2.3. Amerika ingiliscəsi və dialektlərinin korpusda təsviri
ABŞ-da danışılan ingilis dili Amerika ingiliscəsi adını daşıyır. İ.V.Arnolda görə: “Amerika ingiliscəsi regional variant olduğundan onu dialekt adlandırmaq olmaz. Bu variant standart ingiliscədən qaynaqlanır, normalaşmış ədəbi dil forması (American National Standart) mövcuddur” [93, s.265].
ABŞ-da ingilis dili əsas dil hesab edilir, bu dildə danışılır və bu dildə tədris gedir. Lakin, bu dilin dövlət dili olması barədə heç bir qanun mövcud deyil. İngilis dili ölkədə dövlət dili rolunu oynayır və məktəb proqramına onun öyrədilməsi daxil edilir. Amerika ingiliscəsinin Amerikanın özü kimi çox maraqlı inkişaf tarixi vardır. 3 əsr yarımlıq dövr Amerika ingiliscəsinin lüğət fondunda əksini tapır. “Blue laws, sunbonnet, law cabin, forty-niner, hash house, motel, baby-sitter” kimi sözlər və terminlər Amerikanın keçmişi və indisi haqqında məlumat verir. “Amerika ingiliscəsi ölkənin sərhədləri daxilində qalmır, bir çox sözlər (OK, telephone) dünya dillərinə keçir” [135, s.4].
Amerika ingilis dili XVII əsr Britaniya ingiliscəsindən meydana gəlmişdir. Maraqlıdır ki, hal-hazırda Britaniya ingiliscəsində işlənən bəzi sözlər, idiomlar Amerika ingiliscəsində artıq işlənmir və ya əksinə, Amerika ingiliscəsində hələ də yaşayan idiomlar, söz və ifadələr Britaniya ingiliscəsində artıq yoxdur.
Amerika ingiliscəsi ayrıca dil deyil. Bu variantın özünə məxsus qrammatik quruluşu və söz bazası mövcud deyildir. Amerikanizm ABŞ-da danışılan ingilis dilinə məxsus olan söz və söz birləşmələri kimi başa düşülür; məsələn, “cookie (biscuit), mail (post), stote (shop)” və s.
İlk dəfə olaraq “amerikanizm” terminini Con Vizerspun işlətmişdir. O, bu termini 1781-ci ildə Mayın 9-u “Pensylvania Journal and Weekly Advertiser” jurnalında istifadə etmişdir. Amerika ingiliscəsinin lüğət fondu təkcə digər dillərdən bu dilə daxil olmuş və ya ilk dəfə burada işlənmiş sözlərdən (məsələn, George Eastman-ın “Kodak” və ya Oliver Wendell Holmes-in “anesthesia”) ibarət deyildir. İngilis dili özü də bu ölkədə normal inkişaf mərhələsi keçmişdir. Burada həmçinin Britaniya ingiliscəsində fərqli mənalarında işlənən sözlər də mövcuddur. Bəzi sözlər qədim ingilis dilində istifadə olunan mənalarını qorumaqdadır. Bu kimi sözlər bəzən Britaniyada anlaşılmadıqları halda Amerikada başa düşülür [135, s.6]. Amerika müstəmləkələrində “branch, bluff, foothill, pond, neck, creek” kimi sözlər hal-hazırda Britaniya ingiliscəsində istifadə olunduqları halda Amerika ingiliscəsində artıq çox az işlənir. Bu erkən amerikanizmlərin bəziləri İngiltərədə dialekt sözlər hesab olunurlar. Məsələn, “bluff” gəmiçilikdə istifadə olunan söz, sifət funksiyasını daşıyırdı. Sonralar bu sözün mənası dəyişərək gəminin gəldiyi sahil və ya qayalıq mənasını verməyə başladı. XVII əsrin sonlarından söz Amerika ingiliscəsində isim rolunu daşımağa başlamışdır. “Greek” sözü Britaniya ingiliscəsində dənizin kiçik qolu mənasını verdiyi halda Amerikan ingiliscəsində bu sözün mənası kiçik cərəyan deməkdir. “Pond” İngiltərədə hovuz mənasını verdiyi halda Amerikada kiçik göl deməkdir.
İngilis dilinin Amerika variantı Britaniya ingiliscəsindən fərqlənir. Başqa ölkələrdən “yeni dünya”ya xoşbəxtlik tapmaq üçün gələn müxtəlif savadsız xalqlara ünsiyyət üçün asan bir dil lazım idi. Bu, Britaniya ingiliscəsinin qrammatik quruluşuna, tələffüzünə və ən əsası lüğət fonduna görə çox fərqlənir. Qeyd edək ki, ingilis xalqı “British English” terminini qəbul etmirlər. Onlar, ümumiyyətlə, variantlığın əleyhinədirlər.
“Amerika ingilis dili tacirlərin, yaranmaqda olan burjuaziyanın danışıq dilindən formalaşmışdır” [84, s.13]. Bu yeni ölkədə təkcə ingilislər deyil, həmçinin fransızlar, almanlar, slavyanlar, italyanlar və s. məskunlaşmışdılar. Yeni xalqlara ünsiyyət üçün yeni, asan bir dil gərək idi. Bu da yeni yaranmış Amerika ingilis dili oldu. Orijinal ingilis dilindən fərqli olaraq Amerika ingilis dili dəyişikliyə meyilli və yeniliklərə daha açıq bir dildir.
Heyvan, quş, balıq, bitki və ağac nominantlarının əlavə edilməsi ilə yeni sözlər yaradılırdı. Məsələn, “mockingbird, bullfrog, catfish, foxgrape, ground pea, blue grass, eggplant, popcorn” kimi sözlər bu qəbildəndir. “Black” və “blue” elementlərini əlavə edərək yeni sözlər yaradılmışdır.
Amerikada qırmızı sinəli quş “robin” adlanırdı. Avropada isə “robin” bir az kiçik, sarı sinəli quşların adıdır. Virciniyada “corn” sözü qədim “grain” (taxıl bitkisi) mənasını itirərək sıyıq mənasını verir.
Amerika ingilis dilinin özünəməxsus regional və sosial dialektləri mövcuddur. Amerika ingiliscəsində İngiltərə ingiliscəsindən az dialektlər möcuddur. Ümumiyyətlə, Amerikada 3 əsas Amerika dialekti mövcuddur: 1) Yeni İngiltərə (şərq bölgəsi); 2) Cənub dialekti; 3) Ümumi Amerika dialekti.
Amerika ingiliscəsi əsasən bu dialektlərdə mövcud olan sözlərdən ibarət olduğu halda bu dialektlər bir-birlərindən qrammatik, leksik və fonetik baxımdan fərqlənirlər [51, s.221]. Qeyd etmək lazımdır ki, Yeni İngiltərədə işlənən dil qaydaları ABŞ-da cənub bölgəsində işlənmir. Yeni İngiltərədə (Amerikanı şərq bölgəsində) əsasən Afrikadan qul kimi gələn insanlar məskunlaşmışlar. Ümumi Amerika ləhcəsi isə əsasən radio-televiziyanın işlətdiyi nitqdir. Bu dialekt, adətən, elmi, mədəni və biznes danışıqlarında istifadə olunur.
S.K. Tomasa görə, “Amerika və Britaniya ingiliscəsini təhlil etmək üçün yetəri qədər material var. Bunlardan biri də Birləşmiş Ştatların və Kanadanın linqvistik xəritəsidir” [133, s.85].
Birləşmiş Ştatlarda 50 ştat olduğundan onların hər birinin özünə məxsus danışıq fərqləri mövcuddur. Baxmayaraq ki, standart Amerika ingiliscəsi əsas dialekt sayılır, digər dialektlər, məsələn, Boston ingiliscəsi, Nyu-York ingiliscəsi və s. də Birləşmiş Ştatlarda geniş yayılmışdır.
1949-cu ildə Hans Kurat cənubi Karolinada və Atlantik okeanı sahillərində 18 linqvistik bölgə aşkar etmişdir. O, bu bölgələri 3 qrupa bölərək Birləşmiş Ştatların şərqi coğrafi linqvistik xəritəsini hazırlamışdır. Bu xəritəyə əsasən Birləşmiş Ştatların dialekt bölgüsü 6 regiona bölünür.
“1. Şərqi Yeni İngiltərə dialekti. Bu Missisipi çayının sahili ərazisi hesab edilir. Bu bölgənin dialektinin özünəməxsus xüsusiyyəti “a” hərfinin bəzi sözlərdə fərqli tələffüz edilməsidir. Məsələn, “fast [fa:st], past [pa:st], grass [gra:s]” və s. Bu bölgədə “o” hərfi [o] kimi, məsələn, “hot [hot], top [top]” kimi tələffüz edilir. “r” hərfi isə tələffüz edilmir. “Car [ka:], hard [ha:d]” və s. Düşünürük ki, bu, İngiltərənin və keçmişdə burada məskunlaşmış ingilis xalqının təsiri nəticəsidir. Onlar standart ingilis dilinin burada yayılmasına səbəb olmuşlar.
2. Nyu-York şəhəri dialekti. Bu, Yeni İngiltərə dialektinin bir hissəsidir. Qeyd etmək lazımdır ki, Nyu-York şəhərinin ayrı-ayrı hissələrində müxtəlif tələffüzlər mövcuddur. Fikrimizcə, Nyu-York əsas sənaye şəhəri olduğundan və Birləşmiş Ştatların ən məşhur şəhəri olduğundan burada müxtəlif xalqlar mövcuddur. Bu səbəbdən də onların dilinə həm bir-birlərinin, həm də yerli xalqın danışıq tərzləri təsir edir. Elə buna görə də Nyu-York şəhərində dialekt variantlığı mövcuddur. Məsələn, “curl [kᴣ:l], soil [sᴣ:l]” və s. Düzgün tələffüz isə [soil] olmalıdır.
3. Orta Atlantik dialekti. Bu, Pensilvaniyanın şərq bölgəsi, şimali Midlənd və Nyu-Jersinin cənub bölgəsidir. Ərazinin dil xüsusiyyəti odur ki, onlar bir sıra sözlərin tələffüzündə səsləri əvəzləyirlər. Məsələn: “hot [hʌt], top [tʌp]”. a [ei] saitini [ᴂ] kimi tələffüz edirlər. Məsələn: “ast [fᴂst], ask [ᴂsk], grass [grᴂs]”.
4. Qərbi Pensilvaniya dialekti. Bu linqvistik bölgənin əsas xüsusiyyəti odur ki, dialekt ümumi Amerika tələffüzünün bütün qaydalarını qəbul edir. Bu o deməkdir ki, “a” [ᴂ] kimi tələffüz olunur. Məsələn: “ast [fᴂst], ask [ᴂsk], grass [grᴂs]”. “r” səsini hər yerdə tələffüz edirlər. “Car” [ka:r]
5.Cənubi Aplənd dialekti. Bəzən bu ərazinin sərhədlərini müəyyən etmək olmur. Vircinya və cənubi Karolina sahilləri bu əraziyə daxil edilir. Ərazinin bəzi regionlarının tələffüz qaydası Yeni İngiltərədə olduğu kimidir. Bölgənin tələffüzündə əsas xüsusiyyət [r] səsinin bəzi sözlərdə tələffüz edilməməsidir. Məsələn, “hard” [ha:d]. Buna baxmayaraq “o” hərfi [ʌ] kimi tələffüz edilir. “a” isə [ᴂ] kimi: [hʌt], [grᴂs]və s. Dialektin başlıca xüsusiyyətlərindən biri [au] diftonqunun “out” sözündə [əu] kimi səslənməsidir; “out”- [əut]. Bir hecadan ibarət sözlərin bəzilərində son samitin tələffüz olunmaması da bu dialektə məxsusdur; “last [lʌs], kept [kep], find [fain]” və s.
6. Ümumi Amerikan dialekti. Bu dialekt aşağıdakı xüsusiyyətlərinə görə səciyyələnir: a) “a” hərfi [ᴂ] kimi tələffüz olunur:” fast” - [fᴂst]; b) Dodaqlanan “o” dodaqlanmayan [ʌ] kimi tələffüz olunur: “hot” - [hʌt]” [113, s.80].
Ümumi Amerikan ingiliscəsi əsasən Nyu-York və cənubi Nyu-Yorkda danışılır. Filadelfiyada “baby-coach” birləşməsi istifadə edilir. Burada [r] səsi “world” kimi sözlərdə tələffüz edilir: [wᴣ:rld] Ümumi Amerikan ingiliscəsi ABŞ-ın 2/3 hissəsində istifadə olunur [112, s.95].
