Qumda yaşadığım 1959-60-cı illərdə yeni ərəb kitablarını oxumaq üçün Xuzistan ruhanilərindən olan Şeyx Məhəmməd Kərəmigilə gedib-gəlirdim. Biz Xəlil Cübranın1 bəzi kitablarını oxuyurduq. O zaman onun "Göz yaşı və təbəssüm" kitabını farscaya tərcümə etdim. Bu, ərəbcədən ilk tərcüməm idi, indi də qalır. Sonra Məhəmməd Qütbün və Seyid Qütbün2 bəzi yazılarını tərcümə etdim. Onların çoxunu həbsxana kameralarında farscaya çevirmişəm.
Məhəmməd Qütbün “İslam barədə şübhələr” kitabının çoxunu tərcümə etdim, sonra bildim ki, onu məndən qabaq iki dəfə tərcümə ediblər. Odur ki, qalanını tərcümə etmədim. Seyid Qütbün yazdığı “Gələcək İslama məxsusdur” kitabını da tərcümə etdim. Bu kitab beynimdə çoxlu fikirlər yaratdı və onları kitaba əlavə etdim. Bu əlavələr SAVAK-ı çox qıcıqlandırdı. Seyid Qütbün “İslam və sivilizasiya problemləri” kitabını da mühüm bir müqəddimə ilə tərcümə etmişəm.
Tərcümələrimdən biri də “Quranın kölgəsində” təfsirinin birinci bölməsinin altıncı çapının tərcüməsi idi. Əhməd Aram kitabın birinci çapını bütünlüklə tərcümə etmişdi, amma mərhum Seyid Qütb altıncı çapa çoxlu əlavələr etmişdi. Bir nəfər o kitabı 2500 tümənə tərcümə etməyimi təklif etdi. Yetmişinci illərdə maddi vəziyyətim də ağır idi. Odur ki, təklifini qəbul etdim. Mən o kitabdan çox təsirləndim, bütün duyğularımla onu tərcümə etdim. Həmçinin imamət nəzəriyyəsini cəmiyyətə düzgün və əsl İslama uyğun təqdim etmək məqsədi ilə Şeyx Razi Ali-Yasinin1 yazdığı “İmam Həsənin sülhü” kitabını farscaya çevirdim. Bunlardan başqa tərcümələrim də olub.
Dostları ilə paylaş: |