Mənim öz babam, anamın atası Müslüm kişi, qaçağ olub. 37-38 də hardasa bıları represiyada göndəriblər Qazaxıstana. Müharibə dövründə elə orda olub, müharibədən sora isə, hardasa 52-53-də oları belə bir qanun vardı, yəni yaşadığın məntəqədən 100 km aralıda ev qura bilərdin. Onnan yaxın gələ bilməzdin. Burda görsələr, səni təzədən tutub basardılar, göndərəcəydilər ora. Mənim babam da Səlyanda düşüb mənzil qurub. Ordan bizə 100 km-di. Həəə, hər bazar günü mənim anam, bırdan nənəmnən minirmişdər poyuza, gedirmişdər. Onun da dəmiryol stansiyasında bir balaca bıtqası var idi. Köhnə kətdərin liboyunda desəz Müslüm kişi, Qəriblərdən, onu hamı tanıyır. Deməg, Mərkəzi komitədən bi nəfər səhv eləmirəmsə, Telman Əliyevin atası olub. O sovetin vaxtında, hardasa 70-80-i illərdə, aktiv komunistlərdən biri olub, T.Əliyevin atası.
Bı Yardımlı yolunda, qaçax-quldurlar dolu olardı. Məəm babam da həmişə kasıb-kusuba əl tutardı. O adam da Yardımlıdan gəlirmiş. Yanında da da kimsə olub. Mən sizə danışıram, 1947-48-ci illərdən. Ümumiyyətlə, Yardımlıdan müharibəyə çox az adam gedib. O yevreylərin bi sözü var ee müharibə qutarannan sora qaçıb gəlib deyillər ki, adə müharibə idi, adə bəs bizə niyə deməmsüz. Həə, o kişi Yardımlıdan gəlirmiş, yanında da adyutantı zadı olur. O Şıxlar tərəfdə də qaçax-quldur çox olardı. Bılara da hücum eliyəllər. Bılara hücum eliyəllər, görəllər ki, varrı hallıdılar. Atdarı filanı var, geyimləri zadı, hücum eliyəndə, bu yannan mənim babam rəhmətdiy çıxar, vurar bıları yıxar. Həmin qaçaxları qovub, oları da gətirib evinə. Orda da olara çox gözəl qulluğ filan eliyiblər. Onnan sora da olar dostdaşıllar. Həmişə rəhmətdiy nənəm deyərdi, Teymur Əliyev dədəmin dostudur.
Kişi gülləsiynən öldü
O vaxtı Qərbi Azərbaycanda qaçax Kərəm olub. Bu da çox adlı-sanlı və cəsarətli bir adam olub. Bunun bir Bağır bəy adlı düşməni varmış. Qan düşməni imişlər. Bir-birlərini axtarırmışdar ki, kim kimin əlinə birinci düşsə, o onu vuracağ. O yerə qədər düşmən imişlər. Bir günnərim bu 70 nəfər dəlisiynən, qaçağıynan gedirmiş. Bu qabağda atnan gedər, o 70 nəfər də bunun dalısıycan, o durna qatarı kimi gələrmiş. Gəlib çıxır bi yerə, qaçaq Kərəm görür ki, aaa, Bağır bəy dəsmalın çıxarıb bağlıyıb başına, ağ köynəyinin də belinə bağlıyıb, əlində çin, biçin biçir. Tüfəngi çıxardır buna atsın, deyir, yoox, bu kişiligdən döör. Mənim əlimdə tüfəng var, onun əlində çin var. Bunu burda vursam, nakişiligdi. Gəlir deyir, Bağır bəy, salaməleyküm. O da bunu görən kimi bir həyəcan keçirir ki, indi bunu vuracağ. Bu da heç özünü biruzə də vermir. Deer:
– Əleyküməsalam.
Deer:
– Bərəkətdi olsun.
Atın sürür gedir, bu 70 nəfər də bunun ardınca. Bu qaçaxların içində bir dənə Tat Əhməd varmış. Lap axırdaymış Tat Əhməd, dalda gəlirmiş. Gəlir görür, aa, Bağır bəy burda biçin biçir. Yəqin ki, qoçu bunu görmüyüb. Çıxardır tüfəngini tarapp, bi güllə buna. Bu da 70 atlıynan hardasa bir 700-800 metrə o yana uzağlaşıbmış. Həmən güllə səsinə qayıdır. Qovur atı, görür ki, Bağır bəy qan içindədi. Tez gəlir bunu qucağlıyır, deer:
– Ə, bunu kim vurdu belə?
Tat Əhməd deyir:
– Qoçu, mən vurdum.
Deer:
– Ə, namərd, adam da adamı çörəy üstə vurar? Çıxardır mozerini bi güllə ona. Əhmədi oldürür. Bağır bəy də görür ki, məni vuranı öldürdü. Sora götürür onu qucağına deyir:
– Bağır bəy, mən səni nə Tiflisə çatdıra bilərəm, nə də Gəncəyə, bə neyniyim?
Bağır bəy deyir:
– Mən sənin mərdliyüvü gördüm, sən mənə orda Allah qüvvət versin, deyib getdün. Məni öldürəni də gözümün qabağında öldürdün. Sən çıxart o mozeri bi dənə də mənə vur. Qoy mən Tat Əhmədin gülləsiynən ölmiyim. Qoy desinnər ki, Qocu Kərəmin gülləsiynən öldü. Kişi gülləsiynən öldü, desinnər.
O da çıxardır bi güllə vurur bına.
Qapına düşmən kimi gəlməmişəm
Bi günləri də Qaçax Kərəmə deyillər ki, bəs Rusiyadan bir general gəlir, imenni səni tutmağa. Gəlib Tiflisdədi, ordan da gəlib səni tutacax. Bu Qaçax Kərəmin də arvadı hamilə olur. Deyillər ki, sən bu gecə çıxmalısan, qaçmalısan İrana. O rus generalı Tiflisdədi, saba burda olacax. Bu təxminən Qazax, Akstafa, Tovuz, Şəmkir – bu aralarda olub bu Qaçax Kərəm. Oralarda at sürürdü. Bu görür ki, arvadı da hamilədi, mən hara gedim, bu qadını necə apara bilərəm? Gedər yolda bunun halı çönər, filan, yağış da bərk yağır. Kimə tapşırım gedim mən bunu? Arvadı qoyur atın tərginə, fikirrəşir ki, məsələn, Məmməd mənim dostum var, deer öz-özünə ki, yox ona arvad tapşırmağ olmaz. Deer, qohumum var, məsəlçün, filankəs, yox ona da ümid eləmək olmaz. Nə bilim kim var, kim var. Sayır hamısın ürəyində, deer, mənim bir düşmənim var, İbrahim bəy. Düşməndi o mənnən, amma baxma düşməndi, ona arvadı tapşırmağ olar. Atın sürür onun qapısına. İbrahim, İbrahim. O da səsinnən bilir ki, bu Qaçax Kərəmdi. Deer, həəə, bu məni öldürməyə gəlib. Bu da tüfəngin götürür, çıxır çölə.
Deer İbrahim, tüfəngsiz-zadsız çıx çölə, mən sənin qapına düşmən kimi gəlməmişəm. Mən gedirəm bu gecə İrana, Rusiyadan general gəlir məni tutmağa. Mən yoldaşımı apara bilmərəm, o hamilədi. Bu gün – sabahdı, bəlkə yolda doğar. Mən arvadımı istiyirəm sənə tapşıram gedəm. Çünki bütün qohumlarımı, dostdarımı gözdən keçirtdim, olara arvad etibar eləməy olmaz. Nə deyirsən mənə? Hələ bir-birini görmüllər eeee, səsin eşidillər.
İbrahim bəy deyir:
– Mənim balamdı, gətir bıra.
Aparır arvadı verir bına, özü atın çapır gedir. Bir müddət orda qalır, bu arvad da burda azad olur, uşağı olur.
Bax belə kişilər olub həyatda. Hətta düşmənin halalına belə pis göznən baxmıyıblar.
Dostları ilə paylaş: |