Xacə Nəsirin bəraəti
Xacə Nəsirə bu ittihamdan müxtəlif yollarla təmizə çıxarmaq olar:
1. Mühəqqiq Tusi öz etiqadına uyğun olaraq haqq olan cəfəri məzhəbini yaymağa çalışmasına baxmayaraq, digər məzhəblərə də hörmətlə yanaşırdı, sevgi göstərirdi. Alimlərə hansı zümrəyə, məzhəbə aid olmalarından asılı olmayaraq, hörmət edirdi. Quru məzhəb təəssüblərindən uzaq gəzirdi. Buna görə də bir çox xristian şərqşünas, bəzi əhli-sünnə alimləri, eləcə də bütün şiə alimləri onu əzəmətlə yad etmiş, dindarlığını, etimadlılığını, gözəl əxlaqını nümunə göstərmişlər.
Əhli-sünnə tarixçilərindən Məhəmməd ibn Şakir yazır: "O, çox gözəl çöhrəli, xoşüzlü, hörmətçil, əliaçıq, səbirli, xoşrəftar, zirəng və fərasətli idi".2
İbn Futi Xacə haqqında yazır: "Xacə fazil, xoşrəftar, gözəl xarakterli, təvazökar bir insan idi. O, heç zaman kiminsə istəyindən sıxılmırdı. Heç bir ehtiyaclını rədd etmirdi. O, hamıya xoş üz göstərirdi".3
2. O zaman Bağdadın fəthini tədqiq edən şiə və əhli-sünnə tarix kitablarına müraciət etdikdə görürük ki, Xacə Nəsirin bu məsələdə heç bir rolu olmamışdır.
Sözügedən hadisə zamanı on dörd yaşı olmuş və əsir düşmüş İbn Futi Bağdadi Hənbəli Bağdadın fəthi hadisəsini tam olaraq izah etmiş, amma Xacə Nəsirin adını çəkməmişdir.4
İbn Təqtəqi Bağdad hadisələrini bir vasitə ilə nəql etmişdir. O, Xacənin adını yalnız bir dəfə İbn Əlqəmi ilə görüş üçün vasitə düşdüyünə görə çəkmiş, lakin Xacə və onun monqol hücumundakı rolundan söhbət açmamışdır.1
Əbu əl-Fida öz kitabında Bağdad hadisələrini, Bağdada hücum edilməsi və Hülaku xanın oranı fəth etməsini geniş nəql edir. Lakin Xacə Nəsirdən söhbət açmır.
Zəhəbi də Bağdad hadisələrini qeyd edərkən Xacənin adını çəkməmişdir.2
Cəlal əd-Din Süyuti də Bağdadın çöküşü ilə bağlı hadisələrdən danışarkən Xacənin adını çəkməmişdir.3
Bağdad hadisələrindən qırx il sonra dünyaya gəlmiş Səlah əd-Din Səfədi Bağdadın fəthindən danışarkən Xacənin adını çəkmir.4
İbn Xəldun öz tarix kitabında nəinki Xacənin Bağdad hadisələrində rolu olduğunu yazmır, əksinə, onun haqqında "müsəlmanlar üçün faydalı idi" sözlərini işlədir.5
İbn Kəsir yazır: "Xacə Nəsirin Hülaku xanı xəlifəni öldürməyə təhrik etməsinin doğru olub-olmadığını yalnız Allah bilir. Amma mənim fikrimcə, aqil və fazil şəxs belə iş görməz".6
Məhəmməd ibn Əli Təbatəbai hicri-qəməri 701-ci ildə, yəni Bağdadın fəthindən qırx beş il sonra qələmə aldığı kitabda yazır: "Həqiqət budur ki, hər bir dövlətin çöküşünü doğuran xarici və daxili səbəblər vardır. Abbasi xəlifəsinin süqutu da bu ümumi qanundan istisna deyil. Abbasi sülaləsinin çöküşünə gətirib çıxaran xarici səbəblərdən biri bu idi ki, monqollar gücləndikləri, ərazilərini genişlətməyə başladıqları gündən Bağdadı fəth etmək fikrində idilər ... Lakin Bağdadın fəthinin daxili səbəbi isə Abbasi xilafətinin zəifləməsi idi. Bu hadisə xəlifənin iradəsinin zəifləməsi, əzmsizliyi, oğlunun zülmləri, sərkərdələrin münafiqliyinin nəticəsi idi".7
Demək, Xacə Nəsir Tusinin bu hadisədə heç bir rolu olmamışdır və Hülaku xan özü ismaililərin qalalarını tutduqdan sonra Bağdadın fəthinə fərman vermişdir.
3. Xacədən başqa digər böyük şəxsiyyətlər, alimlər də monqol sultanının müşavirləri idilər. Necə ki, Rəis əd-Dövlə Həmədaninin nəvəsi Raşid əd-Din Fəzlullah yazır: "Hülaku Bağdada doğru getdikdə ölkəni idarə edən Seyf əd-Din Bətikçi, Xacə Nəsir əd-Din və Səid Əla əd-Din Ətamək monqolların xidmətində idilər".8
Bunlardan yalnız Xacə Nəsir şiə idi. Digərləri isə əhli-sünnə şəxsiyyətlərindən idilər və xəlifəni əmir əl-möminin hesab edirdilər. Əgər Hülaku xanın müşavirləri ona o qədər təsir göstərə bilirdilərsə, Bağdada hücumunun qarşısını ala bilərdilərsə, nə üçün günah yalnız Xacə Nəsirin üzərinə yıxılır? Halbuki Bağdadın fəthində Hülakunun vəziri Seyf əd-Din idi.
4. Xacənin Bağdadın fəthində rolu olmamasına ən yaxşı dəlil Seyid Əli ibn Tavusun böyük qardaşı Şərəf əd-Din Məhəmmədin və digər bir çox seyidlərin, alimlərin, şiələrin öldürülməsi hadisəsidir. Hətta bu hadisədə monqollar Qüreyş məzarlarını viran etdilər, Kazimeyn məzar ziyarətgahını yandırdılar. Heç bir güc onlara mane olmadı. Belə ki, "Came ət-təvarix" kitabında oxuyuruq: "Hülakunun vəziri əhli-sünnə Seyf əd-Din Bətikçi monqollardan yüz nəfərini Nəcəfə göndərdi ki, kimsə Əmir əl-Möminin Əlinin (ə) nurlu məzarına hörmətsizlik etməsin".1
Əgər Xacə Nəsirin o hadisədə rolu olsaydı, nə üçün şiələrin öldürülməsinə mane olmadı? Nə üçün Kazimeyn məzar ziyarətgahının yandırılmasının qarşısını almadı?
5. Monqolların Bağdada hücumunun səbəblərindən biri xristianların monqol ordusundakı nüfuzu idi. Bildiyiniz kimi monqolların İrana hücumu zamanı xristianlar səlib yürüşlərində müsəlmanlardan ağır zərbə almışdılar. Buna görə də vəhşi monqol tayfaları ilə dostluq planı hazırlayıb, onların köməyi ilə öz məğlubiyyətlərinin əvəzini çıxmağa çalışırdılar. Bu səbəbdən demək olar ki, Bağdadın fəthində Hülaku xanın isəvi arvadı, Hülaku xanın qardaşının tapşırığı və eləcə də monqol qoşununun isəvi sərkərdəsinin çox mühüm rolu var idi.
Dostları ilə paylaş: |