Fxslxgghpxn ncplhkxn ncpxl


İYİRMİ SӘKKİZİNCİ DӘRS KONFUSİON AYİNİ (2)



Yüklə 0,83 Mb.
səhifə30/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   ...   23   24   25   26   27   28   29   30   31

İYİRMİ SӘKKİZİNCİ DӘRS

KONFUSİON AYİNİ (2)

ETİQADLARI


Keçən dərsdə qeyd olundu ki, Konfusionun əsas təkidi cəmiyyətin islah olunması idi və o, bu məqsədlə bir sıra əxlaqi göstərişlər vermişdi. Amma bir məktəbi digərlərindən fərqləndirən sair etiqadi məsələlər barədə yeni bir nəzəriyyə təqdim etməmişdi. Konfusionun özü yeni bir əqidəvi cərəyan yaratmadığını və Çinin qədim etiqadi prinsiplərini qəbul etdiyini iqrar edərək deyir: «Mənim işim ixtiraçılıq deyil, bir yerə toplamaqdır», «Mən bir ixtiraçı deyil, mətləbləri nəql edənəm.» O, hətta öz ayininin ən ümdə əxlaqi təlimatlarının bir qismini öz nəzəriyyələri hesab etmir, onları əvvəlkilərin rəftarları əsasında qeyd edirdi.

Hər halda əxlaq normaları və prinsipləri Konfusion ayinin mühüm bir hissəsi sayılır; əhəmiyyət baxımından bu ayinin bu kimi yol göstərmələr və göstərişlər üzərində qurulması sair məsələlərdən öncə araşdırılır.


KONFUSİON ӘXLAQI


Konfusionun əxlaqi təlimlərinin əsasını təşkil edən üç prinsip aşağıdakılardır:

Li qanunu, şu qanunu, çun-tzo, yaxud kamil insan qanunu.



1-Li; Konfusionun Çin cəmiyyətini islah etmək istiqamətində bir qanun kimi yaratdığı bu kəlmə müxtəlif mənalarda işlənilmişdir. Bu mənalardan paklıq və təharət, ədəb və insaniyyət, qayda-qanunlar, ibadət və əməllər, ictimai əməl və rəftar nümunəsi və s. qeyd etmək olar. Li həqiqətdə elə qanun və prinsiplərə şamildir ki, sağlam cəmiyyət onun əsasında formalaşır. Cəmiyyətin idarə olunması və təkamül də bu üsul və qanunların əsasında gerçəkləşir. Bu üsullar ailə, cəmiyyət və hökumətin islah olunması üçün əsas rola malikdir. Konfusion inanırdı ki, bu qayda-qanunlara riayət olunarsa bütün ictimai ixtilaflar aradan gedər, cəmiyyət maddi-mənəvi təkamül yoluna qədəm qoyar, fəsad və əxlaqsızlıqdan qurtular. Konfusionun Li qanunu təlimlərinə diqqət yetirməklə üç məsələni araşdırırıq:

Li qanununun beş əsas prinsipi vardır ki, ümumbəşəri işlərin qayda-qanuna salınmasına, əlaqələrin yaxşılaşmasına səbəb olur. Bu da aşağıdakılardan ibarətdir: Övladın ataya, kiçik qardaşın böyük qardaşa, qadının ərinə, fəhlənin sahibkara və rəiyyətin hakimə itaət etməsi. Konfusion inanırdı ki, bu beş prinsipə riayət olunarsa ata, böyük qardaş, ər, sahibkar və hakim də öz vəzifələrinə əməl edəcək və bununla da cəmiyyət sağlam və səadətli olacaq. O deyir: «Hər bir ata öz ailə üzvlərinə asayiş və səadət yaratmaq işində tam məsuliyyət daşıyır; o, öz övladlarına gözəl insani keyfiyyətlər aşılamalı, onlar üçün nümunə olmalıdır.» Atanın bu təkliflərə əməl edə bilməsi üçün övladın da öhdəsinə müəyyən vəzifələr düşür: «Ata sağ olduğu müddətdə onun istəyinə uyğun əməl etməlidir, dünyadan gedəndən sonra onun rəftar və əməllərini nəzərə almalıdır. Mümkün qədər onu təqvalı və düzgün əməl sahibi bilməlidir.» Övlad valideynə itaət etməkdən əlavə, onlara ehtiram və qayğı göstərməli, incidib narahat etməməlidir. Bu barədə deyilir: «Yaxşı o kəs deyildir ki, öz bacarıqsız və zəif ata-anasına yemək çatdırsın. Çünki bu iş bəzi heyvanların da arasında müşahidə olunur. Yaxşı övlad o kəsdir ki, öz valideyninə ehtiram göstərsin»; «Yaxşı övlad o kəsdir ki, ixtiyarsız olaraq qarşıya çıxan xəstəliklər istisna olmaqla, heç bir vəchlə öz ata-anasının inciməsinə səbəb olmasın.»

