Səqifə hadisəsindən və Əli ibn Əbi Talib (ə)-ın bey`ətindən təqribən beş yüz min gün (14 əsr) keçir və tarixin yazdığı milyonlarla səhifə bu suala hələ də qanedici cavab verə bilməyib: “Əli (ə) və Peyğəmbər (s)-in Əhli-beytinin günahı nə idi ki, onların evinə od vuruldu?!”3 Əbu Bəkrin Peyğəmbəri-Əkrəm (s)-dən sonra seçilmiş bir şəxs olduğunu fərz etsək də, görəsən, onunla bey`ət etməməyin cəzası yandırılmaq idimi?! Görəsən, Allahın Rəsulu müxalif olan kişi, qadın və uşaqları yandırırdımı?! O həzrətin dövründə yəhudilər də öz əqidələrini qoruyub-saxlamaqla İslam mühitində təhlükəsiz yaşamaq, kimsənin onlara azacıq belə zərər, yaxud hörmətsizlik etməməsi üçün cizyə verirdilər. Görəsən, o həzrətdən sonra qızı, kürəkəni və nəvələri necə...?!
Onların Əli ibn Əbi Talib (ə)-dan bey`ət almağa tələsməsinin səbəbi nə idi? Görəsən, bunun səbəbi yalnız öz hakimiyyətlərinin tez bir zamanda təsbit edilməsini istəməkləri idimi? Görəsən, rəqabət, həsəd, paxıllıq, ədavət və düşmənçilik onları bu rəftardan saxladımı? Görəsən, onlar əvvəlcə Fatimədən elçilik etdikləri və nəticədə Peyğəmbər (s) onlara mənfi cavab verdiyi üçün4 beləcə intiqam almaq istəyirdilər?
Qeyd edilən bütün amillər tarixi mənbələrdə görünür. Lakin bu amillər təhlil və araşdırmaların bir tərəfidir, burada əsaslı səbəbləri araşdırmaq lazımdır.
Heç kim iddia edə bilməz ki, onlar Peyğəmbəri-Əkrəm (s)-in qızı Fatimə (ə.s) haqda buyurduqlarını eşitməmiş, yaxud unutmuşdular. Axı, Peyğəmbər (s) belə buyurmuşdu:
“Hər kəs Fatiməni incitsə, məni incitmişdir, məni incidən kəs isə Allahı incitmişdir.”5
Allah-taala buyurmuşdur: “Həqiqətən, Allahı və Rəsulunu incidən şəxsləri Allah-taala lə`nətləmişdir. Onlar üçün xaredici əzab hazırlanmışdır!”2
Görəsən, onlar Peyğəmbəri-Əkrəm (s)-in bu kəlamını yaddan çıxarmışdılarmı?!
“Ey camaat! Hər kəs Əliyə əziyyət versə, mənə əziyyət vermişdir... Belələri qiyamət günü ya yəhudi, ya da məsihi dinində məhşərə çıxacaqlar!”3
Bu hadisə o zaman dəqiq və həqiqətə yaxın olar ki, onların rəftarı ictimai-siyasi şəxsiyyətlərini nəzərə almadan araşdırlsın və tədqiqatçı hadisəni Islam məzhəblərinin ixtilafı ilə tanışlığı olmayan kəs kimi təhqiq etsin.
Burada aşağıdakı məsələləri araşdırmaq daha yerinə düşərdi:
a) Tarixin danılmaz məsələlərindən biri də budur ki, Peyğəmbəri-Əkrəm (s)-in vəfat zamanı yalnız bir qızı var idi və onu həddən artıq sevirdi, onun Əli ibn Əbi Talib (ə)-la ailə qurması da Allahın əmri ilə olmuşdur. Əli ibn Əbi Talib (ə) də o həzrətin yanında ən sevimli bir şəx idi.4
b) Tarixi şahidlər göstərir ki, Peyğəmbəri-Əkrəm (s)-in göstərişlərinə qarşı çıxmaq o həzrətin vəfatından sonra birdən-birə olmamış, əksinə bu iş tədrici olaraq – həftələr, bəlkə də illər öncə başlanmışdır. Ilk müxalifət sonrakı dağıdıcı müxalifətlər üçün şəraiti hazırladı. Camaat da sanki belə hallara adət etdilər. Bə`zən müşahidə edirdilər ki, Rəsuli-Əkrəm (s) səbir və təmkinlə onların hamısına dözür, müxalifət edənləri müsəlmanların içərisindən qovmur, islah, yaxud digər hikmətlər ümidi ilə onları özünə yaxınlaşdırırdı.
