1.1. Bölgülərə ayırma Toplanmış nümunələrin bölgülərə ayrılmasında və janrlarinın müəyyənləşdirilməsində də fikir ayrılığı, qarışıqlıq yaranmışdır. Beləliklə, folklor nümunəsinin bölgülərə ayrılması daha çox mövzusuna görə müəyyənləşdirilmişdir. Məsələn, “zahmat yırları„, “igitlik yırları”, “igitlik-tarixi yırları”, “ tarixi yırlar”, “Sibir yırları”, “tapşurma, ya da nasiqat yırları”,“masxara-irişxat yırları”, “kazak yırları”, “haşık yırları”, “oylu yırlar”, “alışıp aytahan yırları” (Kumık xalk..., 2002) və s. başlıqlar altında antologiyalarda verilmiş nümunələrin böyük bir qismi türk xalqları folkloru üçün səciyyəvidir. Onların bir qismi yalnız qumuqlar yaşayan bölgələrdən toplandığına görə onları qumuq folkloru adlandırmaq olar. Hətta qumuq araşdırıcilarının topladıqları nümunələr arasında fərqlər olduğu kimi, bölgü prinsipində də fərqlər vardır. A.K.Abdullatipov və A.M. Sultanmuratovdan fərqli olaraq, Abdulhakim Hacıyev yırları “igidlik eposu”, “igidlik-tarixi yırlar”, “tarixi yırlar”, “balladalar”, “qanna qazaq yırları”, “Sibir və tosnaq yırları”, “haşıq yırları” kimi janrlara ayırır (Türkiye dışındakı..., 2002:21-107, 20-ci cild).A.K.Abdullatipov və A.M. Sultanmuratov „Anjili kız“ı igidlik eposuna daxil edirsə, Abdulhakim Haciyev onların fikri ilə razılaşmır, „Javatnı yırı“nı igidlik eposuna daxil edir. Bu bir daha onu göstərir ki, araşdırıcıların müəyyənləşdirdikləri bölgülər, janrlar şərtidir. Qumuq folklorşünasliğındakı bu halı noqaylarda, qaraçay-malkarlarda və b. xalqlarda da görmək olar.