Həyat toru
Sən saydığını say, gör fələk nə sayır.
Atalar sözü
Bəli, kəsilməz tarix hansı isə xalqın müəyyən dövrdə mütəşəkkil bir ictimai sistem kimi, müntəzəm bir proses olaraq inkişafını əhatə edir.
Doğuluş, inkişaf və süqut.
İnsan doğulur, yaşayır və ölür. Lakin bir insan ömrü həmin insanın daxil olduğu ictimai münasibətlər sistemi, bu insanın yaxın və uzaq müddətə planlaşdıraraq həyata keçirdiyi hadisələri, onun ideyalarının realizasiya proseslərini əhatə edir.
Cəmiyyət sanki bir hörümçək torudur. Onun müxtəlif hissələrində bu və ya digər konkret şəxslərin fərdi və sosial qrup halında fəaliyyətləri əks olunmuşdur. Bəzi hissələrdə bu tor çox sıx və möhkəm hörülmüş, bəzi hissələrdə isə ya seyrək, ya da mafraqdır. Hər bir fərdi ölüm hadisəsi but orun müəyyən bir guşəsini zəiflədir: əvvəlki sosial münasibətlərin həmin adamla bağlı qolları qırılır… Kimi isə götürüb onun yerinə qoymaq və hər şeyi əvvəlki kimi saxlamaq qeyri-mümkündür. Yaranan boşluqların doldurulması, əvəzlənməsi bir növ təmir edilməsi və ya ona yamaq vurulması kimidir.
İnsan yalnız özü ölmür. Onun başladığı və müəyyən ərəsəyə gətirdiyi bir çox işlər yarımçıq qalır. Obrazlı desək, onlar da ölür…
Kiçik müddətli planlar və onların realizasiyası insanın həyatda başladığı və başa çatdırdığı işlərin geniş şəbəkəsini yaradır. İnsan öləndə də onun tamamladığı işlər qalmaqda davam edir. Amma yarımçıq işlər qala bilmir. Çünki yarımçıq olan tamamlanma impulsunu yalnız ideya müəllifindən ala bilərdi. Bu başqa məsələ ki, hər bir şəxs geniş miqyaslı fəaliyyət proqramı həyata keçirərkən əgər bu işin özündən sonra da davam etməsini istəyirsə, özünə sanki bir dublyor hazırlamalı, yaxud bütöv planı, ideyanı özündən başqa kimlərinsə bilməsini təmin etməlidir. Əks təqdirdə insan özü ilə bərabər çoxlu sayda tamamlanmamış ideyaların da ölümünə səbəb olur. Qərbdə plan, program, layihə əvvəlcədən çəkilir, yazılır, şəxssizləşir və sonra həyata keçirilir. Əgər planın, sxemin yazılı variantı varsa, o özü müstəqillik əldə edir və müəllifi daha uzun müddətə əvəz edə bilir.
Özündən sonra yaşamaq ideyaların yaşamasını təmin etməkdir.
Cəmiyyətə açılmayan, dublyor (mürid, şagird) hazırlamayan, öz ideyalarının başqa ünvanlarda da yaşamasını sağlığında ikən təmin etməyən insanların ölümü onun daxil olduğu ictimai mühitdə, çalışdığı layihələrdə yarımçıqlıq yaradır və cəmiyyət üçün böyük itkilərə səbəb olur.
Dostları ilə paylaş: |