Ruhdan gələn işıq
Şekspir öz sonetlərində müqayisələri ilahiyyat kontekstində deyil, hissi dünyanın obrazları vasitəsilə aparır. Qaranlığın nur saçmaq imkanı da «qara gözlər» vasitəsilə ifadə olunur.
Nur saçır üzünə odu, atəşi,
Necə də yaraşır gözlər hüsnünə.
Axşamın ulduzu, sübhün günəşi,
Belə yaraşmayır göyün üzünə.
(132-ci sonet)
Bununla belə, Şekspir asanlıqla konkretdən ümumiyə keçir. «Nurdan işıqlıdır zülmət cahanda», – deyən şair, görünür, qaranlığın öz bətnində saxladığı, hələ doğulmamış böyük potensial imkandan bəhs edir.
İbn Ərəbinin «Məkkə aydınlanmaları»nda oxuyuruq:
İçində dünyanın nizamı olan bu qayanı
qaranlıqlar bürüyüb;
Əzəmətli qüdrətə sahib İlahi ruhun qüvvəti
gəlib burda toplaşıb!
Bəli, «ruh haqqında insana çox az bilik verilmişdir» (Quran 17/85). Bu baxımdan, iç dünyasında qaranlıqların olması da təbiidir. Müasir fəlsəfədə bu sahə «qeyri-şüuri», yaxud «aydınlanmayan şüur» anlayışları ilə təqdim olunur.
Ramiz Rövşənin bir şeirində isə qaranlığın ünvanı kimi insanın daxili aləmi göstərilir. Lakin bu qaranlıq da iki cür olur. Birincisi, özündə bir işıq saxlayan və içərisindən yeni sözlər doğan bir qaranlıq; aydınlıq özü qaranlığın inkişaf məqamı kimi! İkincisi, hər cür sözə yad olan və sözlərin ondan qəfəs kimi xilas olmağa çalışdığı və qurtularkən aydınlığa çıxdığı qaranlıq:
İçimin qaranlığından
Çıxır sözüm aydınlığa.
(«Aydınlıq»)
Zəlimxan Yaqubda da işığın məhz zülmətdən doğa bilməsi imkanı önə çəkilir, qaranlığın dialektikası yığcam şəkildə ifadə olunur:
Dünyanın ən parlaq,
gur işıqları
Çox vaxt zülmətlərin
içindən çıxır. («Peyğəmbər»)
İçimizdəki zülmət ilahi qüdrət, nurlanma, ilahi ilham sayəsində hər an işıqlana bilər və onun heç də bir boşluq olmadığı, nə qədər böyük bir yük daşıdığı üzə çıxar.
«Dünyanın nizamı» – işıqdır. Qaranlıq isə hələ nizamlanmamış, qaydaya salınmamış, deməli, yaradılmamış dünyadır. Əvvəlcə dünya yaradılır, yəni xaos nizamlanır, qaranlıqlar işıqlanır. Sonra bu qaydanı, bu nizamı, bu işığı bilik kimi, konsept kimi özündə saxlayan insan yaranır.
Fəlsəfi etüdlər
Dostları ilə paylaş: |