İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent


Mövzu 2. Bağça yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması probleminin tədqiqi tarixinə dair



Yüklə 89,5 Kb.
səhifə4/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   2   3   4   5   6   7   8   9   ...   35
Mövzu 2. Bağça yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması probleminin tədqiqi tarixinə dair

Tədqiqatlar göstərir ki, bağça yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin

formalaşdırılması problemi iki aspektdə araşdırılıb öyrənilmişdir.

nəzəri aspektdə

bilavasitə praktik fəaliyyət aspektində və ya empirik yolla

Görkəmli alim pedaqoqlar Y.A.Komenski, İ.G.Pestalotsi, K.D.Uşinski, L.N.Tolstoy, məktəbəqədər tərbiyə sahəsində F.Frebel, M.Montessori, Y.İ.Tixeyeva, F.N.Blexer və b. hər iki istiqamətdə aparılan işi müvəffəqiyətlə əlaqələndirmiş və bu sahədə böyük irs qoymuşlar.

Ölkəmizdə bağça uşaqlarında sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası öz inkişafına əsasən 60-cı illərdən başlamışdır. Bu sahədə keçmiş SSRİ Pedoqoji Elmlər Akademiyasında, öz ölkəmizin bir sıra elmi və tədris müəssisələrində aparılmış tədqiqatlar və əldə olunan nəticələr diqqətə layiqdir.

Son illərdə 6 yaşlıların sistematik təlimə cəlb edilməsilə əlaqədar Rusiya PEA-nın, Ukraynanın, Gürcüstanın, Azərbaycanın və Pribaltika respublikalarının elmi-tədqiqat pedogika institutlarında və digər müəssisələrdə bu problemlə əlaqədar intensiv iş aparılır. Əldə edilən nəticələr bilavasitə uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması nəzəriyyəsinə və praktikasına müsbət təsir göstərir.

Ümumtəhsil məktəblərindəki onbirillik təhsil sisteminin tətbiq edilməsi uşaqların riyazi hazırlığı işində bağça ilə ibtidai məktəb arasında varisliyi daha da gücləndirmişdir.

Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası uzun inkişaf yolu keçmişdir.

XVIII -XIX əsrlərdə bağça yaşlı uşaqlara hesabdan ən sadə biliklərin verilməsi, müxtəlif kəmiyyətlər haqqında təsəvvürlərin formalaşdırılması məsələləri Y.A.Komenski, İ.G.Pestalotsi, K.D.Uşinski, L.N.Tolstoy və başqalarının təlim-tərbiyəyə aid əsərlərində öz əksini tapmışdır. Alman pedaqoqu F.Frebelin (1782-1852) və italiya pedaqoqu M.Montessorinin (1870-1952) əsərlərində uşaqlarda ədəd anlayışının formalaşdırılması metodları haqqında fikirləri verilmişdir. Onlar həmçinin sensor tərbiyə sisteminin inkişaf etdirilməsi mövqeyində dururdular.

XIX əsrin sonu və XX əsrin əvvəllərində ibtidai siniflərdə hesab təlimi metodlarının inkişaf etdirilməsi və müxtəlif mütərəqqi metodik ideyaların məktəbə gətirilməsi sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasının bir pedaqoji fənn kimi inkişafına böyük təkan vermişdir.

İnqilabdan əvvəlki Rusiyada hesaba aid çap olunan metodik vəsaitlər bir qayda olaraq ailə və uşaq bağçası üçün nəzərdə tutulurdu . Məqsəd valideynləri və bağça tərbiyəçilərini riyaziyyat təliminin məzmunu ilə tanış etməkdən ibarət idi.

1912-ci ildə V.A.Kemnits tərəfindən tərtib olunmuş “Uşaq bağçasında riyaziyyat” kitabı çapdan çıxdı. Bu, onun ailə şəraitində uşaqlarla apardığı pedaqoji iş təcrübəsinin nəticəsi idi.

