Həqq səlamın iltübən peyğəmbərə. Bu qədim türk sözü əski türk run mətnlərindən tutmuş Qütbün "Xosrov və Şirin" əsərinədək böyük bir dövrü əhatə edən türkdilli yazılı abidələrin çoxunda (70, 169, 207; 75, 441-442; 108, III, 2048-2054) eyni mənada işlənmişdir. "İlətmək" felinin Azərbaycan yazılı abidələrinin də əksəriyyətində eyni mənada işləndiyi qeydə alınmışdır (16,116,29,19 ;38,182 ;41,18). "İlətmək" XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə"də də işlənmişdir: "Bu muştuluqı Kufənün elinə ilətürəyim".