Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə20/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   16   17   18   19   20   21   22   23   ...   239

Şair Cəvahiri


Müasir ərəb ədəbiyyatı ümumi olaraq, diqqətimi cəlb etmir. Onun bəzi hissələrində ərəb zövqünə və ərəb dilinə zidd amillər görürəm. Avropa ədəbiyyatının üslub və məzmunundan təsirlənmiş nümunələri xüsusi qeyd etmək istəyirəm. Onlar nə ərəb ədəbiyyatıdır, nə Avropa ədəbiyyatı. Elə dəyişdirilmiş və təhrif edilmiş bir şeydir ki, heç bir sağlam təb onu xoşlamaz. Buna görə elə ədəbiyyat nümunəsi axtarırdım ki, alışdığım gözəl ərəb dili ilə uyğun, dil və üslub baxımından orijinal olsun.

Mən Misir, Şam və İraqın böyük və müasir yazıçı və şairlərini oxumuş və axtardığımı İraq şairi Məhəmməd Mehdi Cəvahirinin1 şeirlərində tapmışam. Cəvahiri Nəcəfin dini-ədəbi mühitində və məşhur Cəvahiri ailəsində böyüdüyünə görə ərəbcəsi və üslubu orijinaldır. Xalqın əzab və arzularını səsləndirməsi də onun şeirinin dəyərli cəhətlərindəndir. Başqa bir xüsusiyyəti zalım hakimlərə qarşı cəsur mövqeyidir. O, bundan ötrü dəfələrlə həbs olunub. Livandan olan ədəbiyyatçı dostum mərhum Seyid Məhəmmədcavad Fəzlullah1 mənə Cəvahirinin inqilabi və siyasi düşüncələri haqda danışanda bu şairə hörmətim daha da artdı. O, Cəvahirinin mərhum Məhəmmədhüseyn Kaşifül-ğitanın yanında söylədiyi qəsidəsini də mənə oxudu. Bu qəsidə Kaşifül-ğitaya güclü təsir etmişdi. Ondan o qədər xoşu gəlmişdi ki, ixtiyarsız olaraq, uca səslə demişdi: "Allaha and olsun, sən bu dövrün Mütənəbbisisən!" Cəvahiri də dərhal belə cavab vermişdi: "Şeyx, Mütənəbbi Seyfüddövlənin şairi idi, mən də Seyfülislamın şairiyəm!" Seyfülislam, yəni İslamın xəncəri dedikdə məqsədi Kaşifül-ğitanın özü olmuşdur.

Sizdən nə gizlədim, mən Cəvahirinin bəzi qəsidələrini oxuyanda ağlamışam. Bu qəsidələrin biri "Acların laylası" adlanır. Lakin elə o qəsidədə şairin dinə və din alimlərinin vəzifələrinə dair yanlış qənaətini görüb heyfsiləndim. Bəzi beytlərdə yazırdı ki, məscid imamının dediyi qəşəng moizələrlə yatın; o sizə dünyanı pis adamlara verib ancaq ibadətlə məşğul olmanızı tövsiyə edir. Mən kitabın haşiyəsinə fikirlərimi yazdım və İslamın inqilabi missiyasının şairin nəzərindən qaçdığına təəccübümü ifadə etdim. Əlbəttə, ola bilər, şairin məqsədi insanları din adı altında yatızdırmağa çalışan saray ruhaniləri olmuşdur. Əgər belədirsə, bunu şeirində bəlli etməsi yaxşı olardı.

Cavahirinin mənə güclü təsir edən qəsidələrindən biri də "Şəhid günü" qəsidəsidir. Orada deyilir:

Acizlərin hökumətinə ar olsun! Onlar hakimiyyətin yalnız qamçı və dəyənəklə davam gətirəcəyini düşünürlər. Əgər sinələr qeyzdən çatlasa, onlar çeynənmiş yarpaq kimi hər tərəfə səpələnərlər və güvəndikləri güc uçqun kimi başlarına tökülər!

Onun “Ey qaranlıq, hər yeri bürü!” qəsidəsi də mənim daxilimdə fırtına qoparmışdı:

Ey qaranlıq, hər yeri bürü!

Ey qatı duman, hər yeri sar!

Ey qara bulud, hər yerə kölgə sal!

Hərəkətsizliklərindən milçəklər də şikayətlənən çoxluqları əhatə elə!

Özləri ac ola-ola süd verməli olan keçiləri bürü!

Yağı ərimiş qarınları ört!

Müasir ərəb ədəbiyyatından oxumaq istəyəndə Cəvahirinin divanını açıram, təklikdə, ya da ərəb ədəbiyyatını sevən adamlarla birgə onun şeirlərini oxuyuram. Şairi və onun qürbətini yada salır, arzu edirəm ki, kaş bu dünyaya qayıdıb vətənindəki ucsuz-bucaqsız zülmətin çəkildiyini görəydi!

1992-ci ildə Cəvahirinin Xatirələr kitabını əldə etdim. Onu çox həvəslə oxumağa başladım və işlərimin çoxluğuna baxmayaraq, bir neçə gün ərzində bitirdim. Onun çoxlu səhifələrinə haşiyə yazmışam. Hansısa bir hadisəyə işarə vuranda divanına müraciət edib baxırdım ki, həmin hadisəni öz şeirində necə vəsf etmişdir.

Sonra onun həyat yoldaşı ilə birgə İmam Rzanın (ə) ziyarətinə gəlmək istədiyini eşitdim. Dostlardan xahiş etdim ki, ona lazımi ziyarət imkanları yaratsınlar. Lakin yoldaşı ziyarətə gəlməzdən öncə dünyasını dəyişdi.

Tapşırdım ki, Cəvahiri ailəsinə və bu ailənin şairinə hörmət olaraq, İmam Rzanın (ə) məqbərəsində ona əza məclisi keçirsinlər. Ofisimizdən bir nəfəri Cəvahiriyə başsağlığı verməyə və onu İrana dəvət etməyə göndərdik. O, dərhal dəvəti qəbul edib İrana gəldi.

Biz istəyirdik ki, şair İslamın və İslam inqilabının kölgəsi altında bir qədər yaşayıb zülm və zalım əleyhinə üsyan edən, müxtəlif quruculuq sahələrində inkişafa çalışan ləyaqətli ümməti görsün; istəyirdik ki, İslamı arzuladığı kimi canlı, aktiv, dinamik və inqilabçı görüb rahatlaşsın, ürəyi sakitləşsin və beləliklə, uzun həyat yolunu xoşluqla başa vursun. Lakin səksən ildən artıq təlatüm və keşməkeş dolu bir həyat yaşamış şairin rahatsız və gərgin ruhu necə sakitləşə bilərdi?!

O, bir müddət burada qaldı, mənimlə görüşdü, mənə və İran İslam Respublikası quruluşuna qarşı xoş hisslərini bildirdi. Bir beyt şeirlə birgə özünün Xatirələr kitabını da mənə hədiyyə verdi. Şeir belə idi:

Ey ən əziz və ən böyük olan ağam,

Mən sənə minnətdaram və sən yolgöstərənsən!

Qədir-Xum bayramında da mənə belə başlayan bir qəsidə göndərmişdi:

Ey Əbəl-Hüseyn (İmam Əli)! Sizin nəzərinizdə olan bir bayramda ətirli salamlar olsun sizə! Bu günün mövlası Əmirəlmöminin idi; bu gün də siz əmr sahibi və onun dostusunuz.

Həmçinin belə başlıqlı bir qəsidə də göndərmişdi:

Ey İran! Sevinclər içindən yenə səhər baş qaldırdı. Səhərin açıldığını elan et ki, əldən çıxmasın.

O, bu qəsidədə sükutuna görə onu qınayan bəzi qardaşlara cavab da vermişdi:

Deyirlər ki, sükut etmisən, halbuki sən bir qığılcımla kütlələrin ayıqlığını alovlandıran ən qorxunc od idin.

Lakin o, dostların sükut etdiyini görüb sükut edirdi:

Ancaq silahlarını yerə qoyduqlarını görüb, mən də silahımı cəhənnəmin dibinə atdım.

Cəvahirini belə yad etməkdə məqsədim müasir ərəb şeirinin yaxşılarına sevgimi bildirmək idi. Ümidvaram bu növ şeirlər ümmətin ləyaqətli yaşayış istiqamətində amallarını ifadə etmək məsuliyyətini yerinə yetirmiş olsun.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin