Xoşbəxtlik
Hər kəsin xoşbəxtliyi onun könlü qədərdir.
Bir körpənin təbəssümü niyə bu qədər işıqlı, sirayətedici, səmimi, ürəkdolusu olur? Niyə körpələr ən kiçik şeydən xoşbəxt olmağı bacarırlar? Əslində onları xoşbəxt edən onların könüllərindəki nurdur – hələ çirklənməmiş, kobud qabıqlar altında gizlənməmiş. Bu nur nəyin üzərinə düşürsə onu da nurlandırır. Yəqin buna görədir ki, körpənin təbəssümündən hər kəsin üzü də açılır, könlü də.
İnsan böyüdükcə, qayğıları artdıqca … könlü yaddan çıxır. Hər şey yadında olur: məişət qayğıları, vəzifə, mal-dövlət, övlad. Hər şeyin yanında könülə elə az yer qalır ki… Onun nurunu görmək, sevinmək, sevindirmək elə çətinləşir ki… Hələ bu nur bütün gün düşüncəni məşğul edənləri, gündəlik həyatını, cəmiyyətin özünü sənin ruhuna, könlünə yad bir rəngdə olduğunu göstərirsə sevinmək, xoşbəxt olmaq lap çətinləşir.
Könüllə sevinmək çətinləşdikcə, «uşaq böyüdükçə», insan məcbur olur «böyüklər» kimi sevinsin – diplom alanda, övladı olanda, çoxlu pul qazananda, yüksək vəzifəyə qoyulanda, kitabı işıq üzü görəndə. Sevinir və … xoşbəxt olur. Olurmu? Olur, amma xoşbəxtliyinin ipi onu xoşbəxt edən şeyin əlində olur. O da istədiyi vaxt çəkib boğur sənin xoşbəxtliyini. İynə olub xoşbəxtliyini şar kimi partladır. Sən də bu anın qorxusunu çəkə-çəkə «xoşbəxt» olursan.
Sabun köpüyü kimi yox olan «xoşbəxtliklərə» baxanlar bəzən deyirlər: bu dünyada sevinc, xoşbəxtlik elə azdır ki!
Əslində bu dünyada xoşbəxtlik o qədərdir ki! Amma onu könül gözü ilə baxsanız görərsiniz! Könlünüzün nuru nəyə düşsə onu işığa qərq edər! Lap körpələr kimi.
Allah öz nurundan bir nur payı ayırıb sevə-sevə insana verdi, adını ruh qoydu. Bu nurun gözəlliyini duymaq, doya-doya yaşamaq üçün bir könül verdi. Könülün yaşadıqlarını, Allahdan aldığı hikməti dərk edib, başqaları ilə bölüşmək üçün bir ağıl verdi. Hər üçü bir-birini tamamlayanda, bir-biri ilə dil tapanda möhtəşəm bir harmoniya, gözəllik yarandı. İnsan bu gözəlliyin adını xoşbəxtlik qoyub. Bu üçündən ən xoşbəxt olanı yəqin ki, könüldür. Onun xoşbəxtliyini artıran hər ikisi ilə bölüşməsi, harmoniyanın yaranmasına səbəbkar olmasıdır.
Heyvan
Allahın yaratdıqları arasında tez-tez müqayisələr aparılır, bənzərliklər tapılır. İnsanı da gah gülə-çiçəyə, qoca çinara, düz qamətli sərv ağacına, gah da məğrur qartala, hiyləgər tülküyə və s.-ə oxşadırlar. Bu bənzətmələr əsasən zahirə aid olsa da, bəzən daxili keyfiyyətlərdə də paralellər aparırlar. Bizim dediklərimizlə Çarlz Darvinin insanın əcdadlarının meymun olması haqqında çoxdan iflasa uğramış düşüncələri arasında heç bir əlaqə yoxdur.
Məlum olduğu kimi, hələ orta əsrlərdə insan ruhunu nəbati, heyvani, insani növlərə yaxud müvafiq mərtəbələrə bölmüşlər. Bu, dərin və əsası olan bir hikmətdir. Lakin bizim dediklərimizin onunla da bir əlaqəsi yoxdur.
Bir filosof Darvinin düşüncələrinin puçluğunu göstərmək üçün belə bir fikir söyləmişdi ki, meymun qədər digər heyvanların insanların da əcdad olmaq hüququ var. Məsələn, ola bilsin ki, bəzilərinin əcdadı meymun, bir başqasınınkı ayı, birininki də ceyrandır. Bu zarafatda bir həqiqət var. İnsanların öz heyvani ruhlarının səviyyəsində doğurdan da, fərqli-fərqli heyvanları xatırlatmaqları heç kəsə gizli deyil.
Mən də iki heyvan haqqında bir-iki kəlmə demək istəyirəm: tarakan (ona bənzəyən adamların xatirinə onun həşərat olduğunu unudun) və qoyun.
Tarakanlar. Mətbəxlərin ən üzlü, ən iyrənc, ən tez artan «sakinləri». Bəlkə də onlar başqa yerlərdə də məskunlaşırlar, lakin nədənsə tarakan deyəndə birinci yada düşən mətbəx və qida olur. Tarakanları öldürmək üçün onlara bir kimyəvi maddə verirlər. Maraqlıdır, bəzi tarakanlar ölür, ancaq bəzilərində bu dərmana qarşı nəinki immunitet yaranır, hətta onlar bu dərmanı yeyib kökəlməyə, daha sürətlə artmağa, böyüməyə başlayırlar. Buna elmi dildə mutasiya deyirlər.
Belə insanlar da var. İlk dəfə başına dərd gələn insan sonralar bu dərdlərə, problemlərə elə alışır ki, bu həyat onlar üçün normal hala çevrilir. Hətta onları bu haldan çıxardana belə nifrətlə, acıqla baxırlar, onların «rahatlığını» pozduğuna görə ondan uzaqlaşır, ona düşmən kəsilirlər.
Qoyun. Təmizliyi sevən, sahibinə ən az problem yaradan, ən çox xeyir verən, Allah yolunda qurbanlıq üçün seçilən ev heyvanı. Eyni zamanda. Heyvanlar arasında, mənim bildiyim qədər, yalnız qoyun öz ölümünə rahat-rahat tamaşa edir, hətta altdan yuxarı bayaq yanında otlayan tayının soyulmağını müşahidə edir. Mən bilmirəm o qoyun nə hisslər keçirir, ancaq onun gözlərində nə qorxu görmək mümkündür, nə təlaş.
Bəzi insanlar yoldaşlarının başına gələnləri məhz yoldaşı üçün nəzərdə tutulduğunu zənn edir və heç cür eyni şeyi özünün də yaşayacağını qəbul edə bilmir. Rahat-rahat onun «edam olunmağına» tamaşa edir və özünün də xəbəri olmadan … öz qurbanlıq vaxtını gözləyir.
İnsan bir bioloji varlıqdır və onda heyvani xüsusiyyətlərin olması təbii görünə bilər. Qeyri-təbii, daha doğrusu, dəhşətli olan heyvaniliyin insaniliyi üstələməsi, hətta unutdurmasıdır.
Dostları ilə paylaş: |