İdeya, psevdoideyalar, «bum»lar…
Fəlsəfənin əsas məsələsi ideya (mahiyyət) ilə hadisə arasında münasibətdir, onların dialektikasıdır.
Həm də bəzilərinin (marksizm) dediyi kimi, ilkinlik məsələsi yox, sadəcə olaraq qarşılıqlı keçidlər, dinamik proses – dialektika.
Biz yuxarıda insanı öz ideyasının reallaşdırılması üzrə fəaliyyəti və başqa ideyalar üzərində qurulmuş hadisələrə qatılmasını fərqləndirdik.
Lakin öz ideyası olmaq asanmı şeydir və bu ideya nədən ibarət ola bilər? Bəzən kənar ideya daha məzmunlu, cəmiyyət üçün daha faydalı ola bilər və qatılmağı bacarmaq da, özəllik xatirinə cəmiyyətdən, ümumi hadisələrdən ayrılmaqdan üstün ola bilər…
Lakin insanın özünün böyük ideyası (ideyalar sistemi, mükəmməl bir təlim, proqram və s.) olmadıqda və ya hətta ona da, çox vaxt o, hadisələr dünyasından «ideya» əxz edir… Yəni nəfsin hökmü ilə müəyyən hadisələrə qatılan, özünü təbiətin, biosferin bir hissəsi ondan təsdiqi prosesində də həmin hadisələrdən əxz olunmuş ideyalar (psevdoideyalar) plana bir müddət hakim kəsilər. Yaxud ictimai miqyaslı hadisələrə qatılarkən həmin kənar ideyanı özününküləşdirməklə bir müddət də həmin ideya ilə yaşamaq mümkündür. Yaxud artıq hadisələrə qatıldıqdan sonra, onların axarına düşdükdən sonra – onu öz ideyanın reallaşması kimi qəbul edirsən – kənar ideya özəlləşdirilir.
Hadisələr dünyası ilə, nəfslə, ictimai nəfslə şəxsi ideya (mahiyyət?) arasında əks-əlaqə prosesləri yaranır…
Psevdoideyalar (maddiləşmə, nəfsləşmə, biolojiləşmə) və «ideyalaşmış» hadisələr.
Onların dialektikası….
Özünütəsdiq
Uşaq nə isə gözəl bir əşyanı qırır, dağıdır – və bundan həzz alır – «mən qırdım, özüm qırdım». «Niyə qırdın, qırmaq olmaz, bu yaxşı şeydir, lazımlıdır və s.» – nəsihətlər, tövsiyələr. Ancaq bu heç də sadizm təzahürü deyil, …Sadəcə nəyi isə yarada bilsə, qura bilsə, əlbəttə, daha çox həzz alar, lakin hələlik bacardığı ancaq budur.
Lakin uşağı həmin anda qırdığı şey, onun nə olduğu maraqlandırmır, onu öz ideya – əzələ qüvvəsi, nə isə dəyişə bilmək, nə isə edə bilmək, – özünütəsdiq maraqlandırır. Nəyi isə yandırmaq, nəyi – fərqi yoxdur. Onu yarada bilər, yoxsa yox, – bu maraqlandırır.
Uşaq böyüyür, yaşa dolur – praqmatiklik, xarici hadisələri dəyərləndirmə, «obyektin təsdiqi», «ictimai dəyərin» təsdiqi, sərvətin təsdiqi… ictimai meyarlardan çıxış edilməsi və s. və s. – bütün bunlarla yanaşı onun fəaliyyətinin strukturunda «özünütəsdiq» məqamı az və ya çox dərəcədə həmişə yer tutur.
Böyüklər də bəzən özündən güclü, böyük və s. şəxsə zərər vurmaqla, hansı isə böyük, məqsədyönlü, mürəkkəb bir prosesə mane olmaqla … – fəxr edirlər.
Çünki özünütəsdiq başqa variantlarda çətin olduqda qırmaq, dağıtmaq, əngəl törətmək daha asan yollu…
Dostları ilə paylaş: |