Nəvvab 1953-cü ildə Məşhədə səfər etdi, həzrət Mehdinin (ə) xatirəsi ilə açılmış Mehdiyyə adlı bir yerdə yerləşdi. Ora İmam Mehdinin doğum günü bayramlarına xüsusi diqqət ayıran Hacı Abidzadə tərəfindən təsis olunmuşdu. Nəvvab heç kimin evinə getmədi, həmin dini mərkəzdə qaldı.
Onda mənim 14 yaşım vardı və Süleyman xan mədrəsəsinin tələbələrindən idim. Nəvvabı görməyi çox istəsəm də, Mehdiyyəyə getməyə atam icazə vermədi.
Nəvvab bir gün Süleyman xan mədrəsəsinin onunla görüşmüş tələbələrinə baş çəkmək qərarına gəldi. Bu xəbəri eşidib çox sevindim. Biz Nəvvaba qəhrəmanlıq nümunəsi və İslam müqavimətinin simvolu kimi baxırdıq. İslam fədailərindən olan Xəlil Təhmasibinin1 Rəzmaranı öldürdüyünə dair xəbər yayılanda və ağa Kaşaninin bu qəhrəmanlıq münasibəti ilə onu təbrik etdiyini eşidəndə qürur hissi keçirirdim. Bilirdik ki, Nəvvabın özünə görə təşkilatı və adamları var, onlar hakimiyyətin cəlladlarını qorxuya salmışlar.
Mədrəsədə böyük bir otaq vardı. Onu süpürüb təmizlədik və qonaqlarımızı gözləməyə başladıq.
Mədrəsənin qapısı açıldı və bir qrup qonaq içəri girdi. Onların arasında Nəvvab Səfəvini axtarmağa başladım. Onu təsəvvürümdə ucaboy və enlikürək bir adam kimi canlandırırdım, ancaq əksinə, arıq və qısaboy bir adam gördüm. Başında qara əmmamə vardı, gülərüz idi, kimi görürdüsə, təbəssümlə salam verirdi. Bir seyidlə1 rastlaşanda da deyirdi ki, əmioğlu, salam əleyküm. Öz-özümə dedim: Qəribədir! Şah rejimini iflic etmiş Nəvvab Səfəvi budur?!
Görən kimi bütün hisslərimlə ona cəzb olunduğumu, onu ürəkdən sevdiyimi duydum.
Nəvvabın yanında İslam fədailərinin bir qrup üzvü də vardı. Onların çoxu gənc idi, başlarına xüsusi dəri papaq qoymuşdular. Aralarında üç əmmaməli də vardı.
Otaq adamla doldu. Nəvvab ayaq üstə dayanıb danışmağa başladı. O, məqsədləri barədə danışıb hamını İslam yolunda, İslamın ucalığı naminə şəhadətsevərliyə səslədi. Sözləri ruhuma işləyir, duyğularımı alovlandırır, məni İslamın qüdrətli və başıuca olacağı gələcəyə aparırdı.
Dostları ilə paylaş: |