Bu səfərə dair bəzi xatirələr altıncı həbsimdən öncə İran cəmiyyətində mövqeyimi göstərir. 167
Sari şəhərində axşama bir az qalmış azyaşlı oğlum Müctəba ilə came məscidinə girdik, oturub namazın vaxtını gözlədik. Bu zaman bir gənc mənə yaxınlaşdı, diqqətlə baxıb salam verdi və heç bir söz demədən yanımda oturdu. Sonra başqa bir gənc gəlib onun yanında oturdu. Beləliklə, üçüncü, dördüncü və digər gənclər də gəldilər. Azan vaxtı sayları iyirmiyə çatdı. Mən onlardan çəkinib, SAVAK əməkdaşları ola biləcəkləri ehtimalı ilə heç bir şey soruşmadım. Onların biri yaxınlaşıb soruşdu: "Siz Xameneisiniz?" Dedim ki, bəli. Sonra məndən pişnamaz olmamı istədilər. Dedim ki, məscidin şəbistanlarında bir neçə yerdə camaat namazı qılınır - əlbəttə bu, təəssüflü haldır - nə üçün onlarda iştirak etmirsiniz? Dedilər ki, biz o pişnamazların heç birini qəbul etmirik. İranın bütün imanlı gənclərinin vəziyyəti belə idi. Onlar hakimiyyətə qarşı mübarizə aparan fədakar və inqilabçı alimləri sevirdilər, belə olmayanları və ya lazımi həddə fəallıq göstərməyənləri – hətta İslam hərəkatına qarşı müsbət fikirdə olsalar da – xoşlamırdılar. Gənclər alimlərin yalnız duyğu və fikirləri ilə qane olmurdular, onlardan fəallıq, fədakarlıq və mübarizə gözləyirdilər. 167
Onlardan soruşdum ki, bəs hər axşam nə edirsiz? Dostlarından birinin adını çəkib dedilər ki, onun arxasında namaz qılırdıq, indi isə Tehrana gedib. Onların israrından sonra namaza başladım. Digərləri də onlara qoşuldular. Namazdan sonra onlara Həmd surəsi barədə danışdım. Surəni bir neçə hissəyə bölüb hər biri barədə açıqlama verdim. Sözümü bitirib ayağa qalxandan sonra israrla bir neçə gün onların yanında qalmamı istədilər. Deyirdilər ki, ruhanimiz Tehrana gedib, bizə moizə və namazlarımıza imamlıq edəcək kimsə yoxdur. Dedim ki, mən cümə günü Məşhəddə məclisə çatmalıyam. Təəssüflə dedilər: "Kaş bizim ruhanimiz də öz məscidinə sizin kimi əhəmiyyətli yanaşaydı! O, çox vaxt bizi burada qoyub öz işlərindən ötrü Tehrana gedir". 168
Həmin səfərdə Müctəba ilə birgə Qaimşəhr şəhərində bir kitab mağazasına girdim. Bir kitabı vərəqlədiyim yerdə bir gənc yaxınlaşıb dedi: "Siz Xameneisiz?" Elə bildim SAVAK-dandır, bir az danışandan sonra arxayın oldum. Mağazanın sahibi də məni tanıdı. 168
Məşhədə qayıdanda özümüzlə bir neçə dəniz balığı da apardıq. Balıqları dənizin sahilindəki balıqçılar hədiyyə vermişdilər. Bizi görən kimi biri yaxınlaşıb öz ovundan verdi. Pulunu vermək üçün israr etdik, ancaq qəbul etmədi. Sevə-sevə və təbərrük məqsədi ilə balıqları bizə verdi. Balıqçılar bir seyidin onlarla rastlaşdığını və ovlarına şərik olduğunu yaxşı əlamət kimi qəbul edirlər. 169
Cümə günü sübhə yaxın Məşhədə çatdım. Yoldaşım səhər tezdən anasıgilə Mustafanı gətirməyə getdi. Mən də günorta getdim, nahar yeməyinə onlara qonaq olduq, sonra evə qayıdıb axşamkı söhbətə hazırlaşmağa başladım. 169
Mən camaat namazının hər rəkətində Həmddən sonra Quranın 30-cu cüzünün qısa surələrindən birini oxuyurdum. Əhli-beyt (ə) fiqhinə əsasən, namazqılan Həmddən sonra tam bir surə oxumalıdır. Adətən, Tövhid, Qədr və bu kimi qısa surələrdən oxuyurlar. Lakin mən inqilabi məzmunlu, daxili aləmə aid və İslam şəxsiyyəti formalaşdırmaq barədə surələr seçirdim. Həmin gün axşamüstü namazda oxumaq üçün Mütəffifin surəsini təkrarlayırdım ki, birdən qapı döyüldü. Qapını açanda tez-tez evimizə basqın edən çox tanış üzlərlə rastlaşdım. İcazəsiz evə girib birbaş kitabxanama doğru getdilər, əleyhimə əsas sayıla biləcək hər şeyi götürməyə başladılar. 169
Şam azanı verildi. Adətən, azandan bir qədər əvvəl məscidə gedib möminlərlə salamlaşır, hal-əhval tuturdum. SAVAK əməkdaşlarına dedim: "Azan vaxtıdır, məscidə gedib namaz qılmalıyam. Namaza gec çatsam, sizə pis olar". 169
Soyuqqanlılıqla dedilər: "Seyid, bizdən ötrü narahat olma!" Bu zaman məscidə gecikdiyimi görən qayınım evə gəldi. Ona dedim ki, bu gün məscidə gələ bilməyəcəyəm. O da hər şeyi başa düşdü. 170
Məni bir maşına mindirdilər. Yadımda deyil ki, gözlərimi bağladılar, yoxsa yox. Onlar məni zülmət kameraları olan əvvəlki həbsxanaya apardılar. Adət üzrə, əmmaməmi və paltarlarımı almadan bir kameraya saldılar. 170
Kamerada oturub keçən günləri və Məşhədə vaxtında qayıtmaq üçün israr etməyimi xatırladım. Öz-özümə düşündüm: Kaş mazandaranlı gənclərin dəvətini qəbul edib orada bir neçə gün qalaydım! 170
Ertəsi gün günortadan öncə SAVAK əməkdaşlarından biri gəlib dedi: "Əşyalarını topla!” Elə bildim, məni azadlığa buraxmaq istəyirlər. Çünki birinci gün əşyaları toplamaq mənasız idi. 170
Məni bir avtomobilə mindirib dəmiryolu vağzalında endirdilər. Bildim ki, Məşhəddən gedirəm. Lakin nə üçün qatarla? Nə üçün bu xəsislər bir təyyarə biletinə qıymayıblar? Vağzalda məni mülki geyimli iki polis təhvil aldı. Birini tanıyırdım, bizim məhəllədə yaşayırdı. Onu hər gün görür, təhlükəsizlik orqanları ilə əməkdaşlıq etdiyini təxmin edirdim. 170
Tehrana gedən qatara mindik. İkinci dərəcəli altınəfərlik kupe idi. Bizdən əlavə üç sərnişin də vardı. Polislər digər sərnişinlərə bizim adi sərnişin olduğumuzu bildirməyə çalışır, mənim məhkum olduğumu göstərən bir hərəkət etmirdilər. Mən narahat idim ki, birdən sərnişinlər bir söz deyər, özlərinə problem yaradarlar. Bu, gözlənilən idi, çünki insanlar problem və şikayətləri barədə xüsusən gənc ruhanilərlə danışırdılar. Odur ki soyuqqanlılıqla və təbəssümlə üzümü sərnişinlərə tutub dedim: "Bu iki nəfər polisdir, mən də dustağam. Onlar məni Tehrana SAVAK-a aparırlar". 170