Həmçinin mə`lum olduğu kimi, müxalifətə cür`ətlənmək o zaman şiddətləndi ki, onlar Rəsuli-Əkrəm (s)-in tezliklə əbədiyyətə qovuşacağını bildilər. Necə ki, yeni tərəfdarların aşkara çıxması onların həyəcanını daha da artırırdı. Yavaş-yavaş niyyət və məqsədlərini faş edən hər növ müxalifət bir çoxlarını müştərək hədəflər üzərində qururdu. Onların gizli məqsədləri isə özlərinə tərəfdar tapdıqda, ictimai-siyasi təşəkkül kimi görünürdü. Hər bir yeni fəryad yeni-yeni qrupları ətrafına toplayırdı ki, uyğun və möhkəm qruplar şəklində düşərək, asanlıqla dağılıb aradan getməsinlər.
v) Bə`zən cəmiyyətin siyasi vəziyyəti və camaatın ictimai mövqeyi elə böhranlı olurdu ki, hər kəs azacıq belə, haqq-ədalətdən tərəfdarlıq etsəydi, köklü ixtilaflar daha genişlənərək, nə haqq, nə də batil tərəflərdən bir kəs qalmayacaq, insanların əqidələri tamamilə itəcəkdir. Burada öz məqsədinə nail ola bilənlər yalnız xarici düşmənlər olacaqdır.
Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra Mədinənin vəziyyəti eynilə belə idi. Əli (ə)-a çətinlik yaradanlar zahirdə bu işdən ikitərəfli məqsəd güdürdülər. Mədinəyə hakim kəsilən siyasi durum elə idi ki, Əli (ə) onların müqabilində hər bir üsuldan istifadə etsəydi də, qələbə çalmayacaqdı. Əgər qiyam etsəydi, buna şərait olmadığından, özünün və həqiqi islamçıların həlak olmasından əlavə, Islam və müsəlmanların xeyrinə qurtarmayan dərin ixtilaf və dəhşətli qırğın baş verəcək, bununla da müsəlmanların düşmənləri vəziyyətə hakim kəsiləcəkdi. Əgər təslim olsaydı da, müxalif qrup asanlıqla hökumətə çatacaqdı.
Beləliklə, Fatimə (ə.s) və Əli (ə)-ın evinə hücum edənlərin nəzərində o həzrətin hansı mövqe seçməsi çox da əhəmiyyət daşımırdı. Baxmayaraq ki, dəqiq bilirdilər ki, o həzrət sakitcə və öz ixtiyarı ilə bey`ət etməyəcək. Onlar belə böhranlı vəziyyətdə imam Əli (ə) barədə agahlıqlarını nəzərə almaqla, o həzrətin müxalifətindən sevindikləri qədər, onun təslim olmasından da xoşhal deyildilər. Çünki onun təslim olması ilə yenindən qiyam etmə ehtimalı aradan getmirdi. Lakin müxalifət etdikdə, qətlə yetiriləcək və həmişəlik olaraq onun ehtimal veriləcək hərəkatından rahat olacaqdılar. Əgər öldürülməsə də, böhran nəticəsində müsəlmanların mövqeyi cahiliyyət vəziyyəti kimi olacaqdı. Bu isə dünyəvi məqam düşkünləri üçün Islamın qorunub-saxlanmasından yaxşı idi.
Buna əsasən, Əli (ə)-ın evinə hücum tədbiri çox dəqiq şəkildə icra edildi və onların o həzrətlə rəftarı gözlənilməz deyil, tədbirlə baş verdi. Əgər Əli (ə) bey`əti tərk etməkdə müqavimət göstərsəydi, müxaliflərin çox da zərərinə olmayacaqdı. Çünki bu zaman müxaliflərin əlində Mədinəyə hakim olan vəziyyəti daha da qarışdırmaq üçün münasib bəhanələri var idi. Bu vəziyyət isə Əli (ə)-ı hədəfinə yaxınlaşdırmır, müsəlmanların cahiliyyət dövrünə qayıtmaları üçün zəmin yaradırdı.