Konfusion rəiyyətlə hakimin, fəhlə ilə sahibkarın əlaqəsi barədə belə deyir: «Әgər rəiyyət ölkə başçılarının fərmanından imtina etməsə, dövlət adamları onun işləri barəsində ədalətdən çıxmayacaqdır; fəhlələr sahibkarlara itaət etsələr, məhz bu zaman sahibkarlar fəhlələrin təsiri altına düşəcəklər. Belə olan halda cəmiyyətdə heç bir təzad, müharibə və ədalətsizliyə yer qalmayacaq və insanlar bir-birini sevəcəklər. Beləliklə, cəmiyyət rifah və asayişdə yaşayacaq, maddi-mənəvi yolda addımlayacaq.»

Buna əsasən Konfusion inanır ki, övlad atasına itaət etsə, ata da yaxşı tərbiyəçi olacaq, kiçik qardaş müti olsa, böyük qardaşın himayəsində olacaq, qadın itaətkar olsa əri ona vəfadar qalacaq, rəiyyət itaət edərsə, hakim rəiyyətin qayğısına qalacaq, fəhlə sahibkara itaət edərsə, sahibkar onun ehtiyaclarını təmin edəcək və beləliklə, cəmiyyətdə qarşılıqlı sülh və səfa-səmimiyyət yaranacaqdır.

İkincisi: Konfusionun tövsiyələrinə əsasən li qanunu evdə, şəhərdə, kənddə və nəhayət bütün ölkədə icra olunarsa, mötədillik və saziş yaranacaq, insanla varlıq aləmi arasında, yəni yerlə asiman arasında gözəl rabitə bərqərar olunacaqdır. Bu halda insani əməllər Tao yoluna müvafiq olaraq, mələkut aləminin iradəsi ilə həyata keçəcəkdir. Beləliklə, insanların iradəsi vasitəsilə Taonun istəyi gerçəkləşəcəkdir. Liyə müvafiq olan əməl bu iradənin bərqərar olunmasını mümkün edir və Taonun özü birbaşa cəmiyyətin təkamül və islahı əsasında olan istəyini həyata keçirmək əzmində olmayacaqdır.

Üçüncüsü: Konfusion nəzəriyyəsinə uyğun olaraq, li qanunu əsasında yerinə yetirilən ictimai qayda-qanunlar və ənənələr qədim nəslin adət-ənənəsi əsasında olmalıdır. Çünki keçmişdəki insanlar hamının səadətini istəyirdilər, qarşılıqlı qayğı və ehtirama səbəb olan insani ruh onlarda kamil şəkildə zühur etmişdir. Ata-babaların hamısı bir-biri ilə ədalət və ədəblə rəftar edirdilər; onların arasında kamil nəzm və möhkəm ədalət bərqərar idi. Yüksək rütbəlilərlə aşağı təbəqəyə mənsub olanlar bir-birinin vəziyyətinə tamamilə agah idilər. Bir-birinin məqam və mənzilətini gözləyir, öz aralarında hədd-hüduda riayət edirdilər. Bu barədə Konfusion belə deyir: «Qədimdə Fuşi kimi xaqanlar var idi ki, li qanununa əsasən camaata hökmranlıq edirdilər. Onlar ədalətli və xeyirxah idilər, rəiyyət də onları sevir və itaət edirdilər. Buna görə də ölkədə haqq-ədalət bərqərar olmuşdu. Buna əsasən ata-babalarımıza ehtiram qoymalı, onların adət-ənənələrinə pərəstiş etməliyik.» Konfusion şəxsən özü dini qayda-qanunlarda yeni bir şey ixtira etməməklə yanaşı, ata-babaların qayda-qanunlarına riayət etməyi və onların qanunlarına pərəstiş etməyi tövsiyə edirdi; o bu kimi dəyərlər qarşısında vəfadarlıq göstərir, çoxlu məbudlara sitayiş edir, ruhlara pərəstiş edir, imperatora təzim edir, qurbanlıq ayinlərini, eləcə də düzgün olub-olmamasından asılı olmayaraq, keçmişdən qalan xurafatçı adət-ənənələri yerinə yetirirdi.



