Marketinqin idarə edilməsi. Bura müəssisədə marketinqin idarə edilməsinin təşkili; marketinqin idarəetmə strukturunun müəyyənləşdirilməsi və təşkili; idarəetmənin müxtəlif səviyyələrində marketinqin planlaşdırılması və marketinq proqramlarının tərtib edilməsi; marketinq fəaliyyətinə dair qərarların hazırlanması və qəbulu; müəssisənin inkişaf imkanlarının müəyyənləşdirilməsi; marketinq nəzarət sistemi; müəssisənin marketinq bölməsinin fəaliyyətinin qiymətləndirilməsi və s. aiddir.
Əmtəənin istehsalı və istehlakçılara çatdırılması çox mürəkkəb və kompleks bir məsələdir. Bu məsələnin həlli üçün marketinq bir sıra funksiyaları yerinə yetirməlidir:
1.Analitik
2.İstehsal
3.Satış
Marketinqin analitik funksiyaları aşağıdakıların öyrənilməsini əhatə edir:
-istehlakçıların;
-rəqiblərin;
-əmtəələrin və onun qiymətinin;
-əmtəələrin hərəkəti və satışının;
-satışın stimullaşdırılması və reklamsisteminin;
-müəssisənin daxili mühitinin.
Marketinqin istehsal funksiyalarına isə aşağıdakılar daxildir:
-yeni əmtəələr istehslının təşkili, daha təkmil texnologiyanın tətbiqinə istiqamətləndirmək;
-maddi-texniki təchizatın təmin edilməsi;
-əmtəələrin keyfiyyətinin və rəqabət qabiliyyətinin idarə edilməsi.
Marketinqin satış funksiyalarına aşağıdakılar daxildir:
-əmtəələrin hərəkəti sisteminin təşkili;
-servis xidmətinin təşkili;
-tələbatın formalaşdırılması və satışın stimullaşdırılması sisteminin təşkili;
-məqsədyönlü əmtəə siyasətinin yeridilməsi;
-qiymət siyasətinin həyata keçirilməsi.
Marketinqin ən mühüm funksiyalarından biri də idarəetmə və nəzarət funksiyasıdır:
-müəssisədə strateji və operativ planlaşdırmanın təşkili;
-kollektivin idarə edilməsi üzrə informasiya təminatı;
-müəssisədə kommunikasiya sisteminin təşkili;
-əks əlaqə və vəziyyətin təhlili əsasında marketinq nəzarəti.
Analitik funksiya özlüyündə marketinq tədqiqatları sistemidir və marketinq problemlərinə aid olan məsələlər üzrə məlumatların müntəzəm yığılması, qeyd edilməsi və təhlili məsələləri ilə məşğul olur. Marketinq tədqiqatları marketinq problemləri üzrə optimal qərarların qəbul edilməsi ilə əlaqədardır.