6. Mütləq monarxiya. I Fransisk. Fransada mütləq monarxiyanın bərqərar olmasının əsas əlamətləri – monarxın əlində qanunverici və icraedici hakimiyyətin cəm olması və onun hüquqi əsasının təşkili idi. Fransa ərazisində vahid hüquqi məkan yaranırdı, yerli senyor hüququ aradan çıxırdı. Təşəkkül etmiş vassallıq münasibətləri (“mənim vassalımın vassalı – mənim vassalım deyil”) dağılır və mərkəzləşmiş qaydada (“mənim vassalımın vassalı – mənim vassalımdır”) yaranırdı. Bu dövrdə hakimiyyət orqanları da yoxa çıxır. XVI əsrin əvvəlləri – Baş ştatların aktiv fəaliyyətinin son mərhələsidir: Sonrakı dövrdə bu assambleya cəmi 4 dəfə çağrılmışdı – 1560, 1576, 1588, 1614-cu ildə. Bundan əlavə, monarx Paris parlamentinin (Ali məhkəmə palatasının) aktlar üzərinə veto qoymaq hüququnu da ləğv etmişdi. Bununla bərabər, yeni hökumət orqanları – kral şuraları və monarx tərəfindən təyin edilən notablların şuraları yaradılır. Buna paralel olaraq, bütün kral sarayının siyasi çəkisi artır. Bürokratik aparat genişlənir, daimi əyalət inzibati idarəsi meydana gəlir. Ordu möhkəmləndirilir, muzdlu ordu hakim hərbi təşkilat tipi olur. Mərkəzləşmiş vergi sisteminin təşkili üzrə tədbirlər görülür.
Mütləqiyyətin bərqərar olması I Fransiskin (1515-1547) adı ilə bağlıdır. Onun dövründə yeni hökumət şuraları: Böyük şura, işgüzar şura, xüsusi şura yaranır. Öz hakimiyyəti ərzində I Fransisk bir dəfə də olsun Baş ştatları çağırmır, onun sanksiyası ilə bəzi işlər parlamentə yox, Böyük şuraya göndərilərək müzakirə olunur. Separat əhval-ruhiyyəli Langedok və Overni şəhərlərinə qarşı kral ciddi tədbirlər görür, dövlət aparatını genişləndirir, dövlət vəzifələrini satmağa başlayır və xəzinəni xeyli genişləndirir.
I Fransiskdən başlayaraq Fransa dəniz ekspedisiyalarına başlayır. 1634-cü ildə kralın fransız dənizçisi Jak Kartyeyə təqdim etdiyi etimadnamədə yeni torpaqların fəthinə başlamaq məsləhət görülürdü. 24 iyul 1534-cü ildə Jak Kartyenin iki kiçik gəmisi Kanada sahillərinə gəlib çıxır. Sonralar Monreal, Kvebek kimi yaşayış məskənlərinin əsası qoyulur. 18 dəfə Fransadan böyük olan Kanada 200 il ərzində fransızların əlində olmuş, 1763-cü ildə İngiltərəyə keçmişdir.
I Fransiskin daxili siyasətində kilsə məsələsi də vacib yerdə idi. 1438-ci il Praqmatik sanksiyasına görə, qallikan kilsəsinin Romadan muxtariyyatının təminatçısı monarx özü idi. 1526-cı ildə İtaliya müharibələri gedişində papa X Levlə hərbi əməkdaşlıq edən kral Praqmatik sanksiyanı ləğv etmiş və Bolonya konkordatı bağlamışdı. Konkordata görə, I Fransisk ali kilsə vəzifələrinə prelatlar təyin etmək hüququ alırdı, sonra bu, papa tərəfindən təsdiqlənməli idi. Mütləqiyyət Fransada müqavimətə rast gəlirdi. Xüsusilə ali təbəqə öz siyasi imtiyazlarının alınması ilə razılaşa bilmirdi. I Fransiskin nəvələri II Fransisk (1559-1560) və IX Karlın (1560-1574) hakimiyyətinin zəifləməsi zadəganların və şəhərlilərin mütləqiyyət əleyhinə hərəkatını fəallaşdırdı.
7. Reformasiya. Fransız reformasiyası XVI əsrin ortalarında başladı, bu da I Fransiskin dövründə ölkədəki siyasi sabitliklə, qallikan kilsəsinin xüsusi statusu (milli səciyyə daşıması) ilə bağlı idi.
XVI əsrin əvvəllərində islahat uğrunda hərəkat Jak Lefevr d´ Etaplın (1455-1536) adı ilə bağlıdır. Əsərlərində alim katolik kilsəsinin bir çox ehkamlarının şərhini verir. Onun bu şərhləri kilsənin və cəmiyyətin humanistləşməsini nəzərdə tuturdu. XVI əsrin ilk onilliklərində Fransada Lüter ideyaları da yayılır. Lakin Lüter protestantlığı Fransada dərin kök sala bilmir. Sonrakı mərhələdə kalvinçilik yayılmağa başlayırş 1536-cı ildə “Xristian kilsəsi haqqında düşüncələr” əsərini çap etdirən Jan Kalvin kitabını I Fransiskə hədiyyə edir. Lakin I Fransisk Kalvinin qallikan kilsəsində islahat aparmaq çağırışını qəbul etmir. Bidətçi elan olunan Kalvinin kitabı Notr-Dam kilsəsi qarşısında yandırılır, müəllif ölkədən qovulur.