Orta yaş qrupunda forma haqqında təsəvvürlərin inkişaf etdirilməsi say təlimi ilə paralel aparılır və onunla üzvi surətdə əlaqələndirilir. Əşyaların ölçülərinə görə müqayisə edilməsi, şəkil çəkmə, plastilinlə iş də təlimə daxil edilir.
Dərs ilinin I rübündə uşaqlarda həndəsi fiqurlardan dairə, kvadrat və üçbucağı fərqləndirmək və adlandırmaq bacarıqları möhkəmləndirilir. Həmin fiqurların modelləri say materialı kimi də işlədilir. Deməli, say təlimində həmin modellər iki didaktik məqsədə xidmət edir: say materialı kimi və həndəsi fiqurlar haqqında təsəvvürlərin yaradılması vasitəsi kimi.
Bu məşğələlərdə oyun – çalışmalara xüsusi fikir vermək lazımdır. Məsələn, müəllim bir fiquru göstərir və həmin fiqurun göstərilməsini uşaqlara təklif edir. Sonra tapşırığın formasını dəyişir: fiqurun adını söyləyir və onu göstərməyi uşaqlara təklif edir. Müxtəlif rəngli və müxtəlif ölçülü fiqurları müqayisə edərkən, çalışmaq lazımdır ki, uşaqlar fiqurların mühüm olan əlamətlərini mühüm olmayan əlamətlərindən ayırmağı bacarsınlar. Burada işi aşağıdakı ardıcıllıqla aparmaq olar: 1) Əvvəlcə eyni formalı və ölçülü lakin müxtəlif rəngli fiqurlar rənglərə görə ayrılır. 2) Müxtəlif rəngli və müxtəlif ölçülü eyni fiqurlar rənglərə görə qruplara ayrılır. 3) Müxtəlif rəngli və müxtəlif ölçülü müxtəlif fiqurlar formaya görə qruplara ayrılır. Bütün bu işləri müəllimin rəhbərliyi altında uşaqlar yerinə yetirirlər.
Beləliklə, fiqurların mühüm və mühüm olmayan əlamətlərini ayırd edilməsi həndəsi fiqurlar haqqında biliklərin ümumiləşdirilməsinə kömək edir.
Uşaqları yeni həndəsi fiqurlarla tanış edərkən oxşar və fərqli anlayışların birgə formalaşdırılması metodundan istifadə olunmalıdır. Belə ki, müəllim düzbucaqlını öyrətmək üçün onu kvadratla müqayisə edir, uşaqlar onların oxşar və fərqli cəhətlərini tapırlar.
Eyni qayda ilə şar və kubu silindrlə düzbucaqlı paralelepipedi, kubla düzbucaqlı paralelepipedi müqayisə edirlər. Müqayisə zamanı fiqurun adı, rəngi, forması, hansı materialdan hazırlandığı soruşulur. Sonra iki fiqur müqayisə edilir. Yuxarıdakı ardıcıllıqla onların oxşar və fərqli əlamətləri soruşulur. Çalışmaq lazımdır ki, həndəsi fiqurların əsas xassələri qabarıq şəkildə uşaqların nəzərinə çatdırılsın. Fiqurların müqayisə edilməsində görmə, hərəki analizatorlardan istifadə olunmalıdır.
Müstəvi fiqurları üst-üstə qoymaqla onların oxşar və fərqli əlamətləri bir daha aşkar edilir. Məsələn, kvadratla düzbucaqlının, düzbucaqlı ilə üçbucağın, kvadratla üçbucağın, kvadratla dairənin cüt-cüt müqayisə edilməsi uşaqların fəza təsəvvürlərinin inkişafına böyük təsir göstərir.
Bu kimi çalışmalardan sonra eyni fiqurların ölçülərinin artma və ya azalma dərəcəsinə görə düzülməsinə aid oyun – çalışmalar verilir.
Həndəsi fiqurlar yığımından kartoçkalardan şəkilləri verilən fiqurların seçilməsi, eyni formalı, lakin müxtəlif ölçülü fiqurlardan əmələ gətirmək kimi tapşırıqlar yerinə yetirilir. Sonra müəllim fiqurların adını söyləyir, uşaqlar isə onları seçib göstərməlidirlər. Nəhayət, uşaqlar həmin fiqurları ətraf mühitdə tapmağa çalışırlar. Məsələn, üçbucaq - baş yaylığı; düzbucaqlı – pəncərə, kitab, dəftər və s.
Bundan sonra ayrı-ayrı əşyaları hissələrinə görə təhlil edib, tanış olan həndəsi fiqurları tapmağa aid çalışmalar verilir. Məsələn, oyuncaqlar üzərində (maşın və qarajda və s.) həmin məqsədə xidmət edən çalışmalar vermək olar.
Müxtəlif şəkillərdə, mozaikada, həndəsi fiqurları tapmağa aid çalışmalar uşaqların fəza təsəvvürlərini inkişaf etdirir. “Əşyanı hissələrinə görə tanı” və başqa oyunlar keçirməklə uşaqların fəallığı artırılır.
Dostları ilə paylaş: |