yanaşı, keşiş vəzifəsini də yerinə yetirir. Mixail Çakır protoiyerey (dini rütbə, keşiş - Ə.Ş.) rütbəsinə yüksəlir.
1884-cü ildə onu dini işlər üzrə məhəllə müvəkkili və rusca və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər. O, qazandığı nüfuzdan istifadə edərək kilsədə duaların milli dillərdə oxunmasına razılıq ala bilir (Türkiye dışındakı…, 1999:351, 12-ci cild).
Xalqının dini anlayaraq sitayiş etməsi üçün “Incil”dən və başqa din kitablarından çox istifadə olunan duaları ana dilinə və moldovcaya çevirib çap etdirir və kilsələrdə oxuyur. O, xristian dininin müqəddəs kitabı olan “Evangeliya” (Incil), “Psaltır” (dini nəğmələr), “Liturqiya” (kilsə duası), “Çasoslov”, “Kilsənin qısa tarixi”, “Yeni müqəddəslərin tarixi”, “Keçmiş müqəddəslərin tarixi” və s. əsərlər tərcümə etmiş və yazmışdır(Çebotar,7). Hətta 1907-ci ildə qaqauz türkcəsində bir səhifəlik dini qəzet də çıxarmağa nail olmuşdur.
O, qaqauzların keçmişini, adət-ənənəsini, xalq ədəbiyyatını araşdırıb “Qаqаuzs Bеndеrskоqо uеzdа” (“Bender vilayətinin qaqauzları”) adlı irihəcmli bir əsər və “Qaqauzca-Romence laflık” kimi sözlük də yazmışdır. Latın hərfləri ilə və rumın (romen) əlifbasında qaqauz türkcəsi ilə yazılan bu əsərlər yüksək bədii dəyərə malik olmasa da, qaqauz türkcəsinin söz ehtiyatından yararlanmaq baxımından bugün də diqqətçəkəndir. Araşdırıcıların verdiyi bilgiyə görə, M.Çakırın 34 kitabı nəşr olunmuşdur. Əsasən xristian dininin yayılmasına xidmət etməsi planlaşdırılmış bu əsərlər milli şüurun oyanmasına da səbəb olurdu. Yazar öz xalqının tarixini, soykökünü öyrəndikcə özünün də milli duyğuları güclənirdi. Onun yaradıcılığının ən məhsuldar dövrü Bessarabiyanın Rumıniya hökumətinin tərkibində qaldığı dövrdür.
M.Çakır bu dövrdə Türkiyənin Rumıniyadakı səfiri, böyük millətsevər və maarifçi Həmdullah Süphi ilə tanış olur. O, M.Çakıra güclü təsir göstərir, elmi araşdırmalar aparmasına münbit şərait yaradır, onu hakimiyyət orqanlarının basqılarından qoruyur.
Qaqauzlar 1918-ci ildə Rumınyanın tərkibində deyil SSRI-də yaşasaydılar, yəqin ki, bolşeviklər din adamı kimi M.Çakırı da ya gülləyəcək, ya da ən yaxşı halda Sibirə sürgün edəcəkdilər.
SSRI-nin Bessarabiyanı işğalından sonra çox kilsələr qa-pandığından, ibadətlər yasaqlandığından, dini məktəblər bura-xıldığından qaqauz türkcəsinin inkişafında bir durğunluq yarandı. Din xadimləri də unutdurulmağa çalışılır. Bunun nəticəsində Mixail Çakırın da qəbrini ziyarət edənlər olmur. 1980-ci illərin ikinci yarısından, milli oyanışdan sonra qaqauz ziyalıları uzun müddət Mixail Çakırın qəbirini axtarsalar da, tapa bilmirlər.
2000-ci illərdə qəbirüstü abidələrdəki qiymətli metalları oğurlayıb satanların sayəsində Mixail Çakırın da qəbrinin yeri müəyyənləşir. Qəbirüstü başdaşı öncəki şəklinə salınır. Indi qaqauz aydınları buranı tez-tez ziyarət etməklə yanaşı, gələn qonaqları da oraya aparırlar.
* * *
Sovetlər Birliyi dağıldıqda qaqauzlar da tarixi keçmişlərinə, mədəniyyətlərinə üz tutmağa başladılar. Var səsləri ilə ümumtürk tarixinin, ədəbiyyatının, mədəniyyətinin varisləri olduqlarını bildirdilər. Ədəbiyyat tarixlərinin Orxon-Yenisey abidələri ilə, “Divan-i lügat it-Türk”lə, “Kutadqu biliq”lə, “Kitabi- Dədə Qorqud”la və b. əsərlərlə başladığını yazdılar.