q) Peyğəmbəri-Əkrəm (s)-ə qarşı (vəsiyyəti yazmağa kağız-qələm istədiyi zaman) aşkar hörmətsizlikdən sonra Əli ibn Əbi Talib (ə)-la mübarizə elə də çətin deyildi. O həzrətə itaətin vacibliyindən dəm vuranların əsası Peyğəmbəri-Əkrəm (s)-in Allah tərəfindən əmr olunduğu vəsiyyəti idi. Bu isə Əli (ə)-ı xilafətdən kənarlaşdırmaq üçün ən yaxşı yol Peyğəmbəri-Əkrəm (s)-in şəxsiyyətinə toxunmaq idi və bu, o həzrət vəsiyyət üçün kağız-qələm istədikdə, icra olundu. Beləliklə, Peyğəmbər (s) vəfat etdikdən sonra Əli (ə)-ın müxalifət, yaxud hətta müharibə etmə mövqeyində deyildi. Çünki onun bütün qüdrət və nüfuzu Peyğəmbər (s) tərəfindən idi. Peyğəmbər (s)-in şəxsiyyəti də az müddət öncə vəsiyyət zamanı adi adamlarla müqayisədə dəyərdən salındı. Çünki adi adamlar – hətta iki dirhəm sədəqəni belə, vəsiyyət edərkən onlarına sözlərinə qulaq asılır və itaət edilirdi. Amma görəsən, Peyğəmbəri-Əkrəm (s) vəsiyyət etmək istədikdə, necə oldu?!
Bəli, o dövrün siyasətçiləri Peyğəmbəri-Əkrəm (s)-in Əli (ə) və Fatimeyi-Zəhra (ə.s) barəsindəki buyruqlarını unutmamış, bu sözləri başqa müsəlmanlardan da çox eşitmişdilər. Çünki onlar Peyğəmbər (s)-dən uzaq və ayrı düşməməyə, müəyyən səbəblər üzündən həmişə o həzrətlə birgə olmağa çalışırdılar. Bəlkə də onlar mə`murları Əli (ə) və Fatimeyi-Zəhra (ə.s)-ın evinə göndərməklə, Peyğəmbər (s)-in göstərişlərinə itaət etməyin artıq vaxtının başa çatdığını bildirmək istəyirdilər. Çünki bu zaman Əhli-beytə itaət etmək ən əhəmiyyətli məsələ idi ki, Peyğəmbəri-Əkrəm (s) həmişə, xüsusilə ömrünün son vaxtlarında müsəlmanları ona əmr edirdi. Buna əsasən, bu hədəfin siyasi hərəkətlərə mə`ruz qalması ilə, digər hədəflərin aradan qaldırılması da asanlaşırdı. Bunun üçün bir həftəni belə itirmək olmazdı. Peyğəmbər (s)-ə hörmətsizlik xatirəsi müsəlmanların zehnində qaldığı və müxaliflərin qüdrətindən qorxu hissi ürəklərdən getmədiyi vaxtda, bu iş görülməli, ardıcıl zərbələr endirilməli idi. Fatimənin (ə.s) evinə icazəsiz girmək, evinin qapısını yandırmaq, Əlini (ə) evdən zorla çıxarıb məscidə aparmaq və onu qılıncla təhdid etmək, Fədəki almaq, Əhli-beytə xumsu verməyin qarşısını almaq və s. bütünlükdə az bir müddət ərzində yerinə yetirilməli idi. Belə də oldu.
Bu məsələlər zəncir halqaları kimi bir-birinə birləşmişdi. Peyğəmbəri-Əkrəm (s)-in (vəsiyyətlə bağlı) istəyinə qarşı çıxıldığı gün Əli (ə)-ın müxalifləri üçün o istəyi həyata keçib-keçməməsi elə də əhəmiyyət kəsb etmirdi, üstəlik Peyğəmbəri-Əkrəm (s)-in şəxsiyyətini təhqir edilməsi ilə nəticələnən hörmətsizliyin həmin istəyin yerinə yetib-yetməməsindən əhəmiyyətli idi. Çünki bu hərəkətlə Əli (ə)-ı xilafətdən asanlıqla uzaqlaşdırmaq olardı. Həqiqətdə də Peyğəmbər (s)-ə qarşı rəva görülən hörmətsizliklə Əli (ə)-ın xilafətinə zərbə endirildi. Peyğəmbər (s)-ə vurulan hörmətsizlik zərbəsi həqiqətdə Əliyə (ə) zərbə idi ki, ona səbir edib dözən Peyğəmbər (s) oldu.
d) Peyğəmbər (s)-ın vəfatından dərhal sonra qurulmuş yeni hökumət başçıları üçün razılıqları Allahın razılığı, qəzəbləri Allahın qəzəbi sayılan şəxsiyyətlərin vücudu çətinlik yaradırdı. Hakimiyyətinin ilk günündə açıq-aydın “Həmişə mənimlə, məni xəta və azğınlığa sövq edən bir şeytan gəzir!” – deyən xəlifə öz xilafəti dövründə Peyğəmbəri-Əkrəm (s)-in “O (Əli) həmişə haqq ilə, haqq da onunladır,1 onu düşmən tutan kəs münafiqdir...!”2 – deyə buyurduğu Əli kimi rəqibə necə dözəcəkdi?
Əgər onun şəxsiyyəti kiçildilməsəydi, ümümi düşüncələrin təzyiqi nəticəsində, ya hökumət ona tapşırılmalı idi, ya da həmişə xalq hökumətin rəftarı müqabilində hər bir məsələdə onun nəzərini me`yar qərar verərək hakim dairənin rahatlığını alacaqdı. Əgər onlar bu məsələdə azacıq belə gecikməməliydilər. Bunun müvəffəqiyyətlə yerinə yetməsi ilə ictimai-siyasi məqsədə çatmaq asanlaşırdı. Bu zaman Əbuzərin sürgün edilməsi, Əmmar Yasirin işkəncələr görməsi, Abdullah ibn Məs`udun qabırğalarının sındırılması, Qur`anların yandırılmasının, Peyğəmbər (s)-in hədislərinin yazılmasının, hətta bəyan edilməsinin qadağan edilməsi və s. çox asan idi.
c) Həmin ictimai əzəmət, şövkət və nüfuzun aradan getməsi bəhanəsiz qeyri-mümkün olduğundan, mütləq ağır ittihamlara əl atmılmalı idi. Səqifədə və ondan az müddət sonra Peyğəmbər (s)-in ömrünün son anlarında Əli ibn Əbi Talib (ə)-ın canişinliyi haqda buyuruqlarının həqiqətdə ləğv olunduğu qələmə verildi. Beləliklə, hökumətin rəhbərliyi xalqın, yaxud elm və siyasət əhlinin seçiminə həvalə edildi. Bu zaman Əli (ə) xalq tərəfindən seçilən xəlifə ilə müxalifət edərsə, zorla bey`ətə vadar olunmalı, müxalifətdən çəkindirilməli, onun bey`ət etməməsi isə müsəlmanların vəhdət və birliyinin itməsi deməkdi. Buna əsasən, imkan daxilində belə bir kəsi xalq seçiminə vadar etmək lazım idi. O zaman keçmiş müxaliflər (Peyğəmbəri vəsiyyət etməyə qoymayanlar) rahatlıqla belə deyirdilər: “Bu gün artıq aramızda Peyğəmbər yoxdur ki, Əlinin xilafəti ilə bağlı vəsiyyətin icra olunmadığını və bu məqamın başqalara nəsib olduğunu görsün!”3
Bu yozumla Peyğəmbər (s)-in Əhli-beyti, xüsusilə Əli (ə) lazımi şəraitin mövcud olmadığını nəzərə alaraq, inqilab və yeni təşkil olunmuş hökuməti məhv etmək qərarına gəldiyi üçün (hakim dairələr tərəfindən) onların ismət məqamı və uca şəxsiyyəti Peyğəmbəri-Əkrəm (s)-in yaşadığı dövrə aid edildi. Sanki Peyğəmbəri-Əkrəm (s)-in həzrət Əli (ə)-ın şə`ni və məqamı haqda buyurduqları bütün hədislər müsəlmanların məsləhətinin əksinə rəftar etmədiyi təqdirdə, mö`təbər sayılacaqdı. O, müsəlmanların hərəkətinin əleyhinə qədəm götürmək istəyərsə, mütləq onunla ciddi davranmaq lazımdır, hərçənd, evini, yaxud özü və əhli-əyalanı yandırmaqla olsa da belə!
