Mən həbs olunandan iki həftə sonra nəzarətçilərin biri həbsxanada qışqırmağa başladı: “Muştuluq! Muştuluq! Əbdülnasir öldü!" Bu xəbər mənə olduqca pis təsir etdi. 130
Burada iranlı və mübariz islamçıların üzləşdiyim maraqlı bir məqama toxunmaq istəyirəm. Biz həm Seyid Qütbü, onun inqilabi düşüncələrini çox sevirdik, həm də onun qatili olan Camal Əbdülnasiri dəstəkləyirdik. Mən Seyid Qütbün edam olunduğunu eşidəndə də ağlamışam, Əbdülnasirin ölümünü eşidəndə də! 130
Bizim Seyid Qütbü sevməyimizin səbəbi aydındır. Bu insan gözəl qələmi, əzab-əziyyətləri və uca Quran düşüncəsi sayəsində İslamı uğurlu perspektivlərə malik dinamik və inqilabi siması ilə elə təqdim edirdi ki, müsəlman öz dini ilə qürur duyur, öz səviyyəsini insanların məşğul olduqları dəyərsiz işlərdən uca bilirdi. O, öz təfsirində dinamik islami dillə elə danışır ki, oxucu hansı məzhəbdən olsa, onda öz məzhəb inancları ilə ziddiyyət görmür. Əlbəttə, bəzi sözlər Əmirəlmöminin İmam Əlini (ə) məsum bilənlərin görüşlərinə ziddir. Məsələn, şərabın haram edilməsi ayəsinin nazilolma səbəbini qeyd edərkən uydurma bir hədisə istinad etmişdir. Əlbəttə, mən onu üzrlü sayırdım, çünki o, imamı, xüsusən şərab hökmü gəlməzdən öncə məsum bilmirdi. Hər halda, bu uydurma hədisi yazmağı onun İmam Əlinin (ə) şəxsiyyətinə dair məlumatlarının qüsursuz olmadığını göstərir. 130
Bizim Əbdülnasiri sevməyimiz isə onun inancları ilə deyil, psixoloji məziyyətləri ilə əlaqədardır. Biz İranda dini və ruhaniləri təhqir edən genişmiqyaslı və qorxunc bir imperialist siyasətlə üzləşirdik. Bu siyasət dünyanın zalım dövlətlərini gözlərində böyütmüş ziyalı və gənclərdə ruh düşkünlüyü yaradırdı. Belə bir məyus şəraitdə Qərbin və Amerikanın hegemonluğuna qarşı mübarizəyə qalxan, onların qarşısında qorxmadan sözünü deyən hər kəsi cani-dildən qəbul edirdik. Əbdülnasir belə insanlardan idi. Biz onun dünyanın tağutlarına baş əymədiyini görəndə qürur hissi keçirir, "Sout əl-ərəb" (Ərəbin səsi) radiosundan çıxışlarını həvəslə dinləyirdik. İslam dünyasını, hətta bütün üçüncü dünyanı əsarət altına almış mənfur müstəmləkə caynağından qurtulmaq üçün atılan hər bir addımı dəstəkləyirdik. Bu səbəbdən, Asiyada, Afrikada və Latın Amerikasında başlayan bütün inqilabları müdafiə edir, onlarla həmrəy olduğumuzu bildirirdik. 130
Misir dövləti, Camal Əbdülnasir hakimiyyəti dövründə onun millətçi və müstəmləkə əleyhinə fikirlərinə görə iranlı mübarizlər tərəfindən sevilirdi. Bu radio regionun yeganə media qurumu idi ki, onda müstəqillik, başucalığı, imperializm və müstəmləkə, eləcə də işğalçı sionist rejimi əleyhinə fikirlər səslənirdi. 131
Yadımdadır, Liviya inqilabının qələbəsini eşidən kimi tez minbərdən bu inqilabı dəstəklədim, Liviyanın İdris adlı şəxsin hakimiyyətindən azad olunduğuna görə onu İblis adlandırıb inqilabçıları təbrik etdim. Sonra Haşimi Rəfsəncanidən eşitdim ki, o da öz məclislərində Liviya inqilabını dəstəkləyibmiş. 131
Müəmmər Qəzzafinin başçılıq etdiyi zabitlər Misir şahlığını devirmiş Camal Əbdülnasirin və Məhəmməd Nəcibin başçılıq etdiyi zabitlərdən ilham alaraq, 1952-ci ildə Şah İdrisin müalicə məqsədilə Türkiyəyə getməsindən istifadə edib çevriliş etdi və Qəzzafi qan tökmədən hakimiyyəti ələ keçirdi. 131
Dostları ilə paylaş: |