Bonini Picin ingiliscəsi
“-What he dat ditto! Can I eat’em or wear’em.
-No fair- it be capt-crow.
-Ya-ya, what me do to me got!
Tərcüməsi:
-Onu nə etməli! Yeyə bilərəm onları, yoxsa geyə?
-Yox, o kapitandır.
-Bəli, bəli, mən nə edim, Allah!” [8, s.30]
Yamayka Picin ingiliscəsi
“God bless, massa. How poor massa do? Long live massa. Massa buy me, he won’t kill me.”
Cənubi Amerika Picin ingiliscəsi
“What for me isn’t free? No, massa shark never eat him negger here” [8, s.31].
Amerika hinduları da picin ingiliscəsini qərbi Afrikadan gəlmiş qullarla ünsiyyətdə olarkən işlədirdilər. Çünki həmin qullar ingilis dilini yaxşı bilmirdilər. Picin ingiliscəsinin yayılmasında dənizçilərin və dəniz tacirlərinin böyük rolu olmuşdur.
1848-ci ildə Amerikada qızıl sənayesinin inkişafı, qitədə çox sayda qızıl axtaranların artması dənizçilərə də təsir etmişdir. Onlar gəmilərini tərk edib qızıl axtarmağa başlamışdılar. Yaranan yeni jarqonlar hamı tərəfindən eyni dərəcədə mənimsənilmirdi, hər kəsin ünsiyyət ehtiyacını ödəyə bilmirdi. Bu da hamının başa düşəcəyi ümumi bir dilin yaranması ehtiyacını doğurdu. Avropalıların yeni dünyaya gətirdiyi və yerli əhalinin çox hissəsinin başa düşdüyü bir dil kimi ingilis dilinin standartlaşması, standart dilin meydana gəlməsi, hamının qəbul etdiyi bir dilə çevrilməsi prosesi bu zərurətdən irəli gəlmişdir [8, s.33].
A.Kurat özünün topladığı bir neçə sözlə Britaniya ingiliscəsi ilə Amerika ingiliscəsi arasında regional variant olduğunu izah etməyə çalışmışdır. A.Kurat Britaniya ingiliscəsi və Amerika ingilçiscəsi arasında əsaslı fonetik fərqlər olduğunu göstərmişdir. O, eləcə də Amerika ingiliscəsində regional struktur variatının mövcud olduğunu qeyd etmişdir [94, s.49].
İlk vaxtlar Britaniyadan Amerika qitəsinə gələnlər linqvistik nöqteyi-nəzərdən çətin vəziyyətə düşmüş, müxtəlif regionlarda, müxtəlif dil variantları ilə qarşılaşmışdılar. Lakin Amerikaya “May flower” (May çiçəyi) gəmisində gələnlər öz dilləri ilə, yəni Britaniya ingiliscəsilə gəlmişdilər. Bu gəmi Amerikaya gəlməzdən əvvəl gizli olaraq 1608-1609-cu illərdə Amsterdam şəhərinə gəlir. Amsterdamdan Laren şəhərinə gedərək bir müddət orada qaldıqdan sonra həmin şəhəri də tərk etmək üçün bəhanə axtarırdılar. Bəhanələri isə başqa məkanda, yəni Lardendə uzun müddət qalmaqla onların guya öz dillərini unutmaları olmuşdur. “May çiçəyi” gəmisində gələnlərin həmin iddialarını dilçi Andryu Kurat təsdiqləyərək yazırdı: “Onlar uzun müddətə lövbər salıb dayandıqları üçün öz dillərini unutmaq dərəcəsinə çatmışdılar” [94, s.51].
Zənnimizcə, onların öz dillərini unutmaq iddiası doğrudan da çox şişirdilmişdir. Dili unutmaq təhlükəsi onları həmin şəhəri tərk etməyə məcbur edə bilməzdi. Çünki həmin gəmi Amerika qitəsinə 202 nəfər sərnişin aparırdı, onların da hamısı London dialektində təmiz danışırdılar.
