İnqilabdan öncəki çətinliklər zamanı dözümlülüyü, inqilabdan sonra da sadə həyat tərzinə israrı olduqca əhəmiyyətlidir. 118
Allaha şükür olsun ki, bizim evimiz hətta adi camaatın evində olan dünyəvi bərbəzəklərdən həmişə uzaq olmuşdur. Bu isə ən çox həyat yoldaşımın sayəsində mümkün olmuşdur. Düzdür, mən həyata bu şəkildə başlamışam, yoldaşımı da bu yola yönəldib ona bu hissi aşılamışam, amma etiraf etməliyəm ki, bu sahədə məndən çox irəli getmişdir. Mən bu mömin qadının imanı və dünyaya etinasızlığı haqda çox şey bilirəm, amma onların bəzisini söyləmək yaxşı çıxmaz. Deyə biləcəklərimdən biri budur ki, heç vaxt məndən paltar almağımı istəməmişdir. Ailədə kiminsə paltara çox zəruri ehtiyacının olduğunu bildirmiş və özü gedib almışdır. 118
O, özünə heç vaxt qızıl-zinət əşyası almayıb. Ata evindən gətirdiyi və ya bəzi qohumların hədiyyə verdiyi bir qədər qızıl əşyası vardı, hamısını satıb pulunu Allah yolunda xərclədi. İndi onun adicə bir qızıl üzüyü də yoxdur. 119
Bir dəfə Məşhəddə qış yaxınlaşanda güclü soyuq başladı, əhali evləri qızdırmaqdan ötrü daş kömür almağa başladı. Bu zaman bəzi möminlər mənə pul verirdilər ki, kömür alıb ehtiyaclılar arasında paylayım. Adətən, satıcıya kömürün pulunu verir, sonra ehtiyacı olanlara deyirdim ki, gedib mağazadan götürsünlər. Həmin il pullu adamlar mənə müraciət etmədilər. Belə vaxtlarda kömür almaq üçün din alimlərinin qapısını döyən yoxsullar bizə üz tutdular. Lakin həmin il bizim evdən məyus qayıdırdılar və bu məni çox narahat edirdi. 119
Yoldaşım bunu görüb qardaşının hədiyyə verdiyi bilərziyi satmağı təklif etdi. Mən razılaşmadım, amma israr etdi. Bilərziyi imkan daxilində baha satmaq istəyirdim. Zərgərlər adətən, qızılı çəki ilə alır, əl əməyini hesablamırlar. Bu zaman təsadüfən, dostların biri bizə gəldi. Mən məsələni ona danışıb bilərziyi verdim ki, yaxşı qiymətə satsın. O, bilərziyi min tüməndən artıq qiymətə satdı və dedi: "Özüm də üstünə həmin qədər pul qoyacağam". Odur ki yaxşı bir vəsait toplandı, onunla daş kömür alıb yoxsullara verdik. 119