2-Şu: Bu kəlmə Konfusion ayininin ikinci əxlaqi prinsipidir və mənası da «hər nəyi özünə rəva görmürsənsə, başqalarına da rəva görmə»dən ibarətdir. Dinşünaslar bu əxlaqi prinsipi xristianlıqda mövcud olan «camaatın sizinlə necə rəftar etməsini istəyirsinizsə, onlarla həmin cür rəftar edin» prinsipi ilə müqayisə etmişlər; bu prinsip xristianlıqda qızıl qanun adı ilə məşhur olduğu kimi, Konfusion qanununda da gümüş qanun kimi tanınır. Konfusion bu prinsipi taoizmin əxlaqi dəyərlərinin birində deyilən «pisliyin əvəzini yaxşılıqla ver» prinsipi qarşısında qəbul etmişlər. Deyirlər ki, bir gün Konfusionun «pisliyin əvəzini yaxşılıqla vermək» haqqında nəzərini soruşduqda cavab verdi: «Әgər pisliyə yaxşılıqla cavab versən, onda yaxşılığın əvəzini nə ilə verəcəksən? Ehsanı ehsanla qarşılamaq lazımdır, amma pis rəftara pis rəftarla cavab verib ədalətli mühakimə yürütmək lazımdır.»

O inanırdı ki, “şu”nu ümumi bir göstəriş surətində bütün ömür boyu həyatın bir qanunu kimi tətbiq etmək olar. Bu barədə nəql olunmuşdur ki, o, bir gün bir nəfər Konfusiondan soruşdu: Dünyada elə bir ümumi kəlmə və külli göstəriş vardırmı ki, onu bütün ömür boyu həyat qanunu seçək? O cavab verdi: «Bəli! Qarşılıqlı əməl, yəni şu həmin ümumi kəlmə və göstərişdir.» Mənası budur ki, özünə rəva görmədiyini başqalarına da rəva görmə.



3-Çun-tzo: Konfusionun üçüncü əxlaqi göstərişi çun-tzo, yaxud kamil insandır. O inanırdı ki, insanın kamal və üstünlüyü də li qanununun və şu prinsipinin riayət olunmasından asılıdır. Onun nəzərində kamil insan «həmişə valideynə məhəbbət bəsləyən oğul, öz övladları ilə ədalət və mehribanlıqla rəftar edən valideyn, öz sahibkarlarına qarşı vəfadar və əmanətdar olan məmur, öz həyat yoldaşı ilə vəfalı və səmimi olan ər, öz dostu ilə ədəbli və sədaqətli olan insandır.»

Konfusion bütün bu xüsusiyyətləri sədaqət sifətində xülasə edərək inanır ki, insan şəxsiyyətinin və rəftarının əsasını sədaqət təşkil edir. Bu sifət insanın üstünlüyünə və kamalına səbəb olur. O həmçinin kamil insan üçün digər xüsusiyyətlər və sifətlər də zikr edir ki, onlar da sədaqətdən aşağı mərhələdədir. O cümlədən: «Üstün insan camaat arasında tanınmaqla deyil, qüdrətə çatmaqla pərişan olur. Üstün insanın axtardığı şey onun varlığında mövcuddur, alçaq insanın axtardığı şey başqalarındadır. Kamil insan söz deməmişdən qabaq əməl edir, daha sonra öz əməlinin tələbinə uyğun olaraq danışır. O az danışıb çox əməl edir. Әməl və rəftarda mötədildir. Kamil insanın əməl və rəftarı, danışığı əvvəlki nəsillərin arasında bərqərar olunan cəmiyyətin külli qanunlarına müvafiq olmalıdır.