Ölkəmizdə Sovet hakimiyyəti illərində L.V.Qlaqolyeva, L.K.Şleger, Y.İ.Tixeyeva, F.N.Blexer tərəfindən məktəbəqədər yaşlı uşaqların riyazi hazırlığına dair metodik vasitələr, müvafiq proqramlar və didaktik oyun materialları hazırlanmışdır. Yaradılan proqramların məzmunu bağça yaşlı uşaqlarda ədəd haqqında təsəvvürlərin, kəmiyyətlər və onların ölçülməsi, forma, fəza və vaxt haqqında sadə biliklər daxil edilmişdir.

1939-cu ilə qədər Leninqradın (indiki Sankt – Peterburq) uşaq bağçalarında hesab anlayışlarının formalaşdırılması L.V.Qlaqolyevanın metodikası əsasında aparılırdı. Onun “Laborator metodu ilə hesabın tədrisi” (1919), “Məktəbin L.V.Qlaqolyeva əşyaların ölçülərinin müqayisəsi” (1930), “Sıfırıncı qruplarda riyaziyyat” (1930) adlı vasitələrində uşaqlarda ədəd, kəmiyyət və onun ölçüləri, tam ədədin (bütövün) bərabər hissələrə bölünməsi haqqında təsəvvürlərin formalaşdırılmasına dair materialın məzmunu, metodları və priyomları verilmişdir.

L.V.Qlaqolyevanın say metodikası o dövrdə dəbdə olan iki metodik ideyaya əsaslanırdı:

Sayma yolu ilə ədədlərin qavranılması

Obrazlar (ədədi fiqurlar, əşyalar qrupu) vasitəsilə ədədlərin qavranılması.

L.V.Qlaqolyeva labarator metodunu (əyani material əsasında praktik vərdişlərin yaradılması), tədqiqat metodunu (bilikləri tətbiq etmək üçün uşaqlar öyrənilənə oxşar situasiya axtarırlar), illüstrativ metodu (məhsuldar fəaliyyət prossesində bilik və bacarıqların möhkəmləndirilməsi) və əyanilik metodunu geniş təbliğ edirdi.

Y.İ.Tixeyeva maarif sahəsində məhşur ictimai xadim, pedaqoq metodist olmuşdur. O, təklif edirdi ki, ədəd haqqında təsəvvürlərin formalaşdırılması uşağın təbii inkişafı prosesində heç bir məcburiyyət və təzyiq olmadan həyata keçirilməlidir. Y.İ.Tixeyevanın tələblərindən biri bu idi ki, biliyin heç bir məcburiyyət olmadan mənimsənilməsi üçün zəruri olan şərait yaradılmalıdır. O, hesab edirdi ki, bu cür mənimsəməni kollektiv təlim prosesində təmin etmək mümkün deyildir; onu uşağın gündəlik həyatında oyunlar zamanı təmin etmək olar. Y.İ.Tixeyeva “Müasir uşaq bağçası”(1920), “Kiçik yaşlı uşaqların həyatında sayma” (1920) kitablarında bağça uşaqlarının sistematik təliminə qarşı çıxırdı.

Y.İ.Tixeyeva uşaqlarda miqdar və fəza təsəvvürlərini möhkəmləndirməyə aid oyun-məşğələlər üçün 60 məşğələ tərtib etmiş və bağça yaşlı uşaqların riyaziyyatdan biliklərinin həcmini müəyyən etmişdir. O, uşaqları rəqəmlərlə tanış etməyi zəruri hesab edirdi. Bunun üçün ədədi fiqurlar və onlara uyğun rəqəmlər yazılmış kartoçkalardan istifadə etməyi məsləhət görürdü. Y.İ.Tixeyeva hazırladığı çalışmalar vasitəsilə toplama və çıxma əməlləri ilə uşaqları tanış edir və sadə məsələləri həll etməyi öyrədirdi, uşaqların müstəqil məsələ tərtib etmək priyomuna da üstünlük verirdi.

Kəmiyyətin ölçülərinə görə müqayisə edilməsi və oyun prosesində 5-6 yaşlı uşaqların ən sadə ölçmə işləri ilə tanış etməyi məsləhət bilirdi. Bu şərtlə ki, həmin ölçmələr məqsədsiz olub, sırf tədris xarakteri daşımamalıdır. Onları oyunlara daxil edib, praktik məşğələlərlə əlaqələndirmək lazımdır.(məsələn,“maqazin oyunu”və s.)