Müxtəlif dialektlərin özünəməxsus xüsusiyyətlərini araşdırmaq üçün ilk öncə burada yaşayan insanların kökünü öyrənmək lazımdır. Araşdırmalar göstərir ki, ilk öncə İngiltərədən Vircinyaya 687, Yeni İngiltərəyə 1291 ailə gəlmişdir. Bu ailələr öz danışıq tərzlərini və tələffüzlərini saxlamış, bəzi sözlərdəki dəyişikliklərə baxmayaraq, onlar əsasən sözlərin orijinal formasını qorumağa çalışmışlar. Məsələn, Bostonda “tonic” sözü spirtsiz içki mənasındadır. Şimal bölgəsində maşını saxlamaq mənasında “to park a car” işləndiyi halda, digər bölgələrdə bu termin “rank a car”, cənubda “file a car” kimi işlənir. Elə sözlər də var ki, Amerikanın hər bir bölgəsində anlaşılır [112, s.95].
Amerikan ingiliscəsinə maraq Amerika dialekt cəmiyyətinin yaranmasına səbəb olmuşdur. 1889-cu ildə “The dialect notes” adlı jurnalı bu cəmiyət çap etmişdir. 1919-cu ildə isə H.L.Menken “American English” adlı kitabını nəşr etdirdi. Kitabda çox sayda variantlar mövcuddur. Bir neçə il sonra Amerika ingiliscəsi əsas problemlərdən birinə çevrildi və bundan sonra məsələyə toxunan bir sıra kitablar işıq üzü gördü.
Amerikada müxtəlif dialektlərdə danışsalar belə, əksəriyyət yaşadıqları ərazilərdə ümumi nitq qaydalarına əməl edir. Massaçutsets Bay ətrafında məskunlaşmış insanların təxminən 2/3-sinin nitqində İngiltərənin, əsasən şərqi İngiltərənin nitq xüsusiyyətləri hiss olunur. Massaçutsets Baydan sonra Yeni İngiltərə və Orta Atlantik sahillərində məskunlaşma başlamışdır. Tədricən çox sayda miqrantlar Nyu-Yorka, şimalı Pensilvaniyaya və Böyük-Göl ərazilərinə köçməyə başladılar. Bu insanlar özləri ilə adət-ənənələrini, inanclarını və dillərini də özləri ilə aparırdılar.
Amerikanın Midlənd bölgəsində [r] səsinin tələffüzü şimali Britaniya ingiliscəsindən zəif hiss olunsa belə bəzi sözlərdə tələffüzünü saxlayır. Məsələn, “board, door, farm” və sair kimi sözlər. Bu bölgə digər bölgələrdən fermer təsərrüfatı və ev təsərrüfatı ilə bağlı sözlərin tez-tez işlənməsi ilə seçilir. “Sook” və ya “sookie” (inəkləri haraylayarkən işlənən sözlər), “frying pan” və s.
XVIII əsrdə standart Britaniya ingiliscəsində baş vermiş dəyişikliklər Amerika ingiliscəsinə təsir etməmişdir. İstisna olaraq şərqi Yeni İngiltərədə hələ də [r] səsi öz yerini saxlamaqdadır. Məşhur İsveç dilçisi Eilert Ekval söyləmişdir: “Amerika tələffüzü təmamilə Britaniya tələffüzünün inqilab dövründəki səviyyəsində ilişib qalıb. Buna baxmayaraq müasir Britaniya tələffüzü o dövrdən bəri çox irəliləmişdir” [105].
Filadelfiyalıların özlərinə məxsus, Londondan asılı olmayan mədəniyyətləri vardır. Filadelfiyadan kənarda, Midlənddə məskunlaşan şotlandlar və irlandlar da həmçinin London ingiliscəsi ilə maraqlanırlar. Onlar Londonun standart ingilis dilini bilsələr belə ona hörmətlə yanaşmırdılar, onu sevmirdilər.
Midlənd bölgəsində dəqiq müəyyənləşmiş sosial dialektlər müvcud deyildi. Əvəzinə, orada orta təbəqəyə məxsus ali, ümumi dil mövcud idi. Bu dil şimal və cənub bölgələrin dillərindən bir çox xüsusiyyətlərinə görə fərqlənirdi [135, s.68].