KONFUSİON AYİNİNİN ӘQİDӘLӘRİ


Konfusionun ən çox məşğuliyyəti cəmiyyətdə islahat işlərinin aparılması, xüsusilə hökumətin vəziyyəti, xalq kütlələrinin yüksək məqamlarla olan rabitəsi idi; o mənəvi məsələlərə çox az diqqət yetirirdi. Hətta dəfələrlə öz şagirdlərinin mənəvi və dini məsələlərlə əlaqədar suallarına cavab verməkdən boyun qaçırmışdı. Misal üçün, onun şagirdlərindən biri ölülərə (ruhlara) xidmət barəsində soruşduqda cavabında demişdi: «Xalqa xidmət etməyə qadir olmadığın halda onların ruhlarına necə xidmət edə bilərsən?» Yaxud, ölüm barəsində soruşulduqda demişdi: «Sən həyatı dərk etmədiyin halda ölümü necə başa düşə bilərsən?» Bununla yanaşı o, müqəddəs kitabları aşkar şəkildə qəbul edir, allahı aləmlərin yaradanı sanır, bəzən onu ilahi hakim mənasını daşıyan Şankti, bəzən də ərş və asiman mənasına olan Tiyen adı ilə yad edir. Konfusiondan nəql olunmuşdur ki: «Asimani təqdir və iradələri tanımadan ali bir insan olmaq mümkün deyildir. Yol qanunları ilə (Tao asiman yolu) tanış olmadan fərdi şəxsiyyətin sabitləşməsi qeyri-mümkündür.»

Amma əvvəldə qeyd olunduğu kimi, Konfusion özündən yeni bir etiqadi prinsip gətirməmiş, öz ardıcıllarını ata-babalarının ayininə dəvət və təşviq etmişdir. Onun özü də çox ciddi şəkildə keçmişdəkilərin etiqadlarına və adət-ənənələrinə riayət edirdi. Adi camaat kimi məbudlara sitayiş edir və onlara qurbanlıq hədiyyə edirdi.

Konfusionun ölümündən sonra ardıcılları onu müqəddəsləşdirməyə başladılar; ilahiləşdirməkdən əlavə, onun üçün məbədlərdə dua mərasimi, sitayiş və qurbanlıq da geniş şəkildə yayıldı. Bu qanunların əsası ilk dəfə eramızdan əvvəl 195-ci ildə qoyuldu; Çin imperatoru onun məzarı üstündə heyvanların kəsilməsini əmr etdi və tədrici olaraq bu iş genişlənib yayıldı. Artıq, 1200 ildir ki, ən azı ildə iki dəfə Konfusion üçün məbədlərdə dua mərasimi təşkil olunur və qurbanlıq hədiyyə edilir.

DӘRSİN XÜLASӘSİ


Konfusionun ən mühüm əxlaqi prinsipi Li qanunudur ki, onun əsasında cəmiyyətin müxtəlif təbəqələri özündən yuxarıdakı məqamlara itaət etməyə vəzifəlidir. Çünki bu yolla yuxarı məqamlı insanlar aşağı təbəqəyə mənsub olanların ehtiyaclarını təmin etmək üçün tədbirlər görür və onların işi islah olunur.

Konfusion ayininin müstəqil əqidə üsulları yoxdur və o öz ardıcıllarını ata-babalarının adət-ənənələrinə tabe olmağa çağırmışdır.


SUALLAR VӘ TAPŞIRIQLAR


1-Li qanununu izah edin.

2-Li qanununun icra olunması cəmiyyətin islahı üçün kifayət edirmi?

3-Şu nə deməkdir?

4-Çun-tzo, yaxud kamil insan Konfusionun nəzərindən hansı xüsusiyyətlərə malikdir.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin