Qaranlığın işığı
Ənənəvi Şərq fəlsəfəsində, xüsusən işraqilik təlimində, ən ali varlıq İşıqlar işığı hesab olunur. Əbu Turxan yazır: «Yalnız işıq vardır, qaranlıq işığın yoxluğudur». Eyni zamanda dünyanın məhz yoxluqdan var olması fikri təkcə fəlsəfədən və dindən gəlmir; müasir fizika da yoxluğun varlığa, virtual zərrələrin real zərrələrə çevrilməsindən bəhs edir. Bəli, indiki fizika artıq lirika səviyyəsinə çatmışdır.
Lakin fizika nə qədər dərinə getsə də, «qaranlığın işığı» ideyasına ancaq indi-indi yan alır. Şairlər isə əksliklər arasında dərin daxili əlaqəni, görünür, fəhmlə duyurlar.
«İnsan səsi qaranlıqdan çıxır», – deyən Vaqif Səmədoğlu, görünür, diqqəti səsin işıqlı missiyası ilə onun qaranlıq mənşəyi arasındakı kontrasta yönəldir. Belə ki, digər varlıqlardan fərqli olaraq insan sadəcə səs çıxarmır, onun səsi strukturlaşmış, mənalaşmış və sözlər şəklində vahid bir nizam üzrə düzülmüşdür. Bunu qaranlıqdan çıxan səsin fikir işığına bürünməsi kimi də, iç dünyasında qeyri-aşkar şəkildə olan təhtəlşüurun sözlə ifadə olunmaqla aşkarlanması kimi də şərh etmək olar. Əlbəttə, şair öz qarşısına bəlkə də belə təfərrüatları ifadə etmək məqsədini qoymamışdır. Lakin misranın tutumu və çoxmənalılığı onu müxtəlif kontekstlərdə başa düşməyə imkan verir.
İnsan da gecənin və qaranlığın davamı kimi təqdim olunur:
Ana bətninin gecəsindən
Dünyaya gəlir insan.
Bu davam özündə həm gecəni, həm də gündüzü, işığı saxlayır. Lakin insanın gəldiyi dünya doğurdan da, işıqlıdırmı? Maraqlıdır ki, Əbu Turxan tam tərsinə, bu dünyanın qaranlığından, iç dünyasının isə işığından yazır:
...Ana təbiətin işığımı azalır,
Yoxsa içimdəki işıq
ona kölgəmi salır?! –
Deyə bilmərəm, ancaq
işığım artdıqca
bu fani dünya sanki qaralır…
Ramiz Rövşəndə də gecə sadəcə qaranlıq olmayıb, sabahı bətnində gəzdirən mürəkkəb bir fenomendir:
Bir gecənin qaranlığı
Yüz-yüz çıraqdan böyükdür.
Düzdür, burada hələ qaranlığın işığından bəhs olunmur, amma onun lokal işıqlardan qat-qat böyük potensiala malik olmasına işarə edilir. Qaranlığın böyük enerjisi varsa, bir gün işığa da çevrilə bilər.
Dostları ilə paylaş: |