Yuxarıda qeyd etdiyimiz vəziyyət ən böyük ingilisdilli qitə – Avstraliyada da baş vermişdir. Yəni Amerikada olduğu kimi İngiltərədən Avstraliyaya da böyük bir qrup immiqrant dəstəsi gəlib çıxmışdı. Buraya gələnlərin də əksəriyyəti aşağı təbəqədən olmuşdular.
Tədqiqatçıların fikrincə, bəzi qrammatik quruluşlar burada geniş işlənir. Məsələn, “build-up” (tikmək), “look-out” (baxmaq), “think about” (fikirləşmək) və s. Bu cür ifadələr ingilislərə hələ qədim ingilis dilindən məlum idi. “Lose out” (itirmək), “hurry up” (tələsmək), “fall” (payız) kimi sözlər həm quruluş, həm də məna etibarilə təmiz ingilis sözləridir.
Fikrimizcə, hər hansı sözün strukturu, yaxud mənası Britaniya ingiliscəsinə oxşamadıqda dərhal onu amerikanizm adlandırmaq səhv olardı. Bu məsələdə də ifratçılıqdan yan keçə bilməyənlər amerikanizm hesab olunan sözlərə qarşı müəyyən dövrlərdə mübarizə aparmışdılar. Ancaq süni vasitələr dilin təbii inkişafının qarşısını ala bilməmişdir.
Britaniya ingiliscəsi ilə Amerika ingiliscəsini müqayisə etdikdə qarşıya belə bir sual çıxa bilər: Görəsən, İngiltərədəki ingilis dili daha konservativdir, yoxsa Amerikada? Dil eyni dildir. Adamlar danışdıqda dili calaq edirlər, başqa sözlə, dilin elementini dəyişir, müxtəlif variant yaradırlar. Belə vəziyyət həmin dili işlədən adamın xasiyyətindən, danışıq tərzindən, həmin sözün, yaxud ifadənin onun tərəfindən necə işlədilməsindən asılıdır [118, s.1281].
Amerika ingiliscəsinin lüğət tərkibinə arxaik sözlərin daxil olması məsələsindən danışarkən ehtiyyatlı olmalıyıq. Çünki Amerika ingiliscəsində yerli əhali tərəfindən işlənən elə sözlər var ki, onlar artıq İngiltərədə işlənmədiyi halda, Amerika ingiliscəsində geniş işlənməkdədir. Məsələn, “fortnight” (2 həftə), “porridge” (sıyıq), “monger” (briqada) və s.
Dialekt haqqında danışarkən prof. C.L.Brukun aşağıdakı fikrini qeyd etmək yerinə düşər: “Dialekt dilin elə bir kiçik bölgüsüdür ki, həmin dialektdə danışan qrupun sayı ümumi dildə danışanların sayından azdır” [99, s.25]. Dialekt haqqında deyilən bu sözləri təkcə dialektə deyil, həm də slenqə, jarqona və başqa hadisələrə aid etmək olar.
İ.V.Arnold yazır: “Standart ingilis dili Böyük Britaniyanın rəsmi dilidir. Məktəb və universitetlərdə, dərsliklərdə du dildən istifadə olunur, eyni zamanda radio və televiziya verlişləri bu dildə aparılır. Bu dil hamı tərəfindən qəbul olunmuş, başa düşülən, əsərlərin yazıldığı bir dildir. Yerli dialektlər ingilis dilinin müxtəlif kiçik regionlarda danışılan variantları, normal ədəbi forması olmayan məhəlli variantlardır. Normal ədəbi dil qəbul edildıkdən sonra o dilin variantı adlanır” [93, s.162].
Britaniya ingiliscəsinin şotland variantı da məhz bu qəbildən hesab edilə bilər. İngilis dilinin regional dialektlərinin araşdırılmasında bu dialektlərin korpuslarının əhəmiyyətli rolu vardır.
Dostları ilə paylaş: |