Stalinin ölümündən sonra keçirilən Sov.IKP-nin XX qurultayında quruluşun nöqsanlarının böyük qismi ölkənin rəhbərinin adına yazıldı. Stalin şəxsiyyətə pərəstişdə suçlandı. Bu təkcə SSRI-də deyil, sosialist ölkələrində də bir yumşalma yaratdı. Vəziyyətdən istifadə edən qaqauz ziyalıları 1957-ci ildə kiril əlifbası əsasında yeni qaqauz əlifbasının yaradılmasına, məktəblərdə ana dilində dərslərin keçilməsinə, dərsliklərin hazırlanmasına, rayon qəzetlərində qaqauz türkcəsində səhifələrin hazırlanmasına razılıq ala bildilər. Bu da yazılı qaqauz ədəbiyyatının formalaşmasına şərait yaratdı. Rus, ukrayna və moldov dillərində təhsil alan qaqauzlar bundan sonra toplu yaşadıqları kənd və qəsəbələrin əksəriyyətində ibtidai siniflərdə ana dilində oxumağa başlayırlar. Yuxarı siniflərdə isə qaqauz türkcəsi və ədəbiyyatı tədris olundu.
1957-1960-cı illərdə “Moldaviya Sotsialiste” qəzeti həftədə bir dəfə qaqauz türkcəsində səhifə çap etməyə başladı. Dionis Tanasoğlunun və Nikolay Baboğlunun hazırladığı bu səhifələr qaqauz yazılı ədəbiyyatının inkişafına təkan verdi. Burada Nikolay Baboğlu (Baboqlu), Vasili Duloğlu, Aleksey Tukan, Filip Topaz, Mina Kösə, Stepan Kuroğlu, Savel Ekonomov kimi yazarların ədəbi yaradıcılıq nümunələrinin çapına, bununla da onların qələminin püxtələşməsinə şərait yarandı. 1959-cu ildə Kişinyovda “Bucakdan sesler – Literatura yazıları” adlı toplu çap olundu. Topluya folklor nümunələri ilə yanaşı, qaqauz şairlərinin də əsərləri daxil edildi. Qəzet-jurnal olmadan günümüzdə ədəbi əsərlərin yayılması, yaranması və formalaşması çox çətindir. Qaqauzların qəzet-jurnalları ardıcıl çıxmadığı zamanlarda yazıçı və şairlər əsərlərini dərs kitabları nəşr etdirməklə ana dilini zənginləşdirir, yetişməkdə olan nəslə təsir göstərirdilər.
1960-cı ildən sonra “Moldaviya Sotsialiste” qəzetinin qaqauz türkcəsindəki əlavəsi və ana dilində tədris dayandırıldı. Lakin qaqauzlar bununla razılaşmadı, ana dilində nəşrlərə nail olmaq üçün müxtəlif təşkilatlara müraciətlər edirdilər.
Sovet dövründə müttəfiq respublikaların hamısında və bir çox muxtar respublikalarda da yazıçılar ittifaqlarının ədəbi-bədii jurnalları, qəzetləri buraxılırdı. Moldova Yazıçılar Ittifaqının orqanı “Literatura iş arta” qəzeti də 1986-cı ildə qaqauz türkcəsində səhifə verməyə başladı. Bu səhifənin materiallarını Nikolay Baboğlu hazırlayırdı.
1988-ci il avqustun 14-də isə “Sovetskaya Moldaviya” qəzetinin əlavəsi kimi qaqauz türkcəsində, gənc şair Todur Zanetin redaktorluğu ilə “Ana sözü” adlı qəzet nəşrə başladı. Kiçik formatda (A3 formatında) 4 səhifəlik, ayda iki dəfə çap olunan bu qəzet qısa müddətdə böyük nüfuz qazandı. Azərbaycanlı oxucular, qəzet bağlanmasın deyə ona abunəçi olmağa, oraya məqalələr göndərməyə başladılar. Az müddətdə qəzetin tirajı 80 minə yaxınlaşdı. Kommunist partiyasının göstərişi olmadan 200 min əhalisi olan bir xalqın 80 min tirajla qəzetinin çap olunması görünməmiş hadisə kimi qarşılandı. Bundan narahat olan sovet məmurları “Ana sözü” qəzetinin adını ümumittifaq abunə kataloqundan çıxardılar.
1988-ci ilin noyabr ayında Azərbaycanda qaqauz ədəbiyyatı günləri keçirilməsi planlaşdırılmışdı. Lakin Moskvanın Qara-bağ problemini ortaya atması bu cür tədbirlərin keçirilməsini, Azərbaycanın türk respublikaları və toplumları ilə birbaşa əlaqəsini əngəllədi.
SSRI-nin dağılması respublikalar arasında rabitə xidmətini pozdu. Beləliklə “Ana sözü” qəzetinin abunəçiləri azaldı və qəzet maliyyə çətinliyi ilə üzləşdi. “Ana sözü” qəzeti səhifələrində ədəbi-bədii yazılara, folklor nümunələrinə geniş yer verirdi.
Qaqauz Yeri muxtariyyat əldə etdikdən sonra yeni qəbul edilmiş latın əlifbası ilə “Gagauz sesi” qəzeti, 1996-cı ildən Stepan Bulqarın redaktorluğu ilə “Sabaa yıldızı” ədəbi-bədii, publisistik, etnoqrafik jurnal, jurnalın əlavəsi kimi uşaqlar üçün “Güneşçik” və “Ana sözü” qəzetinin əlavəsi kimi uşaqlar üçün “Kırlangaç” jurnalı buraxılmağa başladı. Bu nəşrlər ardıcıl çap olunmasa da, qaqauz ədəbiyyatını istiqamətləndirir.
Dostları ilə paylaş: |