9. Dini müharibələrin I mərhələsi (1562-1570). Bu mərhələdə mübarizə gərgin səciyyə daşımamışdır. Hər iki feodal qruplaşması kralı tərəfinə çəkmək və ölkəni onun adından idarə etmək istəyirdi. Birinci mərhələ 1570-ci ildə Sen-Jermendə barışıq edikti ilə başa çatır. Quqenotlar Fransanın hər bir vilayətinin iki şəhərində dini ayin keçirmək və ictimai vəzifə tutmaq hüququ qazanır. Quqenotların başçısı admiral Qaspar Kolinyi saraya dəvət olunur.
10. II mərhələ (1572-1576). Bu mərhələdə geniş miqyaslı hərbi əməliyyatlar aparılmış, huqenotlar və katoliklər hakim sülaləyə qarşı çıxış etmişlər. II mərhələnin ən mühüm hadisəsi Parisdəki hadisələr olmuşdu. 1572-ci il 24 avqust gecəsi IX Karlın bacısı Marqarita Valua ilə huqenot başçısı Navarralı Henrixnin toyuna gələn huqenot zadəganlar katoliklər tərəfindən qətlə yetirilir, 24 avqust - Müqəddəs Varfolomey bayramı olduğu üçün, bu hadisə - “Varfolomey gecəsi” adını alır. Qətlə yetirilənlərin içərisində Qaspar Kolinyi də var idi. Hərbi əməliyyatlar Parisdən əyalətlərə də keçdi və 1572-ci ilin oktyabrınadək davam etdi. Bu hadisələrin qarşısını almayan kral hakimiyyəti Fransada vətəndaş müharibəsinə imkan yaratdı. Huqenotlar Fransanın cənubunda separat quqenot dövləti yaratdılar, bu dini müharibənin ən neqativ nəticə idi. Dini-siyasi nifaq Fransanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxardı. Özünüidarəçiliyə malik Huqenot konfederasiyasının öz ordusu və vergi sistemi var idi. Bu ittifaqın ali orqanı – Baş ştatlar idi, Huqenot konfederasiyasının qəti təşəkkülü 1575-ci ildə Nimdə huqenotların qurultayında baş verdi.
Dini müharibələrin ikinci mərhələsi huqenot tələblərinin yerinə yetirilməsi ilə başa çatır: Parisdən başqa, istənilən yerdə huqenot ayinlərinin keçirilməsinə, əyalət məhkəmə palatalarında onlara öz şöbələrini yaratmağa icazə verilir. Kral həmçinin Varfolomey gecəsində baş verənləri cinayət olaraq tanıyır, müsadirə olunmuş huqenot mülklərini onlara qaytarmağa icazə verir. 1576-cı ildə Katolik liqası da təşkil olunur. Onun başında Henrix Giz dururdu. Katolik liqa krala Baş ştatların qərarlarına ziyan vura biləcək hərəkətlərdən çəkinməyi təklif edirdi. Bundan əlavə, Liqanın bəyannaməsində əyalətəlrə onların əvvəlki imtiyaz və hüquqlarının verilməsi tələb olunurdu.