Y.İ.Tixeyeva uşaqları məktəbə hazırlamaq üçün savad və say təliminin böyük əhəmiyyətini qeyd edirdi. Bu işdə fərdi təlimə üstünlük verirdi. Lakin onun tərtib etdiyi oyunlar, didaktik materiallar kollektiv istifadə məqsədini daşıyırdı.

Öz işinin ustası, uşaq psixologiyasını dərindən bilən Y.İ.Tixeyeva təlimin tədricən çətinləşdirilməsi mövqeyində durmaqla, o dövrdə geniş yayılmış sərbəst tərbiyə nəzəriyyəsinə daha çox istinad edirdi. Onun məktəbəqədər pedaqogika sahəsində faydalı məsləhət və göstərişləri indi də aktuallığını saxlayır.

Bağça uşaqlarında sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasına dair pedaqoq F.N.Blexerin də xidmətləri olmuşdur. Bağçada təlimin məzmunu və metodlarına dair fikirləri onun 1934-cü ildə çap olunmuş “Uşaq bağçasında və sıfırıncı qrupda riyaziyyat” adlı kitabında ətraflı verilmişdir. Həmin kitab keçmiş sovetlər birliyində uşaq bağçasında riyaziyyatdan ilk tədris vəsaiti olmuşdur.

N.F.Blexer təklif edirdi ki, 3-4 yaşlı uşaqlar “çox” və “bir” anlayışlarını fərqləndirməyi bacarmalı və onlarda 1,2,3 ədədləri haqqında təsəvvürlər formalaşdırılmalı və 5-6 yaşlı uşaqlar on dairəsində əşyaların miqdarı xarakteristikasını müəyyən etməyi, sıra sayı əsasında ədədləri müqayisə etməyi bacarmalı, 6-7 yaşlı uşaqlar isə on dairəsində ədədlərin tərkibini, rəqəmləri bilməli, nömrələmə əsasında toplama və çıxma əməllərini, ən sadə hesab məsələlərini əşyalar əsasında həll etməyi bacarmalıdırlar.

N.F.Blexer bağça yaşlı uşaqlarda fəza təsəvvürlərini, vaxt ölçüləri və onlar arasındakı münasibətlərə dair təlimin məzmunu və metodlarını işləyib hazırlamışdır. Bu məsələləri həyata keçirmək üçün o, iki yoldan istifadə edirdi: 1) gündəlik həyat fəaliyyəti prossesində 2) xüsusi seçilmiş oyunlar və məşğələlər vasitəsilə.

N.F.Blexer hesab edirdi ki, say uşağın təkcə zehni inkişafı üçün deyil, həm də onun hərtərəfli inkişafı üçün əvəz olunmaz vasitədir. Uşaqlarda miqdar təsəvvürlərini formalaşdırmaq üçün əşyaları saymağa aid uşaqların praktik fəaliyyəti mühüm rol oynayır. N.F.Blexerin tərtib etdiyi müxtəlif oyunlar indiyə kimi məktəbəqədər tərbiyə müəssisələrində tətbiq olunur.

Uşaqlarda ədəd haqqında təsəvvürlərin formalaşdırılmasında monoqrafik metod mühüm rol oynamışdır. Bu metod XX əsrin əvvəllərindən başlayaraq 50-ci illərə qədər uşaq bağçalarında tətbiq olunmuşdur. Bu metod N.F.Blexerin, L.V.Qlaqolevanın əsərlərində öz əksini tapmışdır.

Keçmiş sovetlər birliyində uşaq bağçalarında sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası 30-50-ci illərdə sovet psixologiya və pedaqogika elminin metodologiyası əsasında qurulmuşdur. Bağçada veriləcək riyazi təsəvvürlərin həcmi, məzmunu, onların təlimi metodları və digər məsələlər psixologiya-pedaqogika elmlərinin nailiyyətləri əsasında işlənib hazırlanırdı. K.F.Lebedintsev özünün “Uşaqlarda erkən vaxtlarda ədəd haqqında təsəvvürlərin inkişafı” (Kiyev, 1923) adlı kitabında qeyd edirdi ki, 1-dən 5-ə qədər ədədlər haqqında ilk təsəvvürlər o zaman yaranır ki, onlar əşya qruplarını, çoxluqlarını fərqləndirməyi bacarsınlar. Ədəd haqqında təsəvvürlərin çoxluqların köməyi ilə yaradılması psixoloq İ.A.Frenkel və riyaziyyatçı-metodist L.A.Yablokov tərəfindən tədqiq edilmişdir. Onlar əsaslandırmışlar ki, uşaqlar əvvəlcə çoxluğun ayrı-ayrı elementlərini dərk etməli və bundan sonra ədədlər haqqında, əməllər haqqında təsəvvürlər və ümumiləşmələr formalaşdırılmalıdır.

