9.3. Elektrik təhlükəsizliyini təmin edən texniki üsullar Ayrı-ayrı elektrik qurğularının konstruksiyalarına və quruluşlarına olan elektrik təhlükəsizliyi tələbləri müvafiq dövlət standartlarında verilir.
Elektrik təhlükəsizliyini təmin etmək üçün aşağıda göstərilən texniki üsullar və mühafizə vasitələri ayrı-ayrılıqda və ya bir-birilə əlaqələndirilərək birlikdə istifadə edilir:
- mühafizəedici yerləbirləşdirmə;
- sıfırlama;
- potensialların bərabərləşdirilməsi;
- kiçik gərginlik;
- şəbəkələrin elektrik cəhətdən bölünməsi;
- mühafizəedici açma;
- keçirici hissələrin izolyasiyası (işçi, əlavə, gücləndirilmiş, ikiqat izolyasiya);
- çəpərləyici quruluşlar;
- xəbərdaredici siqnalizasiya, bloklama, təhlükəsizlik işarələri;
- mühafizə vasitələri və qoruyucu tərtibatlar.
İstifadə edilməli olan texniki üsullar və mühafizə vasitələri barəsində göstərişlər elektrik qurğusunun normativ-texniki sənədlərində verilir.
Bundan əlavə elektrik təhlükəsizliyini təmin etmək üçün təşkilati və texniki tədbirlər də həyata keçirilməlidir.
Elektrik qurğularında işləməyə ancaq təhlükəsiz əmək vasitələri üzrə tədris və təlimat keçən şəxslər buraxıla bilərlər.
İşləyən elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün görülən təşkilati tədbirlər əsasən aşağıdakılardan ibarət olmalıdır:
- işin təşkilinə və icrasına cavabdeh olan şəxslərin təyini;
- işin icrasına sərəncamın və tapşırığın rəsmiləşdirilməsi,
- işin icrasına buraxılışın tərtibi;
- işin icrasına nəzarətin təşkili, işin vaxtının qurtarmasının və tənəffüslərin rəsmiləşdirilməsi.
İşləyən elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün görülən texniki tədbirlər bunlardır:
1) İşləyən elektrik qurğularında və ya onların yaxınlığında yerinə yetirilən işlər zamanı:
- qurğunun (və ya onun bir hissəsinin) elektrik enerjisi mənbəyindən açılması;
- açılmış kommutasiya aparatlarının intiqallarının mexaniki qıfıllanması, qidalandırıcı xətlərin uclarının ayrılması və bu kimi başqa tədbirlərin görülməsi (iş yerinə səhv olaraq gərginlik verilə bilməsinin qarşısının alınması);
- gərginlik altında olan cərəyan keçiriciləri çəpərlənməli və təhlükəsizlik işarələri ilə təmin olunmalıdır;
- yerləbirləşdiricilərin qoyulması (yerləbirləşdirici açarlar bağlanmalı və ya əldə aparılan yerləbirləşdiricilər qoyulmalıdır);
- iş yerləri çəpərlənməli və uyğun təhlükəsizlik işarələri qoyulmalıdır.
2) Gərginlik altında olan cərəyan keçirən hissələrdə və onların yaxınlığında işlədikdə işlər tapşırıq üzrə iki nəfərdən az olmayan heyətdə, elektrik mühafizə vasitələrindən istifadə etməklə, daimi nəzarət altında, işçilərin və istifadə edilən mexanizm və tərtibatların təhlükəsizlik yerləşdirilməsini təmin etməklə aparılmalıdır.