ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə1/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
  1   2   3   4   5   6   7   8   9   ...   56


İMAMİYYƏ ŞİƏLƏRİNİN ƏQİDƏLƏRİ

ÖN SÖZ



MÜASİR İNSANLARIN DİNƏ YÖNƏLMƏSİ VƏ ƏQİDƏ ÜSULLARININ BƏYAN EDİLMƏSİNİN ZƏRURƏTİ
Müasir dünyanı elm və texnologiya əsri adlandırırlar. Bəşər övladı son əsrdə bu sahələrdə çox ciddi irəliləyişlər əldə edərək elmi-texniki tərəqqiyə nail olmuşdur. Bunu da onun səciyyəvi xüsusiyyətlərindən hesab etmək olar. Amma bu xüsusiyyətlə yanaşı, müasir insanın dinə və dini məfhumlara diqqət yetirməsi kimi böyük və əzəmətli bir mədəniyyət də yaranmışdır.

Dinə yönəliş tarix boyu insanların ən mühüm təmayüllərindən biri olmuşdur. Mötəbər tarixi sənədlərə əsasən, tarixin heç bir dövründə insanlar din və məzhəb məsələlərindən ayrı olmamışlar. Buna baxmayaraq, elmdə dərin və köklü dəyişikliklər edildiyi renesans dövründən sonra, bəşər övladı maddi təbiətə hakim kəsilmiş, müəyyən siyasi və mədəni amillərin təsiri nəticəsində dinə olan meylləri nisbətən zəifləmiş, qərb cəmiyyətlərində dinə qarşı bir növ etinasızlıq yaranmışdır. Bu ruhi xəstəlik də tədricən şərq ölkələrinə nüfuz edərək müəyyən qrupları öz təsiri altına almışdır. Bu cərəyanlar o qədər irəlilədi ki, müasir elmin bəşəriyyətin bütün ehtiyaclarını təmin etməsi, eləcə də dinin öhdədar olduğu məsələləri həll edə biləcəyi təsəvvürü yarandı.

Lakin bir sıra təxribatçı və viranedici amillərin büruz etməsi bu təsəvvürün yanlış olmasını sübut etdi və bir daha göstərdi ki, bəşəriyyətin dini-mənəvi ehtiyacları nəyinsə gəlməsi ilə aradan qalxmır, heç bir şey dinin yerini verə bilməz. Biz bu amillərin üçünü qeyd etməklə kifayətlənirik:

1. İyirminci əsrdə Dünya müharibəsinin baş verməsi: On milyonlarla insan tələfatına səbəb olan birinci və ikinci dünya müharibələri dinə yadlaşan elmin vasitəsi ilə idarə olunurdu. Bəşəriyyətin arzularını gerçəkləşdirməyə qadir olduğu təsəvvür olunan elm isə, gözlənilmədən insanları belə bədbəxtçiliklərə, uçurumlara doğru sürüklədi!

2. Əxlaqsızlıqlara rəvac verilməsi nəticəsində ailə ocaqlarının dağılması: Qərb dünyasının əksər bölgələrində müqəddəs ailə ocağı özünün əsl mahiyyətini əldən verərək müvəqqəti və davamsız bir ictimaya çevrilmişdir. Məhz yeni elm də bu barədə müəyyən qədər rol oynamışdır. (Əlbəttə, məqsədimiz düzün yol göstərilməyən və başqa sözlə, dindən ayrı olan elmdir.)

Bir daha qeyd olunmalıdır ki, deyilənlərin mənası o deyildir ki, müasir elm tam mənada ziyanlı bir şeydir. Əksinə, məqsədimiz budur ki, müasir elm və texnologiya dini və mənəvi rəhbərdən məhrum olduğu üçün, bütün ictimai və fərdi çatışmamazlıqların, nöqsanlı halların mənşəyi olmuşdur.