N.A.Mençinskaya hesab təlimi psixologiyası məsələlərini tədqiq etmişdir. Onun “Hesab təlimi psixologiyasına dair oçerklər” (M., 1947, 1950), “Hesab təlimi psixologiyası” (M., 1955) kitablarında bağça yaşlı uşaqlara ədəd anlayışının formalaşması prosesi ətraflı öyrənilmiş və konkret nəticələr irəli sürülmüşdür.

Z.S.Piquleskaya, F.A.Mixaylova, N.Q.Bakst və Y.F.Çekmaryovun tədqiqatları uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasına həsr olunmuşdur.

Metodist riyaziyyatçı Y.F.Çekmaryovun apardığı eksperiment və qabaqcıl təcrübəni ümumiləşdirməsi nəticəsində bağçanın böyük qrup tərbiyəçiləri və hazırlıq sinfi müəllimləri üçün “6 yaşlı uşaqlara hesabın öyrədilməsi” (M., 1963) və uşaqlar üçün “Saymaqla öyrənin” (M., 1963) kitablarını yazmışdır.

P.Y.Qalperin ədəd və əməllər (toplama və çıxma) haqqında anlayışların formalaşdırılmasında kəmiyyətləri ölçülməsi işindən istifadə edilməsi ideyasını əsaslandırmışdır. Bu işdə ölçü vahidlərindən istifadə edilməsi ön plana çəkilir.

V.V.Davıdovun tədqiqatlarında sayın əqli fəaliyyət kimi, psixoloji mexanizmi aşkar edilmişdir. Ədəd anlayışının formalaşmasında əşyaların sayına görə müqayisə edilməsi və kəmiyyətlərin ölçülməsindən istifadə olunur.

Bağça yaşlı uşaqlarda say və kəmiyyətlərin ölçülməsi arasında qarşılıqlı əlaqə yaratmaqla, sadə riyazi təsəvvürlərin formalaşdırılması priyomuna R.L.Beryezina, N.Q.Belous, Z.Y.Lebedyeva, R.L.Nepomnyaşaya, Y.V.Proskura, L.A.Levinova, T.V.Taruntayeva və Y.İ.Şerbakovanın tədqiqatlarında rast gəlirik.

V.V.Danilovanın, L.İ.Yermolayevanın və Y.A.Tarxanovanın tədqiqatları bağça yaşlı uşaqlarda miqdar təsəvvürlərinin formalaşdırılması imkanları və onun təkmilləşdirilməsinə həsr olunmuşdur.

Uşaqlarda fəza-zaman təsəvvürlərinin formalaşdırılması məsələlərinə T.A.Müseyibovanın, K.V.Nazarenkonun və T.D.Rixtermanın bir sıra tədqiqatlarında rast gəlirik.

Oyunlar vasitəsilə uşaqların riyazi inkişafına pedaqoji rəhbərliyin metodları və priyomları Z.A.Qraçyova, T.N.İqnatyeva, A.A.Smolentseva və İ.İ.Şerbinina tərəfindən işlənmişdir.

Hal-hazırda psixoloqların, pedaqoqların, riyaziyyatçı metodistlərin elmi tədqiqatları nəticəsində müəyyənləşdirildi ki, bağça uşaqlarında sadə riyazi təsəvvürlərin formalaşdırılması fənni proqramını dəyişmək və onu təkmilləşdirmək zərurəti yaranmışdır. Bu məqsədlə yeni proqram tərtib edilmiş və yeni bölmələr: “Kəmiyyətlər”, “Həndəsi fiqurlar” və “Fəza və zamana görə oriyentasiya” daxil edilmişdir.


Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin