Nöqtələr
◘Bu ayə Peyğəmbərin (s) əmisi Həmzənin iman gətirməsi ilə bağlı nazil olmuşdur. Həmzə Əbu-Cəhlin həzrət Peyğəmbərə (s) və onun əqidəsinə vurduğu zərbələrdən xəbər tutub peyğəmbəri himayə etdi. O, Əbu-Cəhli tapıb onun başına bir zərbə endirdi. Həmzə dedi: “Mən bu gündən Məhəmmədə (s) iman gətirirəm.” Həmin vaxtdan şəhadət gününədək Həmzə İslam üçün rəşadətli və imanlı bir sərkərdə oldu.
◘Quranda həm nütfə mərhələsindən əvvəlki mərhələ, həm də azğınlıq “ölüm” adlandırılmışdır.1 Eləcə də, otsuz-ələfsiz torpaq, həm müvəqqəti, həm də həqiqi ölüm “ölüm” kimi zikr edilmişdir.2
◘İmam Baqir (ə) buyurmuşdur: “Xalq arasında yolu quyudan ayırd edib göstərən nur imam və səmavi rəhbərdir.”3
Bildirişlər
1. İnsanın həqiqi həyatı iman, həqiqi ölümü isə küfrdür.
2. Hidayət Allahın işidir. Amma hidayət üçün zəminəni insanın özü yaradır.
3. Misal, sual-cavab və müqayisədən istifadə təbliğ və tərbiyədə təsirli üsuldur.
4. Mömin üçün çıxılmaz vəziyyət yoxdur. Onun cəmiyyətdə həm baxışı, həm də hərəkəti var.
5. Nur olmayan yerdə zülmətlər insanı bürüyür.
6. Haqq bir, batil isə çoxdur. (“Nur” sözü tək, “zülmət” sözü cəm halda işlədilmişdir.)
7. İman və ilahi hidayət nurundan savay bəşər üçün başqa bir qurtuluş yoxdur.
8. İnsanın öz əməllərini gözəl bilməsi onun təkamülünə və zülmətdən çıxmasına mane olur.
9. İmansız insanın əməlləri onun baxışına və təfəkkürünə təsir göstərir.
10. Kafirlərin cazibəli ixtiraları (əsrin texnoloji tərəqqisi) insanları o qədər aludə etmişdir ki, öz süqutlarını dərk edə bilmirlər.
123. ﴿وَكَذَلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْيَةٍ أَكَابِرَ مُجرِمِيهَا لِيَمْكُرُواْ فِيهَا وَمَا يَمْكُرُونَ إِلاَّ بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ﴾
“Biz, beləcə, hər bir diyarda böyük günahkarları təyin etdik ki, həmin kənd və məntəqələrdə (fitnə-fəsad,) hiylə edələr. Və özlərindən başqasını aldatmazlar. Amma anlamırlar (ki, hiylənin nəticəsi özlərinə qayıdar).”
Nöqtələr
◘Ötən ayənin nazil olma şənində Əbu-Cəhlin İslam peyğəmbəri ilə qarşıdurmasına işarə olundu. Bu ayədə buyurulur: «Əbu-cəhllərin varlığı təzə bir şey deyil. Həmişə və hər yerdə haqqa dəvət qarşısında belə günahkarlar dayanmışlar.»
Bildirişlər
1. Düşmənlərin məkr və hiylələrinə cavab vermək ilahi sünnədir.
2. Yaxşı və pislərin səyləri hamısı ilahi qüdrət dairəsindədir. (Həm günahkarlar haqqında olan bu ayədə, həm də möminlərdən danışan ötən ayədə “cəəlna” kəlməsi işlədilmişdir.)
3. Fitnə-fəsadçı rəhbərlər cəmiyyətdəki fitnə-fəsadın köküdür.
4. Məkr və hiylə günahkar rəhbərlərin üsuludur.
5. Səfa və sədaqətin əldən verilməsi, ilahi əzaba düçar olma hiyləgərlərin özlərinə vurduqları ən böyük zərbələrdir.
6. Xəstəlikdən də pisi xəstəlikdən xəbərsizlikdir. Hiylədən də pisi hiylənin nəticəsinin özünə qayıtmasını bilməməkdir.
124. ﴿وَإِذَا جَاءتْهُمْ آيَةٌ قَالُواْ لَن نُّؤْمِنَ حَتَّى نُؤْتَى مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللّهِ اللّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُواْ صَغَارٌ عِندَ اللّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُواْ يَمْكُرُونَ﴾
“Allah tərəfindən onların hidayəti üçün ayə və nişanə nazil olduqda dedilər: «Nə qədər ki, Allahın elçilərinə verilən bizə verilməyib, heç vaxt iman gətirmərik. (De ki,) Allah yaxşı bilir ki, Öz risalətini harada (kimdə) qərar versin.» Tezliklə günah edənlərə etdikləri məkr və hiylənin cəzası olaraq Allah tərəfindən zəlillik və əzab yetişəcək.”
Nöqtələr
◘Ayənin nazil olma şəni haqqında deyilir ki, kafirlərin düşünən beyni olan Vəlid ibn Müğeyrə deyir: “Mənim yaşım və sərvətim Məhəmməddən çox olduğu üçün vəhy mənə gəlməlidir.” Belə bir iddia Əbu-Cəhlin dilindən də nəql olunur.
◘İlahi vəd bir qrup küfr başçıları haqqında gerçəkləşdi. Onlar Bədr döyüşündə öldürüldülər.
Bildirişlər
1. Qüdrətli başçılar özlərini üstün saydıqlarından təkəbbür göstərir və İslamın dəvətini qəbul etmirdilər.
2. İlahi seçim meyarı ləyaqətlərdən xəbərdarlıqdır.
3. Haqq qarşısında təkəbbürün nəticəsi zillət və xarlıqdır.
125. ﴿فَمَن يُرِدِ اللّهُ أَن يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلإِسْلاَمِ وَمَن يُرِدْ أَن يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاء كَذَلِكَ يَجْعَلُ اللّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لاَ يُؤْمِنُونَ﴾
“Allah hidayət etmək istədiyi kəsin sinəsini İslam (İslam qəbulu) üçün genişləndirər. Hər kəsi (alçaq xislətinə görə) azdırmaq istəsə, sinəsini (iman üçün) bərkidir. O, sanki əzab-əziyyətlə göyə qalxar. Allah bu sayaq çirkinliyi iman gətirməyənlər üçün qərar verir.”
Nöqtələr
◘Allahın rəsulu buyurmuşdur: “Şərhe-sədr”, yəni geniş qəlb nişanəsi bir neçə şeydir: diqqət və axirətə doğru təvazökar meyl, hiyləgər dünyadan uzaqlıq, fürsət əldən çıxmamış ölümə hazırlıq.1 İmam Səccad (ə) öz növbəsində Ramazan ayının iyirmi yeddinci gecəsində bu istəklərin əks olunduğu duanı oxumuşdur.2
◘İlahi hidayət və zəlalət dedikdə hidayət səbəblərinin ləyaqətlilər üçün hazırlanması, ləyaqətsizlər üçün aradan götürülməsi nəzərdə tutulur.
◘“Sədr” dedikdə ruh və qəlb nəzərdə tutulur. “Şərhe-Sədr” haqq və hidayətin qəbulu üçün ruhun ağıl və düşüncə üfüqünün genişləndirilməsidir. Bundan ötrü həvəslərdən və nəfs istəklərindən keçmək lazım gəlir. Şərhe-sədri, yəni genişlənmiş köksü olmayan kəs sanki yuvasından bayıra çıxa bilmir. Şərhe-sədrin nəticəsi dost və haqqı qəbul edən qəlblə müşayiət olunan bəsirət və nuraniyyətdir.
◘Ayədə incə bir elmi məqamla rastlaşırıq. Ayədən aydın olur ki, haqqı qəbul etməyə hazır olmayan kəsin köksü göyə qalxdıqca oksigenin azlığından sıxıntıya düşən kəsin köksü kimidir. Haqqı qəbul etməyənin köksü eynən atmosfer qatlarını yarıb yuxarı qalxan insanın köksü kimi sıxıntıya düçar olur.
◘İmam Riza (ə) buyurmuşdur: “Geniş köksün nişanəsi Allaha təslimçilik, ona əminlik, ilahi vədlərdən sevinc duymaqdır. Dar köksün nişanəsi isə tərəddüd və iztirabdır.”3
◘Pak qəlb sahibləri üçün geniş qəlb müəyyənləşdirmək, imandan qaçan inadkarları tövfiqdən məhrum etmək ilahi sünnələrdəndir.
◘Həzrət Musaya təbliğ əmr olunanda onun ilkin duası belə oldu: «Ey Rəbbim, köksümü genişləndir.»4 Amma İslam rəhbəri dua üçün əl açmamış Allah ona geniş köks əta etdi.5
Dostları ilə paylaş: |