Qazı Əbdül-Cəbbar Mö`təzili bu yozumu müdafiə edərək yazır:
“Evin yandırılması doğru olduğu təqdirdə, yenə Ömərə heç bir irad tutula bilməz. Çünki o, bey`ətdən imtina edən və müsəlmanlar arasında ixtilaf yaradan hər kəsi təhdid edə bilərdi.”4
Qazının bu yozumu həqiqətdə Ömər ibn Xəttabın xanım Fatimeyi-Zəhra (ə.s)-a dediyi cümlədən doğur. Ömər demişdir: “Sənin atanın gətirdiklərini qoruyub-saxlamaq bu evi yandırmaqdan daha əhəmiyyətlidir. Ümmətin inandıqları və yerinə yetirdiklərinə əməl etməsəniz, evi yandıracağam...”5
Ibn Əbil-Hədid yazır:
“Nə yaxşı olardı ki, o iki nəfər (Əbu Bəkr və Ömər) Fatimənin evinin hörmətini saxlayardılar. Lakin (nə etmək olar,) onlar ixtilaf və təfriqənin yaranmasından qorxub, məsləhət gördüklərinə əməl etdilər.”1
ç) Peyğəmbər (s)-in canişinlərinin ismət məqamının kiçildilməsi başqa bir tədbirin icrasına da ehtiyac duyurdu. Bu isə səhabələrin rə`y və ictihad haqqına malik olduqları nəzəriyyə idi. Bir tərəfdən Əlinin (ə) və Peyğəmbər (s)-in xanədanının məqam və mənziləti adi həddə enməli, digər tərəfdən də digər səhabələrin məqamı ucalmalı idi. Buna əsasən, aydın olur ki, Peyğəmbər (s)-in rə`y və nəzəri müqabilində duran həmin səliqələr səhabələrin də qanunvericilik və şəriəti təfsir etməkdə rə`y və ictihad haqqına malik olduqlarını təsbit etməkdən başqa bir məqsəd güdmür. Bu nəzəriyyəyə əsasən, müsəlmanların xəlifəsi öz müxaliflərini istədiyi kimi təslim etmə hüququna malikdir, istər həmin müxalif şəxs Sə`d ibn Übadə olsun, istərsə də Əli ibn Əbi Talib (ə).
Fatimənin (ə.s) evinə hücum edənlər heç vaxt demirdilər ki, biz qüdrəti ələ aldığımız üçün müxaliflərimizi əzmək istəyirik! Onların sözü bu idi: “Peyğəmbər (s)-in rə`y və nəzəri başqa, onun canişini olan xəlifənin nəzəri isə gördüklərinizdir! O həzrətin öz rə`y və nəzəri olduğu kimi, xəlifənin də başqa ictihad və səliqəsi vardır! Məgər indiki xəlifə Allahın hansısa bir hökmünü dəyişibmi?! Ictimai-siyasi məsləhətləri ayırd etmək bizim aramızdan gedən Peyğəmbərin öhdəsində deyil, əksinə xalqın öz öhdəsindədir. O həzrətin işi halal-haramları bəyan etmək idi və ictimai işləri xalqa tapşırmışdı.2
Birinci xəlifə müsəlmanların hüzurunda Peyğəmbər (s)-in sünnəsinə əməl etmək üçün and içdi. Lakin bu andın mə`nası özünün xüsusi nəzər və ictihada malik olmadığı demək deyildi. Necə ki, sonralar öz nəzərinə əsaslanmaqla elə işlər gördü ki, sözsüz, Peyğəmbər (s) sağ olsaydı, onları görməzdi.3
Ondan sonra ikinci xəlifə açıq-aşkar dedi: “Mən, Peyğəmbərin dövründə halal olan iki şeyi haram edir və onları yerinə yetirənləri cazalandıracağam: Onların biri “təməttö həcci”, digəri isə “müvəqqəti evlənmək”dir.”4
Üçüncü xəlifə isə siyasi-dini işlərdə iki şərtə eyni şəkildə əməl etməyi əhd etdi:
1. Peyğəmbəri-Əkrəm (s)-in sünnəsi;
2. Özündən əvvəlki iki xəlifənin üslubu.
Beləliklə, bir neçə ildən sonra xəlifələrin rə`y, nəzər və ictihadı Peyğəmbər (s)-in nəzəri ilə eyni oldu . Bu isə xəlifələrin siyasəti idi.5
Dostları ilə paylaş: |