BEŞİNCİ FƏSİL XÜSUSİ İMAMƏT VƏ VİLAYƏT
İşarə:
“Ümumi imamət”dən sonra “xüsusi imamət” məsələsini, Peyğəmbərdən (s) sonrakı məsum imam və ilahi canişinin kim olması mövzusunu araşdırmağa başlayırıq. Bu araşdırmada İslamın müxtəlif mənbələrinə, ayə və rəvayətlərə, eləcə də, ilahi rəhbərlərin tanınmasında ən gözəl üsullardan olan “şahidlər toplusu”na istinad edəcəyik.
Allahdan düşüncəmiz, qələmimiz və bəyanımıza haqq və həqiqəti cari etməyi, hər bir büdrəmə və çaşqınlıqdan uzaq olmağı diləyirik!
Əvvəlcə, Quran ayələrinə üz tutaraq “xüsusi imamət”lə əlaqədar ayələri araşdırırıq. Bu ayələri iki qismə bölmək olar:
1. İmamət haqda aşkar söz açan ayələr;
2. Bu haqda qeyri-müstəqim (və dolayısı yolla) söz açan ayələr.
Ümumiyyətlə, hər iki qismə aid olan ayələr çoxdur. Lakin məqsədimiz imamətə dəlalət edən daha aydın ayələri araşdırmaqdır.
Birinci qismə aid ayələr:
1-“Təbliğ” ayəsi və “Qədir-Xum” əhvalatı;
2-“Vilayət” ayəsi;
3-“Ulil-əmr” (əmr sahibləri) ayəsi;
4-“Sadiqin” (sadiq olanlar) ayəsi;
5-“Qurba” (ən yaxınlar) ayəsi.
İkinci qismə aid ayələr:
Bu ayələr imamət və xilafət məsələsini birbaşa açıqlamasa da, Əmirəl-möminin Əlinin (ə) fəzilətlərini sübut edir. Uyğun ayələr Həzrətin İslam ümmətinin ən fəzilətlisi, Peyğəmbərdən (s) sonra ən üstün şəxsiyyət olduğunu göstərir. Belə nəticə alırıq ki, Peyğəmbəri-əkrəmdən (s) sonra ümmətin rəhbərliyini öhdəsinə götürməyə ən layiqli şəxs odur.
Bu ayələr daha çox olduğundan, yalnız iyirmi beş ayəni qeyd edəcəyik:
1-“Mübahilə” ayəsi;
2-“Xeyrul-bəriyyə” (yaradılmışların ən yaxşısı) ayəsi;
3-“Leylətül-məbit” ayəsi;
4-“Hikmət” ayəsi;
5-“Həl-əta” surəsinin ayələri;
6-“Bəraət” surəsinin ilk ayələri;
7-“Siqayətul-hacc” (hacılara su vermə) ayəsi;
8-“Salihul-muminin” (möminlərin əməlisalehi) ayəsi;
9-“Vəzarət” (vəzirlik) ayəsi;
10 və 11-“Əhzab” surəsinin ayələri;
12-“Bəyyinə” (şahid) ayəsi;
13-“Siddiqun” (sadiqlər) ayəsi;
14-“Nur” ayəsi;
15-“İnzar” (qorxudan) ayəsi;
16-“Mərəcəl-bəhreyn” (iki dənizin bir-birinə qovuşma) ayəsi;
17-“Nəcva” (pıçıltı, gizli söhbət) ayəsi;
18-“Sabiqun” (öndə olanlar) ayəsi;
19-“Uzunun-vaiyə” (eşidib yadda saxlayan qulaq) ayəsi;
20-“Məvəddət” (məhəbbət) ayəsi;
21-“Münafiqun” (münafiqlər) ayəsi;
22-“İyza” (əziyyət) ayəsi;
23-“İnfaq” ayəsi;
24-“Məhəbbət” ayəsi;
25-“Məsulun” (sorğu-suala tutulanlar) ayəsi.
1-“TƏBLİĞ” AYƏSİ
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
“Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”1
***
AYƏNİN NAZİL OLMA SƏBƏBİ
Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (şiənin bütün məşhur kitablarında) yuxarıdakı ayənin imam Əli (ə) haqda nazil olduğu qeyd edilmişdir. Bu rəvayəti bir çox səhabələr, o cümlədən, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Bərra ibn Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbn Məsud və Amir ibn Leyli nəql etmişlər. Onların rəvayətlərində bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilmişdir.
Diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzilərinin ravilər silsiləsi, o cümlədən, Əbu Səid Xudrinin və İbn Abbasın hədisinin on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql olunmuşdur. Bu hədisləri öz əsərlərində (istər geniş, istərsə də qısa şəkildə) qeydə alan məşhur alimlər aşağıdakılardan ibarətdir:
–Hafiz Əbu Nəim İsfahani: “Ma nuzzilə minəl-Quran fi Əliyyin” kitabı (“Əl-xəsais” kitabından nəql, səh. 29);
–Əbülhəsən Vahidi Nişapuri: “Əsbabun-nüzul” kitabı, səh. 150;
–İbn Əsakir Şafei: (“Əd-durrul-mənsur” kitabından nəql, 2-ci cild, səh. 298);
–Fəxri-Razi: “Kəbir” təfsiri, 3-cü cild, səh. 636;
–Əbu İshaq Həməvini: “Fəraidus-səmteyn” kitabı;
–İbn Səbbağ Maliki: “Füsusul-muhimmə” kitabı, səh. 27;
–Cəlaləddin Süyuti: “Əd-durrul-mənsur” kitabı, 2-ci cild, səh. 298;
–Qazi Şovkani: “Fəthul-qədir” kitabı, 3-cü cild, səh. 57;
–Şəhabuddin Alusi Şafei: “Ruhul-məani” kitabı, 6-cı cild, səh. 172;
–Şeyx Süleyman Qunduzi Hənəfi: “Yənabiul-məvəddət” kitabı, səh. 120;
–Bədrəddin Hənəfi: “Umdətul-qari fi şərhi Səhihi-Buxari” kitabı, 8-ci cild, səh. 584;
–Şeyx Məhəmməd Əbduh Misri: “Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463;
–Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q) (Süyutinin “Əd-durrul-mənsur” kitabından nəql) və s.
Əlbəttə, unutmaq olmaz ki, bu alimlərin bəziləri ayənin nazil olma səbəbini və rəvayətləri nəql etməklə yanaşı, sonradan işarə edəcəyimiz dəlillərin üstündən asanlıqla keçmiş, yaxud məsələyə iradla yanaşmışlar. Biz gələcək bəhslərdə Allahın lütf və mərhəməti sayəsində onların nəzərlərini dəqiq araşdıracağıq.
“QƏDİR-XUM” HADİSƏSİ
Ötən bəhslərdəki bir dəlilə əsasən, “təbliğ” ayəsinin imam Əli (ə) barəsində nazil olduğu açıqlandı. Bu haqda (həm şiə, həm də) əhli-sünnənin məşhur kitablarında nəql olunan rəvayətlərin sayı o qədər çoxdur ki, heç kim onu inkar edə bilməz. Bu rəvayətlərdən əlavə, digər rəvayətlərdə də açıq-aşkar deyilir ki, bu ayə “Qədir-Xum” hadisəsinə və Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz canişini, vəsisi təyin etdiyi zamana aiddir. Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisinin 110 səhabəsi, 84 tabein və 360 məşhur İslam alimi tərəfindən nəql olunduğunu qeydə almışdır. Kim bu sənəd və mənbələrə nəzər salsa, əmin olar ki, “Qədir-Xum” hədisi “təvatür” həddində çatmış mötəbər hədislərin ən üstünüdür. Doğrusu, kim onun “təvatür” həddinə çatmasına şəkk etsə, “təvatür” həddində olan heç bir hədisi qəbul etməməlidir. Bu kimi bəhslər bizi təfsir üslubundan xaric etdiyindən, hədisin sənədləri və ayənin nazilolma səbəbləri barədə deyilənlərlə kifayətlənib, onun mənasını araşdırmağa başlayırıq. Hədislə bağlı geniş izah istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər:
–“Əl-qədir” (Əllamə Əmini), 1-ci cild;
–“Ehqaqul-həqq” (Əllamə Qazi Nurullah Şuştəri) Ayətullah Nəcəfinin şərhi ilə 2-4 və 20-ci cildlər;
–“Əl-müraciat” (Seyid Şərəfuddin Amuli);
–“Əbəqatul-ənvar” (Mirhamid Hüseyni Hindi; bu kitabın xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir);
–“Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci cild.
Dostları ilə paylaş: |