Bəzən sözlər bölgələrə görə fərqli ifadə oluna bilir, məsələn, ölkənin bir hissəsində “sidewalk”, digər bir bölgədə “pavement” kimi, bəzi bölgələrdə isə “pavement” sözü “street” və ya “road” kimi adlana bilər. Dilin bu cür tarixi, sosioloji və coğrafi fərqli xüsusiyyətləri çox maraqlıdır.
Sosial şəbəkələrdə cavan nəsil bir-birləri ilə yazışır və bununla da iki variant arasında anlama çətinliyi getdikcə aradan qalxır.
Lakin, bəzən tərcümə zamanı səhvlər də yarana bilir. Texasdan olan Dan Henderson belə nümunələri toplamışdır. Məsələn, məşhur futbol klubu “New Orlean Saints”–ın məşqçisi Bum Filipsin adı uzun müddət britaniyalılarda gülüş doğururdu. Çünki, “bum” sözü amerikanca atılmış, evsiz-eşiksiz deməkdir. Britaniya ingiliscəsində isə bu sözün mənası aşağı təbəqə lüğətinə aiddir [111, s.5].
Burdan aydın olur ki, professional səviyyədə xarici dillə məşğul olarkən Amerika və Britaniya ingiliscəsi arasındakı fərqi dəqiq araşdırmaq lazımdır. Məhz bu səbəbdən mövzu dilçilər üçün çox aktualdır. Dil başqa ölkələrə, xalqlara, mədəniyyətlərə, dünyadakı insanların fikirlərinə, siyasi vəziyyətlərə təsir edə biləcək vasitələrdən biridir [61, s.95].
Amerika ingilis dilinin tarixi XVII əsr ingilis dilinin ilk rüşeymlərinə əsaslanır. Bu dövrü iki mərhələyə bölmək olar: 1) Erkən dövr- (XVII əsrin əvvəli- XVIII əsrin sonu). Bu dövrdə ingilis dilinin Amerika dialektləri formalaşmağa başlamışdır; 2) XIX-XX əsrin əvvəllərində Böyük Britaniya şimalı Amerikada ilk müstəmləkələrini yaratmışdır. Beləliklə, ingilis dili ilk dəfə Amerikaya yol açmışdır. İlk ingilislər 1607- ci ildə Virciniya ştatında yerləşən “Jamestown” ərazisində məskunlaşmışdılar. Bu vaxta qədər artıq Amerikada digər xalqlardan olan insanlar məskunlaşmışdılar. Hindlilər, ispanlar, fransızlar, afrikalılar və digər xalqlar artıq burada yeni bir dilin formalaşmasına təkan vermişdilər. Müxtəlif xalqların bir-biri ilə ünsiyyəti üçün vahid bir dil lazım idi. Qeyd etmək lazımdır ki, ingilis dili lüğətinin zənginləşməsində yalnız yeni sözlərin deyil, digər dillərdən də alınma sözlərin rolu vardır. Məsələn, “moccasin” (makasin), “squash” (balqabaq), “persimmon” (xurma) və s. Məlum olan sözlərin birləşməsindən yeni sözlər meydana gəlmişdir. Məsələn, “medicine-man” (Şaman) [75, s.57].
XIX – XX əsrlər Amerika üçün qonşu torpaqların işğalı dövrü idi. İlk öncə ABŞ ölkələrin müstəmləkələrini satın almağa başladı. 1803-cü ildə Fransadan Luiziananı, 1819-cu ildə İspaniyadan Floridanı, 1853-cü ildə isə Texası satın aldı. 1865-ci ildə Rusiyadan Alyaskanı alaraq öz sahəsini genişləndirdi. 1861-1865-ci illərdə vətəndaş müharibəsinin nəticəsində cənub ştatlarda quldarlığa son qoyuldu və bununla da ABŞ XIX əsrin ən öndə gedən üçlüyünə daxil oldu [56, s.47].
Ölkənin ərazisinin genişlənməsi, kənd təsərrüfatının inkişafı, immiqrantların artması, əlbəttə ki, cavan ölkənin dilinə təsirindən yan keçə bilməzdi. Bununla da xüsusi terminologiya yaradılması zərurəti meydana çıxdı:
“Railroad- dəmir yolu
Dostları ilə paylaş: |