2.Manufakturalar və sexlər. Fransanın sənaye inkişafı həm yeni, həm də ənənəvi istehsalı ilə səciyyələnirdi. Manufakturalar üçün muzdlu işçiləri kənd verirdi. Fransada dağınıq manufaktura daha geniş yayılmışdı. Onun təşkilatçısı tacir idi. Fransız şəhərləri öz mahudu ilə məşhur olub xarici bazarda ingilis, və italyan mahudu ilə rəqabət aparırdı. Fransa qalın kətan (giş) istehsalına görə Avropada I yeri tuturdu. Mərkəzləşmiş manufakturalar əsasən kralın dəstəyilə və əsasən Parisdə yaranırdı, lakin geniş yayılmamışdı. Bu manufakturalar bahalı əşyaların hazırlanması ilə məşğul idi. XVI — XVII əsrin I yarısında sex quruluşunun dirçəlişi ilə də səciyyələnir. Fransız taxt-tacı xəzinəni doldurmaq üçün metriza (sex ustası adı) satışı ilə məşğul olur, aşağı kütlələri tabeçilikdə saxlamaq üçün sexlərə himayədarlıq edirdilər. Yenidən təşkil olunan sexlər klassik orta əsr şəklində də deyildilər: sex quruluşu çərçivəsində yeni münasibətlər formalaşmaqda idi, sexlər yeni şəraitə uyğunlaşmağa başlamışdılar.
3.Ticarət. Fransanın mahud istehsalçıları öz məhsullarını Levanta və İspaniyaya ixrac edirdilər, eyni zamanda daxili bazarın da tələbatını ödəyirdi. İspaniyadan fransız mahudu Amerikaya göndərilirdi. Kətan isə İngiltərəyə, İtaliyaya, Levanta və İspaniyaya ixrac olunurdu. XVI əsrin ortalarına doğru Amerikaya fransız ixracatı kəskin şəkildə artır və fransız ticarətinin tərkib hissəsi olur. XV əsrin II yarısından Fransa italyan bankirlərinin və tacirlərinin sayəsində italyan ticarəti sisteminə daxil olur. XVI əsrdə Lion italyan ticarətinin mühüm mərkəzinə çevrilir. XVI — XVII əsrin I yarısı daxili bazarın təşəkkülündə də mühüm uğurlarla müşayiət olunur: ayrı-ayrı vilayətlər arasında iqtisadi fərqlər itir, əlaqələri isə möhkəmlənir, təsərrüfat ixtisaslaşması güclənir.
4.İlkin yığımın xüsusiyyətləri. Fransanın erkən kapitalist münasibətləri dövrünə daxil olması onun müstəmləkə sisteminin zəif olması ilə müşayiət olunurdu. Bu o demək idi ki, iri pul kapitalının təşəkkülü monarxiyanın başqa yollar axtarmasını tələb edirdi. Monarxiyanın iqtisadi siyasətində dövlət istiqrazları, vergi sistemi və proktesionizm əsas yer tuturdu. Dövlət istiqrazlarının üç müxtəlif mənbəyi var idi: dövlət rentalarının satışı, dövlət vəzifələrinin satışı və maliyyəçilərdən alınan borclar. Dövlət rentasının satışı dövlət istiqrazının ilkin forması idi. Renta satışı aktında monarxın domendən nizamlı gəlir götürməsi reallaşdırılırdı. Monarxiyanın mühüm gəlir mənbəyindən biri də mərkəzləşmiş vergi sistemi idi.
Nəhayət, fransız monarxlarının proteksiyaçı siyasəti ispan müstəmləkələrinin fransız malları ilə təmin edilməsində öz əksini tapmışdı.