Orta və böyük kompüter (mainframe) bazasında hesablama proseslərinin mərkəzləşdirilmiş idarəetmə sxemi son zamanlar “klient–server”(müştəri-server)texnologiyası ilə əvəz edilmişdir. Mərkəzləşdirilmiş idarəetmə sistemində – bütün hesablama resursları, verilənlər və onların emal proqramları bir kompüterdə cəmləşdirilir. İstifadəçilər terminallar (displeylər) vasitəsilə maşınların resurslarına daxil olurlar. Terminallar kompüterə ya interfeys vasitəsilə, ya da terminallar uzaq məsafəyə yerləşdirilmişsə, telefon xətləri vasitəsilə qoşulur. Terminalın əsas funksiyası istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Belə sxemin müsbətcəhəti inzibati rəhbərliyin asan olması, proqram təminatının təkmilləşdirilməsinin mümkün olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı etibarlılığa malik olmasıdır (kompüterin sıradan çıxması bütün hesablama prosesinin dağılması deməkdir).
Resurslardan istifadə edən klient (müştəri), resursları təmin edən tərəf isə server adlanır. Resurs kimi aparat komponenti (məsələn: disk, printer, modem, skaner və s.), proqram, fayl, verilənlər bazası, hətta kompüter də ola bilər. Buradan da bir sıra terminlər meydana gəlmişdir. Məsələn: fayl-server və ya disk-server, printer-server və ya çap serveri, verilənlər bazası serveri, SQL – server (SQL dilində verilənlər bazasında sorğuların emal proqramları), komputer-server və s. Bütün bu serverlərin öz klientləri (müştəriləri) vardır.
Proqram təminatı baxımından klient-server texnologiyası klientlərin (müştərilərin) və serverlərin ayrı-ayrılıqda öz proqramlarının olmasıdır. Klient proqramlarında mətn və cədvəl prosessorları kimi proqramlardan, server proqramı kimi isə verilənlər bazasının idarəetmə proqramlarından istifadə edilə bilər. Klient-server proqram cütlüyü kimi verilənlər bazasından götürülmüş informasiyalı cədvələ malik sənədi emal edən mətn prosessorunun proqramını misal göstərmək olar. Şəbəkədə yerinə yetirilən hər hansı bir proqram bir halda klient, digər halda isə server rolunda çıxış edə bilər.