İndi məktəbə hazırlıq qrupunda forma haqqında təsəvvürlərin formalaşdırılması məsələlərini nəzərdən keçirək. Məlumdur ki, uşaqlar məktəbə gələrkən dairə, oval, düzbucaqlı, kvadrat, dördbucaqlı, şar, kub, silindr, düzbucaqlı paralelepipedi (tircik) fiqurların içərisindən axtarıb tapmağı bacarmalıdırlar. Odur ki, hazırlıq qrupunda bu məsələlər sistematik surətdə öyrənilir.
Dərs ilinin əvvəlində uşaqlar kvadratla düzbucaqlını, dairə ilə ovalı, kub ilə tirciyi qarışdırırlar. Ona görə də dərs ilinin əvvəlində həndəsi fiqurları tanımağa, onları fərqləndirməyə və adlandırmağa aid təkrar xarakterli məşğələ keçmək lazımdır. Bu məşğələlərdə çalışmaq lazımdır ki, görmə, hissi-hərəki və digər analizatorlar iştirak etsin. Şərti ölçü vahidi ilə fiqurların ölçülməsi işinə yer verilməlidir.
Kağızdan, kartondan məlum həndəsi fiqurların kəsilməsinə aid praktik iş aparılmalıdır.
Həndəsi fiqurların damalı dəftərdə çəkilməsi qaydasını öyrətmək lazımdır. Buna 10-12 məşğələ həsr olunur. Birinci məşğələdə uşaqlar dəftərin quruluşu ilə tanış olurlar. Həndəsi fiqurlar bir daha təkrar edilir. İkinci məşğələdə uşaqlar kvadrat çəkməyi öyrənirlər (böyük və kiçik kvadrat), üçüncü məşğələdə kvadrat və düzbucaqlı çəkməyi öyrənirlər, dördüncü məşğələdə müxtəlif ölçülü düzbucaqlılar, beşinci məşğələdə kvadrat və dairə, altıncı məşğələdə düzbucaqlı və oval fiqurlar, yeddinci məşğələdə kvadrat, düzbucaqlı və üçbucaq, səkkizinci məşğələdə müxtəlif üçbucaqlar, doqquzuncu və onuncu məşğələdə müxtəlif sadə əşyalar: bayraqcıq, alma, gavalı, xiyar, pomidor çəkməyi öyrənirlər.
Uşaqların bacarıq səviyyəsindən asılı olaraq məşğələlərin sayı 10-12 ola bilər.
Bu məşğələlərdə say təliminə də xüsusi yer verilir. Damaları sayma, fiqurun vəziyyətini müəyyən etmə, şərti ölçü olan damadan istifadə etmək kimi məsələlər kompleks şəkildə həyata keçirilir. Uşaqlar həmçinin karandaşla işləmək vərdişləri qazanırlar.
Həndəsi fiqurların damalı dəftərdə çəkilməsi sıra sayı və ədədin tərkibinin öyrədilməsi ilə əlaqələndirilir. Sadə hesab məsələsi həll etmək və məsələ qurmaq işi də fiqurlarla əlaqəli surətdə aparılır.
Xarakterik olan bir sıra məşğələlərin qısa məzmununu nəzərdən keçirək.
İkinci məşğələdə müəllim kvadratın damalı dəftərdə çəkilməsi qaydasını və nümunəsini göstərir. Sonra uşaqlara tapşırıq verir: “Tərəfi 2 dama olan 5 kvadrat çəkin, kvadratlar arasında 3 dama məsafə qoyun”. Uşaqlar tapşırığı yerinə yetirdikdən sonra həmin fiqurları kəsir və 2,4 bərabər hissəyə bölürlər. Çalışmaq lazımdır ki, bərabər hissələrə bölmə müxtəlif şəkildə aparılsın (yəni kvadratın simmetriya oxları boyunca). Onda kvadrat iki düzbucaqlıya və üçbucağa və ya dörd kiçik kvadrata, 4 kiçik üçbucağa ayrılacaqdır.
Uşaqlar müəllimin əvvəlcədən hazırladığı dairə nümunəsinə əsasən dairəni kvadratın üzərinə qoyub kvadratdan yeni dairə kəsirlər. Sonra ovalı düzbucaqlının üzərinə qoyub, ondan yeni oval kəsirlər. Beləliklə, uşaqlar həmin fiqurların şəklini çəkmək prinsipini öyrənirlər.
Dairənin və ovalın rənglənməsini asanlaşdırmaq üçün onları uyğun olaraq kvadratın və düzbucaqlının daxilinə çəkmək lazımdır. Müəllim fiqurların hansı ardıcıllıqla rənglənməsi qaydasını da uşaqlara öyrədir. Çalışmaq lazımdır ki, uşaqlar şəkil çəkərkən parçanın uzunluğu 5 damadan artıq olmasın. Uşaqlarda forma haqqında bilikləri ümumiləşdirmək üçün üçbucaq, dördbucaqlı və beşbucaqlı haqqında sadə təsəvvürlər verilir. Bu fiqurları – üçbucaq, kvadrat, dördbucaqlı, beşbucaqlı qurmaq üçün çöplərdən (neçə çöp) istifadə olunur. Fiqurda bucaqların sayı ilə tərəflərin sayı arasında bərabərlik əyani şəkildə göstərilir.
Fiqurların müxtəlif əlamətlərinə görə qruplaşdırılması işi davam etdirilir. Fiqurları bir-birindən fərqləndirən əlamətlərin aşkar edilməsi, onların yaxşı dərk edilməsinə kömək edir. Buna görə iki qrupa ayrılmış əşyalar haqqında müəllim belə sual verir:
Soldakı qrupda əşyalar sağdakı qrupdakı əşyalardan nə ilə fərqlənir?
Uşaqlar mühüm əlamətlərinə görə fərqlənən əşyaları tapır, əl ilə onların konturlarına toxunmaqla əlamətlərini göstərirlər.
Sonra tapşırığın məzmunu dəyişdirilir: otaqda olan əşyaların adları söylənməklə, hansı formaya malik olduqları uşaqlardan soruşulur.
Uşaqların əli altında olan fiqurlardan yeni fiqur düzəltməyə aid çalışmalar verilir. Fiqurların hissələri qabaqcadan elə seçilməlidir ki, onlardan uşaqlara məlum fiqurların düzəldilməsi çətinlik törətməsin. Məsələn, iki üçbucaqdan yeni fiqurun, iki yarımdairədən bütöv dairənin alınması və s. Bu kimi çalışmalar forma haqqında təsəvvürləri inkişaf etdirir.
Çalışmaq lazımdır ki, uşaqlara verilən tapşırıqların bir hissəsi əyləncəli və maraqlı xarakter daşısın. Çöplər vasitəsilə tapmaca xarakterli çalışmalar uşaqları daha çox cəlb edir. Məsələn, “7 çöp vasitəsilə 2 kvadrat qurun” və ya hazır fiqurun neçə ayrı-ayrı fiqurdan əmələ gəldiyini tapmağa aid çalışmalar və s. Həndəsi konstruktor vasitəsilə uşaqlar dovşan, leylək, xoruz və başqa mürəkkəb fiqurlar düzəldirlər. Bu cür və buna oxşar işlərdə uşaqlara müstəqillik verilməlidir. Bəzən uşaqlara mürəkkəb fiqur göstərilir və onun nəyi xatırladığını soruşmaq lazımdır.
Mürəkkəb fiqurları əvvəlcə nümunəyə əsasən düzəldirlər, sonra isə yalnız müəllimin göstərişi əsasında özləri müstəqil surətdə düzəldirlər. Çətinlik meydana çıxdıqda, müəllim onlara kömək edir. Çalışmaq lazımdır ki, çalışmalar uşaqların gücünə müvafiq olsun, əks halda onların marağı azala bilər.
Məktəbə hazırlıq qrupunda uşaqların fəza təsəvvürləri formalaşdırılır və inkişaf etdirilir; bununla da uşaqlar məktəbdə həndəsə elementlərini proqramın tələbləri səviyyəsində öyrənilməsinə hazırlanırlar.
Dostları ilə paylaş: |