3. Bəzi elmi fərziyyələrin özünü doğrultmayıb etibardan düşməsi: Bəşəriyyətin müasir elmə ifrat dərəcədə olan bağlılıq və nikbinliyini şiddətlə azaldan bu iki amildən əlavə, bəzi elmi fərziyyələrin özünü doğrultmaması bəşəriyyətin dünya barəsindəki mərifətini göstərən yeni elmə inamının aradan getməsinə səbəb oldu, on doqquzuncu əsrdə qərb dünyasının gözlərini örtən xam xəyal pərdələrini aradan qaldırdı.

Bu və sair amillər insanların bir daha özünün ilkin fitrətinə qayıtmasına, dini maarifə üz tutmasına səbəb oldu. Bəşərin özünü öz əli ilə dini məziyyətlərdən məhrum etdiyi zaman müddəti keçdikdən sonra teşnə insanlar kimi din adlı bir zülal çeşməsinin ardınca düşdü.

Bu məsələ o qədər aşkardır ki, heç bir dəlil-sübuta ehtiyac duyulmur. Dünyada baş verən dəyişiklikləri diqqətlə izləyən şəxslər həmin məsələdən tam agahdırlar. Yeni meydana gəlmiş bu təmayüllər yüksək sür”ətlə irəliləmişdir. Belə ki, dini məsələlər elmi-təhiqqat mərkəzlərində diqqət mərkəzində saxlanılır, mütəfək-kirlər və elm xadimləri onun barəsində təhqiqat aparırlar. Qısa müddət ərzində din və dini məsələlər barəsində külli miqdarda məqalə və kitab nəşr olunmuşdur. Məşhur yazıçılardan birinin dediyi kimi: “Dinə və mənəviyyata qayıdış qərbin cəmiyyətşünaslıq prinsiplərinin bünövrəsini təhdid edir. Buna görə də qərb mütəxəssisləri müsəlmanların bir daha dinə qayıtmasından vəhşət hissi keçirdikləri kimi, məsihilərin də öz dinlərinə qayıdışından narahatlıq hissi keçirirlər. Onlar həqiqətdə qərb cəmiyyətlərində insanların hər hansı formada olursa olsun, hətta fərdi həyatında olsa da belə, dinə və mənəviyyətə yönəlişindən, iman və mənəviyyətin hakim olacağından qorxurlar.

Qərb icmalçılarından biri həm müsəlman, həm qeyri-müsəlman cəmiyyətlərində imanın artması insanların dinə qayıdışı barəsində nümunələri qeyd etdikdən sonra qərbdəki ifratçı məsihilərə işarə edərək son illərdə nəzərə çarpacaq dərəcədə irəliləyiş olduğunu belə vurğulayır: “Din ardıcıllarının sayının gündən-günə müxtəlif formalarda artması son illərdə baş verən yayılmaqda olan reallıqdır ki, ölkələrin çoxu üçün ciddi təhlükə sayılır.”1

Qeyd olunan qərəzli təhlillərə baxmayaraq, biz bu hadisələri müsbət qiymətləndirir və bəşəriyyətin bir daha dinə, imana qayıdışından sevinc hissi keçiririk. Lakin bu müjdə ilə yanaşı, nigarançılıq yaradan bir məsələ də vardır: Əgər bəşəriyyətdə yaranan bu teşnəlik düzgün şəkildə təmin olunmasa və Allah eləməmiş, xam və yanlış əqidələr din adı ilə onlara təlqin edilsə, yenə də müasir insan öz axtardığını tapmayacaq və bir daha dindən üz çevirəcəkdir. Buna görə də cəmiyyətin dərdinə şərik olmaq istəyən qayğıkeş yazıçılara vacibdir ki, bu fitri çağırışa düzgün cavab verməklə, dini məsələləri səhih tərzdə irəli çəksinlər və bu kəsilməz ilahi feyzi haqq axtaran insanların ixtiyrına versinlər.

Dini məsələlərə yönəlişin dünya səviyyəsində olan bir hadisəyə çevrildiyi və dindən çıxanların bir daha dinə qayıtdıqları belə bir şəraitdə, şübhəsiz ki, öz şəxsi mənafelərini həqiqi dinə yönələnlərin məhv olmasında axtaran hər hansı dəstə və ya qruplar din adı ilə zəhərli qidanı din axtaranların ixtiyarına verəcəklər ki, onların dini yanğılarını söndürməklə yanaşı, öz çirkin niyyətlərini də həyata keçirsinlər.

Biz islam dinini səmavi dinlərin sonuncusu və ən kamili hesab edir və inanırıq ki, bu din bəşəriyyətin bütün sahələrdəki fərdi və ictimai ehtiyaclarını təmin etməyə qadirdir. Buna görə də onun yüksək maarifini açıqlamaqda müxtəlif vasitələrdən istifadə etməli və bu qızıl fürsətlərdən düzgün din təlimlərinin yayılması yolunda istifadə etməliyik.

Digər tərəfdən, biz inanırıq ki, Əhli-beyt (ə) məktəbi elə Quran və Peyğəmbərin vasitəsilə əlimizə gəlib çatan həqiqi və əsl islamdır. Həqiqətdə Əhli-beyt yolu elə bir haqq yoldur ki, heç bir məkrli əllərin uzadılmadığı halda bizi həqiqət zirvələrinə doğru aparır.

Tarix boyu Peyğəmbər Əhli-beytinə mənsub olan yüksək islam maarifinin özünəməxsus cazibədarlığı olmuş və həqiqət aşiqlərini özünə doğru cəlb etmişdir ki, bu da həqiqət aşiqlərinin onu müdafiə etmək yolunda canlarından keçmələrinə səbəb olmuşdur.

Dini həqiqətləri səmavi şəriətlərin sonuncu rəhbəri olan Peyğəmbəri Əkrəm (s) və onun pak Əhli-beytinin vasitəsi ilə axtarıb tapmaq istəyənlər bu yığcam kitaba müraciət etməklə öz yollarını ötüb keçmək üçün işıqlı bir çıraq tapmış olacaqlar. Bəli, onlar bu mötəbər və qısa kitabı mütaliə etməklə Əhli-beyt (ə) məktəbinin həqiqətini dərk edə bilərlər. Daha artıq məlumat əldə etmək üçün isə yeri gəlmişkən qeyd olunan mötəbər mənbələrə müraciət edə bilərlər.

Bu kitab bütün dünyaya elan edib bildirir ki, Əhli-beyt (ə)-ın əqidə üsulları və dini maarifi (əməl və əqidə çərçivəsində) bu kitabda qeyd olunanlardan ibarətdir. Bu kitabda qeyd olunanlarla uyğun gəlməyən mətləblər töhmətdən başqa bir şey deyildir və onun heç bir etibarı və dəyəri olmayacaqdır.

Burada sözümüzü xülasələndirərək Əhli-beyt (ə)-ın məktəbində olan islam etiqadiyyatının əsaslarını bəyan edirik.

İslam etiqadiyyatının hərtərəfli şəkildə araşdırılması onun külli məsələlərinin bəyan olunmasından asılıdır. İslami mərifət və bu dinin insan və kainat barəsindəki dünyagörüş yolları barəsində bəyanlar, bu dinin bütün imkan aləmi barəsindəki nəzəriyyəsini bəyan edir. Biz də burada qısa şəkildə onları izah edirik. Onların hər birinin müfəssəl şəkildə bəyan olunması sair dini kitablara həvalə edilir.

Bu kitabın yazılıb tənzim olunmasında ciddi səy göstərən höccətül-islam vəl-müslimin Rəbbani Gülpayiqani həzrətlərinə də dərin minnətdarlığımı bildirirəm.
Cəfər Sübhani

23÷10÷1376

14 Ramazan, 1418

BİRİNCİ FƏSİL

İSLAMİ DÜNYAGÖRÜŞÜN KÜLLİYYATI


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin