Dövlət büdcəsi maliyyə sisteminin əsas həlqəsidir. Büdcənin məzmunu, onun sosial – iqtisadi və siyasi əhəmiyyətli istehsal üsulunun xarakterindən, yerinə yetirdiyi vəzifələrdən asılıdır.
Dövlət büdcəsi dövlətin əsas gəlir və xərclərini özündə cəmləşdirir. O, dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir. Milli iqtisadiyyatın inkişaf etməsində, istehsalın stimulaşdırılmasında və həmçinin cəmiyyətin sosial inkişafında dövlət büdcəsinin çox böyük rolu vardır. Dövlət büdcəsinin rolu həm kəmiyyət, həm də keyfiyyət baxımından qeyd olunur. Kəmiyyət təsiri dedikdə, hər hansı istiqamətə nə qədər vəsait yönəldilməsi başa düşülür. Keyfiyyət təsiri isə iki cür təhlil edilir. Bu tərəfdən vergilərin düzgün qurulması və vəsaitlərin səmərəli xərclənməsi, digər tərəfdən, büdcə vasitəsilə nəzarət həyata keçirilir. Büdcə hər bir ölkədə iqtisadiyyatın ən mühüm tənzimləyicisi kimi çıxış etdiyindən, makroiqtisadi tənzimləmənin ən mühüm elementlərindən biri dövlət büdcəsidir.
Dövlət büdcəsi aşağıdakı vəzifələri yerinə yetirir:
- İctimai məhsulun və milli gəlirin yenidən bölgüsü;
- İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi və stabilləşdirilməsi;
- Sosial siyasətin maliyyə təminatı;
- Mərkəzləşdirilmiş pul vəsait fondunun yaradılması və istifadəsinə nəzarət.
Dövlət büdcəsi öz vəzifələrini bölgü və nəzarət funksiyası vasitəsilə həyata keçirir.
Bölgü funksiyası vasitəsilə pul vəsaitlərinin dövlətin əlində cəmləşdirilməsi və ümumdövlət mənafeyinə istifadəsi həyata keçirilir. Bu funksiyanın məzmunu ictimai istehsalın müxtəlif sahələri arasında maliyyə ehtiyatlarının yenidən bölgüsü ilə müəyyən olunur. Maliyyəin digər həlqələrindən heç biri vəsaitlərin yenidən bölgüsünü büdcə kimi çoxçeşidli (sahələrarası, ərazilərarası və s.) və çoxsəviyyəli (respublika, şəhər və s.) həyata keçirmir. Büdcə daxilolmaları və xərc təyinatlı göstəricilərlə müvafiq olaraq öz əksini tapan büdcə vəsaitlərinin hərəkəti bölgü funksiyasının əsasını təşkil edir.
Nəzarət funksiyası maliyyə vəsaitlərinin dövlətin xəzinəsinə vaxtında və tam şəkildə daxil olmasını, büdcə vəsaitlərinin bölgüsünün düzgün aparılmasını və səmərəli istifadəsini öyrənməyə imkan verir.
Büdcənin nəzarət funksiyasına hədd qoymaq və ya məhdudlaşdırma prinsipinə əsaslanır ki, bu da iki baxımdan həyata keçirilir:
a) zaman baxımından məhdudlaşdırma;
b) məbləğ və qiymət baxımından məhdudlaşdırma; Bu o deməkdir ki, dövlət büdcəsi müəyyən bir müddətdə məhdudlaşır. Bir qayda olaraq, büdcə müddəti bir il müəyyən edilir. Buna bəzən maliyyə ili də deyilir.
Büdcənin mövcudluğu iqtisadçılar tərəfindən bir sıra amillərlə izah edilir. Bu amillər içərisində əsasları aşağıdakılardır:
1. İstehsal və qeyri-istehsal sahələri arasında gəlirlərin bölüşdürülməsi. Qeyri istehsal sahələrində məhsul istehsal edilmir və burada çəkilən əməyin nəticələri dəyər ifadəsində ölçüyəgəlməzdir. Lakin qeyri-istehsal sahələrinin işçilərinə əməkhaqqı və digər ödəmələr verilməlidir.
Aydındır ki, müasir dövrdə qeyri-istehsal sahələrinin zəruriliyini heç kəs inkar etmir. Lakin bu sahələrin saxlanması xərclərini örtmək üçün vəsait mənbəyi yalnız maddi istehsalda yaranan izafi dəyərdir.
Elə buna görə də maddi istehsalda yaranan izafi dəyərin bir hissəsini dövlət müxtəlif yollarla öz əlində cəmləşdirir və qeyri-istehsal sahələrinin saxlanmasına yönəldir. Bu yollardan biri də dövlət büdcəsidir.
2. Dövlətin öz funksiyalarını yerinə yetirməsi üçün onun əlində mərkəzləşdirilmiş maliyyə resurslarının olması zəruriyyəti. Dövlətin sosial, siyasi və təsərrüfatçılıq funksiyalarının yerinə yetirilməsi müvafiq maddi baza olmadan mümkün deyildir. Bu maddi baza isə ancaq dövlət büdcəsi vasitəsilə yaşanılır və yaradılır.
3. Pensiya və birdəfəlik müavinatların verilməsi.
4. İstehsalın çox əmək tələb edən, özünü gec ödəyən, ancaq aparıcı hesab edilən sahələrinin yaradılması.
Dövlət büdcəsində əks olunan gəlirlər və xərclər qarşıdan gələn növbəti il üçün nəzərdə tutulur. Yəni həmin il büdcəyə gəlirlər daxil olacaq və həmin il ərzində tutulan dövlət xərcləri maliyyələşdiriləcək. Dövlətin hansı sahələri daha çox inkişaf etdirməsi məbləği də müxtəlif olur. İqtisadiyyatda inkişafa nail olmaq üçün, əsas etibarilə, istehsal sahələrinə daha çox vəsait ayrılması çox vacibdir.
Dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul gəlirləri və xərcləri fondudur. Lakin büdcəyə həm də, ölkənin əsas maliyyə planı kimi tərif də verilir. Bu, onunla əlaqədardır ki, büdcə bütün digər maliyyə planları kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan iki hissədən – gəlirlər və xərclər hissəsindən ibarətdir. Həm də gəlirlər xərclərə bərabər olmalıdır. Çünki smetada nəzərdə tutulan xərcləri həyata keçirmək üçün dövlət həmin miqdarda vəsaitə malik olmalıdır. Əks halda büdcədən nəzərdə tutulan tədbirlərə vəsait veriləcəyi adi vəddən başqa bir şey olmur.
Dövlət büdcəsinin gəlirləri.
Dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir:
- cari gəlirlər, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş dövlət vergiləri və bu vergilrə görə hesablanmış faiz və maliyyə sanksiyaları;
- dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük püsumları;
- əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından gəlirlər;
- daxili və xarici mənbələrdən alınan qrantlar və transferlər;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər daxilolmalar;
- Dövlət büdcəsi gəlirlərinin yığımı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Gəlirlərinin məbləğinin yuxarı həddi dövlət büdcəsinin qanunla təsdiq olunmuş göstəriciləri ilə məhdudlaşmır.
- Qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir.