Tapmacalar qarşıya qoyulmuş məqsəddən asılı olaraq seçilməli, sadədən mürəkkəbə, asandan çətinə, məlumdan məchula qaydalarına müvafiq qruplaşdırılmalıdır.
4. Tapmacaların təlim prosesində tətbiqi daha çox təlim maraqları yaradılması, uşaqların əqli qabiliyyətlərinin inkişafına yönəldilir. Buna görə də təlim prosesində konkret düzgün cavab tələb edən tapmacalardan istifadə edilməlidir. Dərsdənkənar təlim-tərbiyə işlərində isə, həm də əyləncə xarakterli, dərketmənin sürətini müəyyən etməyə imkan verən tapmacalardan daha çox istifadə olunmalıdır. Məsələn, əslində cavabı özündə olan tapmacalara müraciət edilə bilər.
Üç – on səkkiz, iki – iyirmi.
Neçə oldu hamısı?
(5+5+5=15+3=18+2=20)
İki dəvəm var, biri ağzı günbatana yatıb, biri ağzı gün doğana yatıb. Bir xorum otu onların arasında elə qoy ki, ot bölünməsin dəvələr yesin
(cavabı özündədir)
5. Tapmacaların cavabları izah olunmalıdır. Uşaqlar göstərilən əlamətlərin cavabda tam əhatə olunduğunu yəqin etdikdə tapmacaya maraq daha da artır.
Belə olduqda uşaqlar, həm də tapmaca yaradıcılığının xüsusiyyətləri ilə tanış olurlar. Bu isə onlarda yaradıcılıq qabiliyyətlərinin də inkişafına səbəb olur. Tapmacaların təlim-tərbiyə prosesində düzgün tətbiqi, onlar üzərində işin pedaqoji baxımdan səmərəli təşkili müəyyən bir müddətdən sonra uşaqların özlərinin də yeni tapmacalar tərtib etməsinə imkan verir.
Tapmacaların açmasını ətraflı şərh etməyin əhəmiyyətini duyan Kamil Vəli Nərimanoğlunun qələmindən çıxan bir yozum fikrimizi təsdiq üçün kifayətdir:
«İrəlidən dörd qardaş gəlir:
Birinin beli bükülü,
Birinin əli belli,
Birinin əli güllü,
Bir də dilli-felli.
Bu dörd qardaş qışa, yaza, yaya, payıza deyirlər. İrəlidə gələn beli bükülü qışdır, belinin bükülməyi də qocalığındandır. Əli belli olan yazdır, yaz dediyin əkindir, səpindir. Əli güllü yaydır: dağ deməz, aran deməz, lalasından ayaq tutub yeriyəmməzsən. Deyir: yaznan yay əkiz qardaşa bənzəyir, bir buğda boyu böyüdülərmi, dəyişik salarsan, seçə bilməzsən. Dilli-felli payızdır. Çal-çağırınnan qulaq tutular, igidləri gözəllərin felinə salar, gözəlləri də igidlərin... Analar deyər, dörd igidim var, dillisinə-fellisinə qurban olum» (11, 341).
Yeri gəlmişkən, qeyd etmək istəyirik ki, şifahi xalq ədəbiyyatının (deməli, həm də etnopedaqoji materialların) bir çox nümunələri ifadə etdiyi məna və mövzu baxımından təhlil edilməli, izah olunmalıdır. Xalqımızın qədim həyat tərzi, birgə yaşayış xüsusiyyətləri, psixologiyası, adət-ənənələri, dünyagörüşü, cəmiyyətlə bağlı görüşləri, məişəti, əmək həaytı, peşələr, sənətlər, əmək alətləri və s. ilə bağlı minlərlə belə nümunələr vardır ki, onlar müəyyən dövrdə xalqın həyatı ilə bağlı olduqlarından məhz o dövrün adamları tərəfindən aydın dərk edilirdi, izaha ehtiyac duyulmurdu. Zaman keçdikcə cəmiyyətin inkişafı ilə əlaqədar insanların həyatı ilə bağlı bir sıra əşyalar gündəlik həyatda istifadədən çıxır, hadisələrin üzərindəki zaman pərdəsi onları unutdurur. Onlarla bağlı xalq yaradıcılığı nümunələri isə durur. Sonrakı nəsil bu nümunələrin mahiyyətini başa düşməkdə çətinlik çəkir. Ona görə də onlardan istifadə də ya azalır, ya da formal xarakter daşıyır.
Suda xatam var mənim
Dörd anadan olmuşam
On iki atam var mənim
Bu tapmacanın cavabı dingdir. Çəltikdən düyü çıxartmaqda istifadə olunan dingin tapmacada göstərilən əlamətlərini bu gün çoxmu adam bilir?
Yaxud,
Altı ayağı, iki dabanı.
və ya
Bəndənin felindədir,
Altı ayağı, iki gözü,
Quyruğu belindədir.
Hər iki tapmacanın cavabı tərəzidir. Əgər cavab izah olunmursa, tərəzinin «altı ayağı» və «iki dabanı»nın, «quyruğunun belndə» olmasınının doğruluğuna müasir məktəblini necə inandırmaq olar. Eləcə də «Üstü taxta, altı daş» (vəl), «Əzizim saçdan olsun, saçı qumaşdan olsun, mənə bir silah verin, gülləsi daşdan olsun» (sapand), «Bizim evdə bir kişi var, iki başı, səkkiz qulağı, bir ağzı var» (nehrə), «Boz-bozu, gəzər düzü, bir burnu var, qırx gözü» (çarıq) və s. kimi tapmacaların cavablarını, hətta orta yaşlı adamlar belə əsaslandırmaqda çətinlik çəkirlər. Bu, o demək deyil ki, həmin tapmacalar arxaikləşdiyindən onlardan istifadə edilməməli, yaddan çıxarılmalıdırlar. Əksinə, yarandığı dövr haqqında ən doğru məlumat verən həmin incilər ətraflı izah olunduqda daim xalqın istifadəsində ola bilərlər.
«Ağılın gimnastikası» (Əliheydər Həşimov), «xalq fikrinin matematikası» (V.Xuluflu), «kiçik etnopedaqoji miniatürlər» (Q.N.Volkov) adlandırılan tapmacalar xalqın həyatında mühüm rol oynamışlar. Onların əhəmiyyəti bu günə qədər də tükənməmişdir. Az sözlə çox məna ifadə etməyi müdrikliyin əlaməti hesab edən xalq bu tapmacalar vasitəsilə misilsiz bir xəzinə, zəngin bir irs yaratmışdır. Tapmacalar xalqın tarixi keçmişini, ayrı-ayrı dövrlərdə insanların yaşam tərzini, dünyagörüşünü, inam və əqidəsini, məşğuliyyətini, doğma diyarın zənginliklərini, bitki örtüyünü, heyvanlar aləmini və s. özündə əks etdirən, hifz edən nadir sənət inciləridir. Tapmacalar bütün sadalananları məhz gələcək nəsillərə çatdırmaq üçün özündə qoruyub saxlayan xalq təfəkkürü məhsulları olduğundan, həm də pedaqoji baxımdan əhəmiyyətli nümənələrdir. Müasir məktəb təcrübəsində onlardan istifadənin nəzəri və praktik məsələlərinin tədqiqi həm təlim-tərbiyə işlərinin səmərəsini artırar, həm də milli şüurun möhkəm əsaslar üzərində formalaşmasına səbəb olar.
4.3.
Dostları ilə paylaş: |